Hicab qadağasına etiraz edən daha bir inanclı məhbusun döyüldüyü bildirilir

İnanclı fəal Fuad Əsgərov – Ailə arxivindən

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı fəal Fuad Əsgərovun hicab qadağasına etiraz olaraq keçirdiyi aclıq aksiyasına görə döyüldüyü bildirilir.

Bu barədə Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov Əsgərovun yaxınlarına istinadən məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, Fuad Əsgərov oktyabrın 19-da hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

“Ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Fuad Əsgərovu qəbuluna çağıraraq aksiyanı dayandırmağı tələb edib. Əsgərov bundan imtina etdikdən sonra huşunu itirənədək döyülüb”, – Bünyadov məhbusun yaxınlarına istinadən bildirib.

Yaxınlarının bildirdiyinə görə, hadisədən sonra Əsgərov Qəniyevin göstərişi ilə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Onların dediyinə görə, fəal orada təkadamlıq kamerada saxlanılıb, ailəsi və digər məhbuslarla əlaqə saxlamasına icazə verilməyib. Yaxınları bu məhdudiyyətin döyülmə izlərinin görünməsinin qarşısını almaq məqsədi daşıdığını düşünürlər.

Məlumata görə, Fuad Əsgərov səhhətində yaranan ciddi problemlərə görə noyabrın 13-də aclıq aksiyasını dayandırıb və 11 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Yaxınları bildirirlər ki, o, müəssisəyə qayıdan kimi rəisin otağına aparılıb. Orada yaranan mübahisədən sonra isə “karser”ə (cəza kamerası) salınıb.

“Fuad Əsgərov bu dəfə də müəssisə rəisinin göstərişi ilə döyülüb. Qolları qandallanaraq “karser”də çarpayıya bağlı vəziyyətdə saxlanılıb”, – deyə yaxınlarının iddiasında bildirilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən mövqeöyrənmək mümkün olayıb.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, bu qaydalardan sonra hicablı şagird və müəllimlər məktəblərə buraxılmayıb. Bu da ölkə üzrə narazılıq və etirazlara səbəb olub.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini bildirib. Nazirliyin iddiasına görə, həmin şəxslər ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi  ilə cinayət işi başlanıb.

Eyni vaxtda həbsdə olan bir qrup dini inanclı aclıq aksiyasına başlayıb. Sonradan onların aclıq aksiyası etdiklərinə görə, zorakılıq və işgəncələrə məruz qalması ilə bağlı məlumatlar yayılıb. Penitensiar Xidmət isə baş verənlərlə bağlı şərh verməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Hicab qadağasına etiraz edən daha bir inanclı məhbusun döyüldüyü bildirilir