Əlillik statusunun ləğvi və pensiyasının dayandırılması ilə bağlı Meydan TV-yə şikayət edən Yevlax sakini Elşən Həsənov 30 sutka inzibati qaydada həbs edilib.
Bu barədə onun yaxınları məlumat verib. Vətəndaşın hansı maddə ilə həbs edildiyi hələlik məlum deyil.
Elşən Həsənov noyabrın 13-də Meydan TV-də yayımlanan video müraciətində əlillik statusunun əvvəlcə aşağı salındığını, daha sonra isə tamamilə ləğv edildiyini bildirmişdi.
Onun sözlərinə görə, əvvəllər II qrup əlilliyi olub və 230 manat pensiya alıb. Sonradan əlillik qrupu III qrupa endirilib, pensiyası isə 180 manata düşüb. Bir müddət sonra III qrup əlilliyi də ləğv edilib və pensiya ödənişi tamamilə dayandırılıb.
Elşən Həsənovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyinin ləğv edilməsini tibbi sənədlərdə xəstəliyinin dəqiq göstərilməməsi ilə əsaslandırıb. Lakin vətəndaş bildirib ki, Yevlax Rayon Xəstəxanasında müraciət etdiyi həkim xəstəliyi ilə bağlı məlumatların tibbi sənədlərdə qeyd olunduğunu təsdiqləyib. O, uşaqlıqdan xəstə olduğunu və mütəmadi müalicəyə ehtiyac duyduğunu deyib.
Şikayətçi əlillik statusunun dəyişdirilməsi və pensiyasının dayandırılması ilə bağlı altı ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dəfələrlə müraciət etdiyini, lakin şikayətlərinə baxılmadığını deyib. Nəticə ala bilmədikdən sonra Prezident Administrasiyasına məktublar ünvanlayıb. Onun sözlərinə görə, Administrasiya həmin məktubları yenidən şikayət etdiyi ƏƏSMN-ə göndərib.
“İlham Əliyev, sənə bəlkə də onlarla məktub yazmışam ki, mənim pensiyamı niyə kəsmisiniz? Sən mənim məktublarımı Sahil Babayevin üstünə niyə yollayırsan? Mənim pensiyamı Sahil Babayev kəsib də. Sahil Babayevi də sən nazir təyin etmisən. Məktubu təzədən onun üzərinə yollayırsan, o da araşdırmır, vecinə almır. Bizimlə oyun oynayırsan? Bizi aldadırsan, özünü aldadırsan?” – deyə vətəndaş video müraciətində Prezident İlham Əliyevə səslənib.
Elşən Həsənov pensiyasının dayandırılmasını dövlət büdcəsinin doldurulması ilə əlaqələndirib və digər qiymət artımlarına da narazılığını bildirib:
“Büdcəni talayırsan, sonra da kasıb xalqın pulunu kəsirsən. Haqqımıza girirsən, sərvətimizi talayırsan, sonra da büdcəni doldurmaq üçün pensiyalarımızı kəsirsən. Niyə bizi bezdirirsən, məcbur edirsən ki, üsyan edək? Çıxıb iki kəlmə də söz deyəndə, üstümüzə polis yollayırsan. Polisi bizim üstümüzə yollayıb bizi şərlətdirmə. Sən fikirləşirsən ki, biz acından öləcəyik, səndən qorxacağıq? Yox, İlham Əliyev, sən bizi bezdirirsən. Məcbur edirsən ki, gəlib Prezident Administrasiyasının qarşısında üsyan edək, səninlə savaşaq. Mən ölürəm, qoy elə səninlə savaşıb ölərəm, İlham Əliyev”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Oktyabrın 29-da polis əməkdaşlarından Meydan TV-yə şikayət edən vətəndaş Araz Babayev üç gün sonra cinsi zorakılıq və şantaj ittihamları ilə saxlanılmışdı. Ailəsi isə itthamları rədd etmiş, onun şərlənərək tutulduğunu bildirmişdi.