Daha bir AXCP üzvü “Facebook” paylaşımlarına görə 30 sutka həbs edilib

AXCP üzvü Elnur Yusubov – İllüstrasiya: Chatgpt

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.

Partiyanın bildirdiyinə görə, Elnur Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs edildiyini bildirib.

Məlumata əsasən, o, sosial şəbəkədəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Həmin maddə internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qanunla qadağan edilmiş məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunvericiliyə əsasən, bu əmələ görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, qanunda nəzərdə tutulan hallarda isə bir ayadək inzibati qaydada həbs edilə bilərlər.

AXCP-dən bildirilib ki, ixtisasca diş həkimi olan Elnur Yusubov partiyanın Sabunçu rayon şöbəsinin sədri vəzifəsinə yeni seçilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkə hesabında tənqidi məzmunlu paylaşımlar edirdi.

Yusubovun konkret olaraq hansı paylaşımına görə inzibati məsuliyyətə cəlb edildiyi açıqlanmayıb.

AXCP noyabrın 12-də yaydığı məlumatda Elnur Yusubovun səhər saatlarından etibarən yoxa çıxdığını və onunla əlaqə saxlamağın mümkün olmadığını bildirmişdi. Partiyanın məlumatında deyiliridi ki, Yusubovun avtomobili evinin yaxınlığında açarları maşının üzərində və qapıları açıq vəziyyətdə tapılıb. AXCP həmin vaxt onun saxlanılmış ola biləcəyini ehtimal edirdi.

Oktyabrın 26-da AXCP Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov eyni maddə ilə 10 sutka həbs edilmişdi.

Son illər AXCP üzvləri müxtəlif vaxtlarda inzibati qaydada həbs ediliblər. Hazırda partiyanın təxminən 20 üzvü uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var.

Partiya həbsdə olan üzvlərinin siyasi sifarişlə həbs edildiyini bildirir.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, əsassız sayır və şəxslərin konkret hüquq pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ Daha bir AXCP üzvü “Facebook” paylaşımlarına görə 30 sutka həbs edilib