“14 saylı CÇM- də baş verənlər insanlıq adına utancdır”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbuslara işgəncə verilməsini pisləyir

Source:


“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbuslara işgəncə verilməsini pisləyir”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı CCM-də baş verənlər haqqında bəyanat yayıb.

Bəyanatda deyilir ki, 22 dekabr 2014- cü ildə 14 saylı CÇM- də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəsissədə vəziyyət bu gün də gərgin olaraq qalır. Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26- dan başlayaraq  vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də “kars”- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10- dan artıq məhbusu Vərəm Dispanseri olan, “Tubzon” deyilən yerə aparıblar. Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə, adıçəkilən məhkumlar sağlam olublar, vərəm və xəstəliklərdən indiyə qədər heç bir şikayətləri olmayıb. Onların “Tubzon”-a aparılması həmin məhbuslara verilən işgəncələri ört- basdır etmək üçündür”.

Bəyanatda daha sonra vurğulanır: “14 saylı CÇM- də baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq adına utanc və biabırçılıqdır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbusların saxlandığı yerlərə, həbsxanalara maneəsiz giriş imkanına malik olan qurumlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT- in Bakı ofisinə, Ombudsman Aparatına, Ədliyyə naziri yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək onları 14 saylı CÇM- nin cərimə otağında (“kars”- da) Vərəm Dispanseri olan, “Tubzon” deyilən yerdə saxlanan dustaqlarla görüşüb onların sağlıq durumu və onlara olan münasibəti öyrənməyə, diqqətdə saxlamağa çağırır.

Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin insanlıq və din adına həqarət olan 14 saylı CÇM- də baş verənlərlə bağlı öz nüfuzundan istifadə edərək müdaxilə etməsini, dustaqların həyatı üçün yaranan təhlükənin aradan qaldırılması üçün  hörmətli şeyxi müvafiq addımlar atmağa çağırırıq. Təəssüflə qeyd etmək lazımdır ki, 14 saylı CÇM- də təzyiqlərə, zorakılıqlara, işgəncələrə məruz qalan dustaqların böyük bir qismi oruc tutub, namaz qılan din adamlarıdır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bir daha dustaq Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmamasından narahatlığını ifadə edir, 14 saylı CÇM- də və digər həbs yerlərində məhbuslara qarşı həyata keçirilən, insan ləyaqətinin alçaldılması ilə müşayiət olunan zorakı və işgəncə hərəkətlərini qətiyyətlə pisləyir.

Alyans həbs yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara qarşı qanun çərçivəsində münasibət göstərilməsini, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar Xidmət əməkdaşları haqqında ölçü götürülməsini tələb edir”.

Ana səhifəXəbərlər“14 saylı CÇM- də baş verənlər insanlıq adına utancdır”