“Meydan TV işi” üzrə həbsdə olan baş redaktor Aynur Elgünəş (Qənbərova) noyabrın 13-də səhər böyrəyindən əməliyyat olunub.
Bu barədə onun yaxınları məlumat veriblər.
Məlumata görə, jurnalist noyabrın 12-də Mərkəzi Gömrük Hospitalına aparılıb və ertəsi gün cərrahi əməliyyat keçirib.
Əməliyyatın nəticələri və Aynur Elgünəşin hazırkı səhhəti barədə ətraflı məlumat verilməyib.
Jurnalistin vəkili Zibeydə Sadıqova noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bildirmişdi ki, müvəkkilinin sağlamlıq vəziyyəti günü-gündən pisləşir və onun təcili böyrək əməliyyatına ehtiyacı var.
Vəkilin sözlərinə görə, jurnalistin müxtəlif orqanlarında şişlər də aşkarlanıb və əlavə müayinələrin aparılması zəruridir. Aynur Elgünəş indiyədək 17 dəfə cərrahi əməliyyat keçirib.
Müdafiəçi müayinə və müalicənin gecikdirilməsindən şikayətlənmiş, Aynur Elgünəşin səhhəti nəzərə alınaraq ev dustaqlığına buraxılmasını istəmişdi. Lakin məhkəmə vəsatəti təmin etməmişdi.
Aynur Elgünəş 2024-cü il dekabrın 6-dan həbsdədir. O və “Meydan TV işi” üzrə həbs olunan digər jurnalistlər ittihamları qəbul etmir, cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.