Deputat Rövşən Rzayev: ”Atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir”
Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
Təmas xəttində atəşkəsin pozulması nəticəsində 1 nəfər Tərtər sakini dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Bunu “Report”a açıqlamasında Bərdə Mərkəzi Rayon Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayeva bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında xəstəxanaya qəlpə yarası alan iki nəfər Tərtər sakini yerləşdirilib: “Tərtər rayon Şıxlar kənd sakini, 1958-ci il təvəllüdlü İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır, ona baldır sümüyünün sınığı diaqnozu qoyulub, xəstə gövdə, aşağı və yuxarı ətraflardan qəlpə yaraları alıb və qan itirib. Tərtərin Qaradağlı kənd sakini, 1990-cı il təvəllüdlü, Ramin Rafiq oğlu Əhmədovun isə vəziyyəti normaldır, ona burunun əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Tərtərin Cəmilli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Valeri oğlu Rəhimovun isə xəstəxanaya cəsədi daxil olub”.
Milli Məclisin deputatı, Azərbaycan “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib ki, atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir: “Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”.