Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir ay müddətinə həbs edilib

Foto: azatutyun.am

Ermənistanda milyarder iş adamı, “Taşir” şirkətlər qrupunun rəhbəri və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib.

Yerevan Antikorrupsiya Məhkəməsi noyabrın 5-də onun bir ay müddətinə həbs olunması barədə qərar çıxarıb.

Karapetyan Ermənistan Elektrik Şəbəkələrinə (ENA) 64,5 milyard dram (təxminən 170 milyon dollar) ziyan vurmaqda ittiham olunur. O, bu iş üzrə noyabrın 4-də saxlanılıb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Karapetyandan başqa, daha 35 nəfər barəsində də cinayət işi açılıb. Onlar vəzifə səlahiyyətlərindən və ya malik olduqları təsir imkanlarından sui-istifadənin təşkilində, etibar edilmiş əmlakın xüsusilə böyük məbləğdə mənimsənilməsinin təşkilində, eləcə də külli miqdarda çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, cinayət işi üzrə şübhəlilər arasında ENA-nın Direktorlar Şurasının bəzi üzvləri, şirkətin baş direktoru, onun müavini və digər məsul şəxslər də var.

Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyanın və Güclü Ermənistan parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarış aparıblar .

Saxlanılanlar arasında Ermənistan Elektrik Şəbəkələrinin Direktorlar Şurasının üzvü Vardan Makaryan da var. Məhkəməyə ümumilikdə 9 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edildiyi bildirilir. Bununla belə, saxlanılanların dəqiq sayı hələlik açıqlanmayıb.

Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun biznes maraqlarına tikinti, energetika və ticarət sahələri, eləcə də “Rio” ticarət-əyləncə mərkəzləri şəbəkəsi daxildir.

“Ermənistan Elektrik Şəbəkələri”nin 2022-ci ilin sonuna olan maliyyə hesabatına görə, şirkətin səhmlərinin 70 faizi “Taşir Kapital”a, qalan 30 faizi isə Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holdings Limited” şirkətinə məxsus olub. Sonuncu şirkətin Samvel Karapetyanla əlaqəli olduğu bildirilir.

Samvel Karapetyan bundan əvvəl də Ermənistanda cinayət təqibinə məruz qalıb. O, hakimiyyətin zorla ələ keçirilməsinə və ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar etməkdə ittiham olunurdu.

“Güclü Ermənistan” partiyasının iddiasına görə, Karapetyanın həbsi müxalifətin yeni Konstitusiya ilə bağlı sərt mövqeyi ilə əlaqəlidir.

Müxalifət hökumətin hazırladığı yeni Konstitusiya layihəsini “əliyevçi” adlandırır. Onlar sənədin referenduma çıxarılması ilə bağlı parlament müzakirələrində layihəni dəstəkləməyəcəklərini bildirirlər.

Baş nazir Nikol Paşinyan ötən ayın sonunda bildirib ki, parlamentdəki müxalifət yeni Konstitusiyanın referenduma çıxarılmasını dəstəkləməsə, növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna edilmir.

Rəsmi Bakı Ermənistanla yekun sülh sazişinin imzalanması üçün Konstitusiyanın preambulasında dəyişiklik edilməsini tələb edir. Həmin hissədə Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Bəyannamədə 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında akt da xatırlanır. Azərbaycan tərəfi bu istinadların aradan qaldırılmasını zəruri hesab edir.

Ana səhifə ▸ Dünya ▸ Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir ay müddətinə həbs edilib