Əli Kərimli deyir ki, Niyaməddin Əhmədovdan prinsipiallığının qisasını alırlar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində 14 gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir.
AXCP-dən Meydan TV-yə verilən məlumata görə, iki həftə davam edən aclıq nəticəsində Niyaməddin Əhmədovun səhhətində ciddi problemlər yaranıb.
“Saxta ittihamla şərləyib, “terrorçu” damğası vurdular, 13 il həbs cəzası verdilər. “Kars”a saldılar, indi də aclıq aksiyası keçirmək məcburiyyətində qoyublar. Qisasçılıq, hüquqsuzluq, zülm başqa necə olur? İşıqlı bir gəncin azadlığını oğurlamağın özü də terrordur”, – AXCP funksioneri İlham Hüseyn bildirib.
Niyaməddin Əhmədov iki həftə əvvəl cəzalandırılaraq, “kars”a salınmışdı.
Məlumata görə, ona 6 günlük “kars” cəzası verilməsinin səbəbi cibindən hökuməti tənqid edən şeirin tapılması olmuşdu.
12 saylı cəzaçəkmə müəssisəsindəki mənbənin Meydan TV-yə bildirdiyinə görə, AXCP fəalı əsassız cəzalandırılmasına etiraz olaraq, “kars”a salındığı gündən etiraz olaraq, aclığa başlayıb:
“Kars”da olduğu müddətdə quru aclıq edib, su da içməyib. Çıxandan sonra su içsə də, aclığı davam etdirir”.
AXCP sədri Əli Kərimli Niyaməddin Əhmədovla baş verənlərə münasibət bildirərkən vurğulayıb ki, gənc fəaldan mərdliyinin, dürüstlüyünün, prinsipiallığının qisasını alırlar:
“Hamı bilir ki, Niyaməddin bəy vicdansızcasına şərlənərək 13 il müddətinə azadlıqdan məhrum edilib. O hara, terroru maliyyələşdirmək hara? Niyaməddin bəy istintaq dövründə çox ağır işgəncələrə də məruz qalıb. Ancaq nə məruz qaldığı işgəncələr, nə 13 il müddətinə azadlıqdan məhrum edilmək onu haqsızlıq qarşısında susmağa məcbur edə bilib. Rejim də belə mübariz, cəsur insanlara nifrət edir. Ona görə də Niyaməddin bəydən məhbəsdə də əl çəkmirlər. Karsa, salırlar, qoluna qandal vurub başını qırxırlar. Niyaməddin bəy də üzləşdiyi haqsızlıqlara xalqımızın diqqətini cəlb etmək üçün aclıq aksiyası keçirdir. Aclığın 13-cü günündə vəziyyəti pisləşib. Ona heç bir tibbi yardım göstərilmir”.
Meydan TV Niyaməddin Əhmədovun aclıq etməsi, təzyiqlərə məruz qalması barədə məlumatlara Penitensiar Xidmətdən cavab ala bilməyib.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir.
Öncə ona karantin rejimi qaydalarını pozma iddiasıyla 30 sutka inzibati həbs cəzası verilib.
Bu cəza başa çatan gün isə haqqında cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.
İddia olunub ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədov terror məqsədilə Bakıya pul göndərib, özü də sosial şəbəkələrdən terrora çağırışlar edib.
Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak etsin.
Niyaməddin Əhmədov isə bu ittihamın absurd olduğunu, Qabil Məmmədovla eyni kənddən olmalarından istifadə edib, belə bir saxta ittiham quraşdırıldığını deyir.
Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qaldığını deyən AXCP fəalının sözlərinə görə, həbsinin əsl səbəbi partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmasıdır.
O vurğulayıb ki, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi etiraz aksiyasında Əli Kərimli tutularkən sona qədər onu tək buraxmadığına görə cəzalandırılıb.