Həbsdə olan keçmiş “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqları məhdudlaşdırılıb.
Bu barədə onun həyat yoldaşı Aygün İsmayıllı noyabrın 4-də media nümayəndələrinə ünvanladığı müraciətlərdə məlumat verib.
İsmayıllının sözlərinə görə, Yaşar Ağazadə iyulun 2-dən 24-dək saxlanma şəraitinə, ona qarşı fiziki zorakılığa və digər pis rəftara, eləcə də cəza kamerasına (karserə) yerləşdirilməsinə etiraz olaraq aclıq aksiyası keçirib. Lakin müəssisə rəhbərliyi aksiyanı qeydə almayıb.
Aygün İsmayıllı bununla Cəzaların İcrası Məcəlləsinin, Penitensiar Müəssisələrin Daxili İntizam Qaydalarının və Ədliyyə Nazirliyinin müvafiq təlimatının tələblərinin pozulduğunu bildirir.
Onun sözlərinə görə, Yaşar Ağazadə 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları, müəssisənin həkimi və digər aidiyyəti şəxslər barədə cinayət işinin başlanması tələbi ilə Baş prokuror Kamran Əliyevə müraciət edib.
Şikayət ərizəsi Baş Prokurorluğa göndərilməsi üçün Bakı İstintaq Təcridxanasına təqdim olunsa da, indiyədək göndərilməyib. Aygün İsmayıllı təcridxana rəhbərliyinin bunu əməkdaşları ilə həmrəylik nümayiş etdirməsi ilə əsaslandırdığını deyir.
“Bakı İstintaq Təcridxanasının qanunsuz hərəkətləri nəticəsində Yaşar Ağazadənin dövlət qurumları ilə yazışmaq hüququ pozulub. Bu qanunsuzluqlar hələ də davam edir. Penitensiar Xidmət isə tabe müəssisənin qanunsuz hərəkətlərini araşdırmır”, – deyə müraciətdə bildirilir.
Aygün İsmayıllı həyat yoldaşına bəzi qəzetlərin və hüquqi sənədlərin də verilmədiyini qeyd edib. Onun sözlərinə görə, rəsmi qəzetlər, Prezident İlham Əliyevin çıxışının mətni, Konstitusiya Məhkəməsinə ünvanlanan şikayət və bir sıra normativ hüquqi sənədlər Yaşar Ağazadəyə çatdırılmayıb.
İsmayıllı bildirib ki, oktyabrın 11-də qısamüddətli görüş zamanı həyat yoldaşına təqdim etdiyi sənədlər müəssisə əməkdaşları tərəfindən götürülüb. Əməkdaşlar həmin materialları “zərərli materiallar” adlandırıblar.
Aygün İsmayıllı oktyabrın 19-da eyni sənədləri poçtla göndərsə də, onların da Yaşar Ağazadəyə verilmədiyini deyib.
Müraciətdə Yaşar Ağazadənin həbsinin səbəbləri ilə bağlı da fikirlər yer alıb. Aygün İsmayıllı bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2023-cü ilin sonunda Ağazadənin hazırladığı və nümayəndəsi olduğu 20-yə yaxın iş üzrə müsbət qərarlar açıqladıqdan sonra onun həbsinə Prezident Administrasiyasından göstəriş verilib.
Yaşar Ağazadə 2024-cü ilin aprelində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (təkrar hədə-qorxu ilə tələb etmə) 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası daha 5 ay artırılıb.
Ağazadə ittihamları qəbul etmir və həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir.