12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Vilyam Hacıyev. Foto: Meydan TV

İmişlinin keçmiş icra başçısı səhhətinə görə vaxtından əvvəl azad edilib. Rüşvət və dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinən Hacıyevin cinayət işi üzrə 5,3 milyon manatlıq əmlakın müsadirəsinə də qərar verilmişdi.

İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev həbsdən azad edilib.

APA-nın məlumatına görə, noyabrın 27-də Xəzər Rayon Məhkəməsi onun səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.

Bildirilir ki, sabiq icra başçısının cəza müddətinin başa çatmasına hələ bir ildən bir qədər çox vaxt qalırdı.

Vilyam Hacıyevin hansı xəstəlikdən əziyyət çəkdiyi və məhkəmənin qərarı hansı tibbi sənədlər əsasında qəbul etdiyi açıqlanmayıb.

O, 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.

Aztəminatlı ailələrə ayrılan mənzillər, sosial yardımlar və rüşvət ittihamları

Vilyam Hacıyevə qarşı cinayət işində dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığı ilə bağlı ittihamlar yer alırdı.

DTX-nin 2020-ci ildə yaydığı məlumatda bildirilirdi ki, sabiq icra başçısı aztəminatlı ailələr üçün dövlət büdcəsi hesabına tikilmiş mənzillərin qanunla müəyyən edilmiş növbə əsasında deyil, rüşvət müqabilində verilməsində şübhəli bilinir.

İstintaq onun ictimai işlərə cəlb olunan işsiz və aztəminatlı vətəndaşların əməkhaqqı kartlarına köçürülən vəsaitləri, rayondakı təmir-tikinti və abadlıq işlərinə ayrılan pulları mənimsədiyini də iddia edirdi.

Hacıyev həmçinin COVID-19 pandemiyası dövründə tətbiq edilən xüsusi karantin qaydalarını pozaraq bəzi vətəndaşların sərbəst hərəkət etməsi üçün saxta arayışların verilməsini təşkil etməkdə ittiham olunurdu.

DTX-nin keçirdiyi əməliyyat zamanı onun evində və iş otağında müxtəlif valyutalarda külli miqdarda pul, sənədlər və qeydlər aşkar edildiyi açıqlanmışdı.

5,3 milyon manatlıq əmlak müsadirə edilib

2022-ci il iyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Vilyam Hacıyevi 12 il müddətinə azadlıqdan məhrum edib.

Hökmdə onun və ailə üzvlərinin adına olan daşınmaz əmlakların, avtomobillərin və nağd pul vəsaitlərinin müsadirəsi də nəzərdə tutulurdu.

Müsadirə qərarı verilən əmlaklar arasında Bakının Nərimanov rayonunda yerləşən 1 milyon 850 min manatlıq fərdi ev, Nardaranda 2 milyon 626 min manatlıq bağ evi, Xırdalandakı mənzillər və bahalı avtomobillər var idi.

Əmlakların ümumi dəyəri 5 milyon 344 min manat qiymətləndirilmişdi.

Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev əmlakların müsadirəsi barədə qərardan şikayət vermişdilər. Lakin 2023-cü ilin mayında Ali Məhkəmə onların şikayətini təmin etməmişdi.

Vilyam Hacıyev məhkəmə prosesində ittihamları qəbul etmirdi. O, barəsindəki cinayət işinin sifarişli olduğunu, dövlətə xidmət etdiyini bildirirdi.

Ali Məhkəmə cəzasını 3 il 6 ay azaltmışdı

Bakı Apellyasiya Məhkəməsi ilkin 12 illik həbs hökmünü qüvvədə saxlasa da, 2024-cü il iyunun 12-də Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 aya endirib.

Ali Məhkəmə onun təqsirli bilinməsi barədə qərarı dəyişməyib, lakin Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək qanunda nəzərdə tutulan minimum həddən aşağı cəza təyin edib.

Beləliklə, Vilyam Hacıyev 2020-ci ilin mayından 2026-cı ilin noyabrınadək, təxminən 6 il 7 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

1957-ci il təvəllüdlü Vilyam Hacıyev 2004–2006-cı illərdə Göygöl, 2006–2012-ci illərdə Samux, 2012–2020-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Onun həbsi 2019-cu ilin sonlarından Azərbaycanda rayon icra hakimiyyətlərinin rəhbərlərinə qarşı keçirilən korrupsiya əməliyyatları dövrünə təsadüf etmişdi. Həmin əməliyyatlar nəticəsində Ağstafa, Neftçala, Biləsuvar, Kürdəmir, Cəlilabad və digər rayonların icra başçıları da həbs olunmuşdular.

Vaxtından əvvəl azadlığa buraxılanlar

Vilyam Hacıyev korrupsiya ittihamları ilə məhkum edildikdən sonra vaxtından əvvəl azadlığa buraxılan ilk keçmiş icra başçısı deyil. 2023-cü ilin iyulunda Yevlaxın sabiq icra başçısı Qoca Səmədov ürək xəstəliyinə görə cəzasının qalan hissəsindən azad edilib. 

2025-ci ilin dekabrında isə Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev amnistiya aktı əsasında həbsdən buraxılıb. Onun cəzasının başa çatmasına dörd ay qalmışdı. 

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da 2025-ci ilin fevralında azadlığa çıxıb, lakin o, məhkəmələr tərəfindən azaldılmış cəza müddətini tam çəkmişdi.

Ana səhifə ▸ Xəbərlər ▸ 12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb