“800-ə yaxın şəxsin Polşaya keçməsi planlaşdırılır”
Kiyevdən azərbaycanlıların təxliyəsi davam etdirilir.
1200 azərbaycanlının Moldova istiqamətində yola salındığı bildirilir.
Təxliyə olunanlar Kiyevlə yanaşı, Xarkov, Xerson, Nikolayev, Mariupol vilayətlərindən gələn azərbaycanlılardır.
Martın 3-də Kiyevdən növbəti reysin yola salınacağı gözlənilir.
Bildirilir ki, 600-dən çox azərbaycanlı isə Polşa sərhədini keçib.
Bu gün isə 800-ə yaxın azərbaycanlının Polşaya keçməsi planlaşdırılır.
Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli “Report”a deyib ki, təxliyə olunanlardan 100-130 nəfəri Varşavada yerləşdirilib: “Bizim Krakov şəhərində də nümayəndəmiz var. Orada da 50-dən çox həmvətənimiz yerləşdirilib. Onların arasında Azərbaycana təxliyə edilənlər də var. Şənbə gününə çarter reysi gözlənilir. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etmişik. Ümumiyyətlə, 50 nəfərə yaxın şəxs Azərbaycana gedib. Bir çoxu Polşada qohumları və qalmağa yerləri olduqlarından burada qalıb”.
“Azərbaycan Hava Yolları” QSC Ukraynadakı hadisələrlə əlaqədar ölkəyə qayıtmaq istəyən vətəndaşların daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsizdir.
Martın 1-də “AZAL” 176 nəfəri təxliyə edib.
Ukraynadan qonşu dövlətlərə köçmüş azərbaycanlıların təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir.
Fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya gətirilib.
Azərbaycanın fəxri konsulluğunun martın 1-ə olan məlumatında bildirilib ki, 500 nəfər azərbaycanlı Ukraynanın Xarkov şəhərindən Lvova yola salınıb.
Onların Lvovdan Ukrayna-Polşa sərhəddini keçmələrinə kömək göstəriləcək.
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarına ölkəyə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlamaq tövsiyə edilir.