Azərbaycanda güzəştli təbəqələr üçün nəzərdə tutulan ucuz internet tarifləri ləğv edilir. Yerli medianın yazdığına görə, oktyabrın 1-dən etibarən hazırda 15 və 18 manat olan bəzi sabit internet tarifləri minimum 25 manatlıq vahid tarifə keçiriləcək.
Dəyişikliklər yalnız genişzolaqlı internet xidmətlərinə şamil olunacaq. Mobil rabitə və mobil internet paketlərinin qiymətlərinə isə təsir göstərməyəcək.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin sentyabrında internet üzrə aylıq abunə qiymətləri təxminən 40 faiz artırılıb.
Dövlətə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” açıqlama verərək bunu internet sürətlərinin 2,5 dəfə artırılması ilə izah etmişdi. Belə ki, 40 Mbit/s internet sürəti 100 Mbit/s-yə, 60 Mbit/s 150 Mbit/s-yə, 100 Mbit/s isə 250 Mbit/s-yə çatdırıldı.
Nəticədə yeni tariflərə əsasən, provayderlərin təklif etdiyi minimal internet paketləri 100 Mbit/s-dən başlayır. 100 Mbit/s internet üçün aylıq ödəniş 25 manat, 150 Mbit/s üçün 30 manat, 250 Mbit/s üçün isə 36 manat müəyyən edilib.
Bundan əvvəl isə optik internet üzrə 40 Mbit/s-dək paketin qiyməti 18 manat, 60 Mbit/s-dək paketin qiyməti 26 manat, 100 Mbit/s-dək paketin qiyməti isə 45 manat təşkil edirdi.
Tarif dəyişikliklərindən sonra özəl provayderlər də dövlət şirkətlərinin yeni tarif qərarına qoşuldular.
“Oxu.Az”ın məlumatına görə, oktyabrın 1-dən qüvvəyə minəcəyi bildirilən dəyişikliklər bəzi abonent qruplarına tətbiq edilən güzəştlərə də şamil olunacaq. Medianın yazdığına görə, bəzi provayderlər müəyyən abonent qruplarına, xüsusilə yeni binaların sakinlərinə güzəştlər tətbiq edərək aylıq internet ödənişini 18 manat və ya daha aşağı müəyyənləşdiriblər.
Gələn aydan etibarən məhz həmin abonentlərə tətbiq olunan güzəştlərin ləğv ediləcəyi bildirilir.
İnternet bahalaşdı: provayderlərin gəlirləri, əhalinin isə xərcləri artdı
Beləliklə, ölkədə ən ucuz aylıq internet abunəsi 25 manatdan başlayacaq. Oktyabr ayından etibarən bəzi abonentlərə daha aşağı sürətlə təqdim olunan ucuz internet paketləri aradan qaldırılacaq.
Sosial şəbəkələrdə internetin real sürəti ilə bağlı şikayətlər kifayət qədər çoxdur. İstifadəçilər bildirirlər ki, tariflərdə minimum sürət 100 Mbit/s göstərilsə də, real olaraq təqdim edilən sürət bundan aşağıdır.
Güzəştli qiymətlərin ləğvinin isə ən çox kənd yerlərində yaşayan abonentlərə təsir göstərəcəyi yazılır. Bəzi provayderlər tərəfindən bir sıra rayonlarda 50 Mbit/s internet 15 manata təklif edilirdi. Bu tariflərin ləğvi aztəminatlı kənd sakinləri üçün internet xərclərinin artmasına və elektron xidmətlərə çıxış imkanlarının azalmasına səbəb ola bilər.
Xatırladaq ki, rəsmi statistikaya əsasən, son bahalaşmadan sonra əhalinin internet xidmətlərinə xərcləri 45,5 faiz artıb. Provayderlər isə qiymət artımından sonra gəlirlərini 35 faiz artıra biliblər.
Dəyişikliyin nə qədər abonenti əhatə edəcəyi barədə rəsmi məlumat verilməsə də, iqtisadçı Asif İbrahimov “Oxu24.com”a açıqlamasında təxminən 500 min abonentin bu dəyişiklikdən təsirlənə biləcəyini bildirib.
İqtisadçının hesablamasına görə, bu dəyişiklik fərdi abonent üçün ayda 7 manat, ildə isə 84 manat əlavə xərc deməkdir. Təsirlənən abonentlərin sayının 500 min olduğu halda, əhalinin illik əlavə ödənişinin 42 milyon manata çata biləcəyi qeyd olunur.
Asif İbrahimov tarif artımının əsaslandırılması üçün provayderlərin xərc strukturu, gəlirləri, mənfəət marjaları və investisiya proqramlarının açıqlanmasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan orta aylıq sabit genişzolaqlı internet qiymətinə görə region ölkələri arasında yüksək göstəriciyə malikdir. İqtisadçının təqdim etdiyi məlumata əsasən, sabit internet üçün orta aylıq ödəniş Azərbaycanda 21,18 dollar, Ermənistanda 18,71 dollar, Türkiyədə 17,76 dollar, Qazaxıstanda 15,23 dollar, Gürcüstanda isə 14,87 dollar təşkil edir.
A.İbrahimov hesab edir ki, aşağı qiymətli tariflərin mövcudluğu provayderləri xərcləri optimallaşdırmağa və istehlakçı üçün daha əlçatan qiymətlər formalaşdırmağa sövq edən amillərdən biridir.
Onun fikrincə, minimum tarifin 25 manata yüksəldilməsi bazarın aşağı qiymət seqmentinə birbaşa təsir göstərir.
“İnternet, enerji, logistika, icarə və əmək xərclərinin hər birində baş verən artımlar məcmu şəkildə biznesin xərc strukturuna təzyiq göstərir. Maya dəyərini formalaşdıran bu komponentlər nəzarətdə saxlanılmadıqda, son qiymət üzərindəki təzyiq də davam edəcək”, – deyə iqtisadçı bildirib.
“Sürət 2,5–3 dəfə artırılmalı, qiymətlər isə ən azı 2 dəfə azaldılmalıdır”
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov isə “Facebook” hesabında yazır ki, Azərbaycan genişzolaqlı internetin median sürəti üzrə üç pillə daha irəliləyib. O qeyd edir ki, bütün ölkəni əhatə edən 1 Gbit/s-lik infrastruktur qurulmasına baxmayaraq, provayderlər abunəçilərə yüksəksürətli paketləri verməkdə xəsislik edirlər:
“Bütün dünyada və xüsusilə median sürəti bizdən yüksək olan ölkələrdə yüksəksürətli paketlər digərlərinə nisbətən daha sərfəli təqdim edilir. Minimal sürət paketləri 250–300 Mbit/s sürətlərlə başlayır. Bizdə isə tərsinədir”.
“Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar”, – deyə E.Abbasov qeyd edir.
O vurğulayır ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10–20 faiz civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyunkturasında keyfiyyətin dayanıqlılığı təmin olunar:
“Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.
Onun yazdığına görə, provayderlərin genişzolaqlı internet şəbəkəsi 4 milyondan çox təsərrüfatı əhatə edir:
“Buna baxmayaraq, ölkədəki 200 provayderdən yalnız 3-ü orta hesabla 150 Mbit/s-dən yuxarı sürət təqdim edir. Əksəriyyət hələ də 50–100 Mbit/s ilə kifayətlənir”.
Ekspert əlavə edir ki, infrastruktur hazır olduğu halda, istifadəçilər hələ də köhnə sürətlərə məhkumdur. Bunun üçün E.Abbasov başlanğıc paket sürətinin 2,5–3 dəfə artırılmasını, qiymətlərin isə hər Mbit/s-ə görə ən azı 2 dəfə azaldılmasını təklif edir.