Son 3 ildə əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərclər 50 faizə yaxın artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında əhali dərman və tibb ləvazimatlarına 1 milyard 80 milyon manata yaxın vəsait xərcləyib. Halbuki 2025-ci ilin müvafiq dövründə bu xərclər 870,8 milyon manat, 2024-cü ildə isə 735,1 milyon manat təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə dərman xərcləri 23,8 faiz, 2024-cü illə müqayisədə isə 47 faiz artıb.
Əhalinin əczaçılıq xərclərinin yüksəlməsinin əsas səbəbi bu illər ərzində qiymətlərin dəfələrlə bahalaşmasıdır. 2025-2026-cı illərdə Azərbaycan Tarif Şurası tərəfindən qəbul edilən beş qərar əsasında 400 adda dərman vasitəsinin qiymətinin yuxarı həddi müəyyənləşdirilib. Nəticədə qiymətlər xeyli qalxıb.
Ekspertlər dərman xərclərinin artmasını yerli istehsalın zəif olması, idxal inflyasiyası və monopolistlərin bazardakı diktəsi ilə əlaqələndirirlər.
Nəticədə dərman xərcləri əhalinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. DSK-nın yanvar-iyul aylarına olan məlumatına əsasən, gəlirlərdə bu cür xərclərin payı 2,8 faizdir. Əvvəlki illərlə müqayisədə bu göstərici yüksələn xətt üzrə artır. Belə ki, bu pay 2024-cü ildə 2,3 faiz, 2025-ci ildə isə 2,5 faiz olub. Ekspertlər hesab edirlər ki, İcbari Tibbi Sığorta sisteminin fəaliyyətə başlamasından sonra əhalinin səhiyyə, o cümlədən əczaçılıq xərclərində azalma müşahidə olunmalı idi. Lakin Sığorta Agentliyinin dərman bazarına təsir etmək imkanları yoxdur.
Yeri gəlimişkən, son bir ildə dövriyyədə olan dərmanların həcmində də azalma hiss olunur. Ölkənin dərmana olan tələbatının 95 faizi idxal hesabına təmin edilir. Bu ilin birinci yarısında 6,9 min ton dərman vasitəsi idxal olunub. 2025-ci ilin eyni dövründə isə bu göstərici 10 min ton idi. Yəni bir il ərzində ölkəyə gətirilən əczaçılıq məhsullarının həcmi 3 min tondan çox, yəni 30,8 faiz azalıb. Bunun əsas səbəbi Rusiya-Ukrayna müharibəsi nəticəsində təchizat zəncirində və logistikada yaranan problemlərdir. Azərbaycan bazarında Rusiya istehsalı olan dərmanlar mühüm yer tutur. Hazırda Rusiyanın daxili istehsalında yaşanan çətinliklər ixracda məhdudiyyətlərə gətirib çıxarıb. Nəticədə, hazırda Azərbaycanda və digər MDB ölkələrində rus istehsallı dərmanların ciddi qıtlığı yaranıb.
Həcmlər azalsa da, idxalın dəyərində bahalaşma 40,7 faizə çatıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin birinci yarısında bir ton dərmanın qiyməti 25,8 min dollar idisə, bu ilin yanvar-iyun aylarında 36,3 min dollara yüksəlib.
İdxal qiymətlərində kəskin artım olsa da, diqqətçəkən məqam idxal və yerli istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında böyük marjanın qalmasıdır.
Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, ilin birinci yarısında 12,3 milyon manatlıq dərman vasitəsi istehsal olunub, idxal isə 430 milyon manat civarında olub. Beləliklə, ölkədə topdan satış qiymətləri ümumilikdə 440 milyon manat təşkil etdiyi halda, pərakəndə satış bazarında 900 milyon-1 milyard manatlıq dərman satışı reallaşıb. Bu da marjanın 2 dəfədən çox olduğunu göstərir.
İqtisadçılar bildirirlər ki, Azərbaycan dərman bazarında qiymətlər idxal inflyasiyası və loqistik xərclərdən asılı olduğu qədər, monopolistlərin də təsirinə məruz qalır. Bazar bir neçə şirkətin inhisarındadır və qiymətləri faktiki olaraq onlar müəyyənləşdirirlər. Bu durum rəqabət imkanlarını kəskin məhdudlaşdırır. Qiymətlər Tarif Şurası tərəfindən tənzimlənsə də, monopolistlər süni qıtlıq yaradaraq qurumu qiymətləri qaldırmağa məcbur edə bilirlər. Nəticədə əhali təklif olunan baha qiymətlərlə dərman almaq məcburiyyətində qalır. Ekspertlərin fikrincə, bazar rəqabətli olarsa, idxal və pərakəndə qiymət arasında bu qədər böyük fərq yaranmaz və əhalinin gəlirlərində sözügedən xərclər bu qədər artmaz.