Lənkəranda bir ailənin 9 üzvü pomidor konservindən zəhərlənib

Xəstəxana

Lənkəranın Osaküçə kəndində bir ailənin 9 üzvü qidadan zəhərlənib. Hadisə noyabrın 11-də baş verib. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, zəhərlənənlərdən 7-si uşaq, 1-i qadın, 1-i isə kişidir.

Xəstəxanaya müraciət edən şəxslərə qida zəhərlənməsi diaqnozu qoyulub. Zəhərlənmənin dəqiq səbəbi isə hələ müəyyənləşdirilməyib.

Tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ilkin araşdırmasına görə, ailə üzvləri evdə hazırlanmış plov və konservləşdirilmiş pomidor qəbul etdikdən sonra səhhətlərində narahatlıq yaranıb.

Son aylarda baş verən zəhərlənmə hadisələri

Son aylarda Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı zəhərlənmə hadisələri qeydə alınıb. İyulun 12–15-də Gəncə və Samuxda keçirilən üç ayrı yas mərasimindən sonra ümumilikdə 22 nəfər zəhərlənib. AQTA hadisələrdə ortaq risk faktoru kimi ev şəraitində hazırlanaraq satılan lavaşı müəyyən edib. İyulun 15-də Şəmkirdəki restoranda daha 11 nəfər, avqustun 20-də isə İsmayıllıda keçirilən toy mərasimində 40 nəfər qidadan zəhərlənib.

Sentyabrın 29-da Biləsuvarda keçirilən əsgər yolasalma mərasimindən sonra 10 nəfər xəstəxanaya müraciət edib. Bir gün sonra Kürdəmirdəki toy mərasimindən sonra 90-dan çox insan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Oktyabrda isə məktəblərdə oxşar hadisələr yaşanıb. Ayın 1-də Gəncədə 5, oktyabrın 2-də Sumqayıtda 21, oktyabrın 9-da Beyləqanda 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Oktyabrın 29-da Qaxda 7 nəfər yabanı göbələkdən zəhərlənib.

Həmin gün Ceyranbatanda da 10 şagirdin halı pisləşsə də, sonradan onların qidadan zəhərlənmədiyi, rotavirus infeksiyasına yoluxduğu açıqlanıb.

Hadisələrin bir qismində zəhərlənmənin səbəbi laborator müayinələrlə müəyyənləşdirilib, digərlərində isə ilkin ehtimallar açıqlanıb. Bütün hadisələrlə bağlı yekun araşdırma nəticələri məlum deyil.

Ana səhifə ▸ Xəbərlər ▸ Lənkəranda bir ailənin 9 üzvü pomidor konservindən zəhərlənib