Nurlan Libre: “Şef Nurlan” supunun resepti

Nurlan Libre. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır. Onun yazısını olduğu kimi təqdim edirik:

Yəqin ki, bu yazıda hansısa spesifik yeməkdən bəhs edəcəyimi gözləmirsiniz. Bu yazı bir az laqeydliklə, bir az da zindan yaşamı ilə bağlıdır. İnsanın təcridlə mübarizəsindən bəhs edir. İstehza elementləri ilə giriş verdikdən sonra başlayım hekayəmə. Bu, həm də bir yeməyin hekayəsidir. Yeməyi dadlı edən təkcə onun içindəki ədviyyatlar deyil, həm də sənə yaşatdığı hisslərdir.

Əvvəlcə Cəzaçəkmə Müəssisəsi — “zon” və İstintaq Təcridxanası — “türmə” arasındakı fərqi izah etməklə başlayım ki, hekayə beyninizdə formalaşsın. Zonda sənə artıq hökm oxunmuş olur və cəzanı çəkməyə başlayırsan. Burada demək olar ki, tam sərbəstsən. Günün nizam qaydasından və qadağan olunmuş ərazilərdən kənar heç kim sənə qarışmır. İstədiyin adamla dostluq et, istədiyin işlə məşğul ol, istəyirsən yemək bişir, ya da get kafedə ye. Bir sözlə, qapalı şəhərcikdə yaşayırsan. Puluna minnət.

Türmədə isə sənin hələ istintaqın gedir. Ola bilər ki, sən buradan azadlığa çıxasan. Elə dustaqlar var ki, dəfələrlə həbs olunsalar da, heç vaxt böyük cəza almayıblar, elə türmədən çıxıblar. Zona ayaqları da dəyməyib. Türmədə şərait daha ağır olur. Tam izolasiya şəraitindəsən. Günün 24 saatı bir otaqda başqa dustaqlarla saxlanılırsan. Onların da maksimum sayı qanunla 10 nəfəri keçmir. Zərurət olmadıqca kameradan çıxmırsan. Çıxanda da səni bir otaqdan çıxarıb başqa bir otağa salırlar. Burada “uzaq” anlayışı yoxdur. Hər tərəf divarlardan ibarətdir. Bir sözlə, səmaya və torpağa həsrətsən. Zondan fərqli olaraq, burada işləmək də olmur. Maddi cəhətdən ailəndən tam asılı olursan. Zindan yeməyinin bərbad olduğunu nəzərə alsaq, ailənin gətirdiyi yeməklə qidalanırsan.

Mənim üçün türmə yaşamı daha ağırdır. İkinəfərlik kamerada qalıram. Bura ümumiyyətlə çox dardır. Təsəvvür edin, iki nəfər eyni anda hərəkət belə edə bilmir. Kameralar standart olaraq sanitar qovşaq, otaq və “praqul”dan — gəzinti yerindən ibarətdir. Praqul bizim üçün paltar qurutduğumuz, kartof-soğan və s. əşyalarımızı saxladığımız üstüaçıq yerdir. Yağış yağanda hər şey islanır, bir də saat 5-də bağlanır. Elə günlər olur ki, hətta 3-də bağlayırlar. Qanunla iki saat açıq olmalıdır deyə, çox da şikayət etmirəm. Elə türmələr var ki, heç praqulu da yoxdur.

Nəysə, sözü çox uzatmayım. Məkanın dar olmasına görə, birimiz otaqda olanda, digərimiz də praqulda olur və ya otaqda uzanaraq televizor izləyir. Əslində, belə dar yerdə qalmağı mən özüm seçmişəm deyə, çox da şikayətlənməyə haqqım yoxdur. Böyük kameralarda daxili nizam qaydaları olur. Hamı ya bir yerdə yatır, ya televizor izləyir, yemək yeyir və s. Mən həm səhərə qədər film izləməyi sevdiyim üçün, həm də publisistik yazılar qələmə aldığım üçün səssiz yer axtarıram. Bura da mənə tam uyğundur. Kiminsə nazını çəkməyə ehtiyacım olmur. Böyük kameralarda hamam günündə yarım saatdan çox çimmək olmur. Mən isə bir saat rahat çimirəm. Bayağı verilişlərə də sırf başqa dustaqlar istəyir deyə baxmıram. Təkliyi sevən birinə görə özümə ideal şərait qurmuşam.

Açığı, zindanda dostluq qurmağa adam tapmaq da çətindir. Dustaqların böyük əksəriyyəti savadsız, narkotik asılılığından əziyyət çəkən, küçə qanunları ilə böyüyən, bir sözlə, cəmiyyətin üz çevirdiyi kimsələrdir. Çox az bir hissəsi isə tamahının qurbanı olan, maliyyə cinayətləri törədən şəxslərdir. Elə normal münasibət də belələri ilə qurmaq olur. Elə şəxslər burjua kameralarda olurlar, özlərini qara dustaqlardan ayırırlar.

Türmədə dustaqlar da öz aralarında iyerarxik sistemlə bölünürlər. “Burjua” dustaqlar pulları olduğu üçün daha yaxşı şəraitdə qalırlar. Dəfələrlə məhkum olunmuş dustaqları ciddi rejimli kamerada saxlayırlar. Onların maddi vəziyyəti ağır olsa da, bizdə olmayan imtiyazlara rahat çıxış əldə edə bilirlər. Homoseksuallar və arzuolunmaz şəxslər bir yerdə saxlanılırlar. Onlar türmənin təmizliyinə baxırlar. Əlbəttə ki, pulun varsa, təmizlik eləmirsən.

İndi saxlanıldığım kamerada əvvəl üç şəxs var idi. İnsan alveri ilə məşğul olduqları üçün həbs olunmuşdular. Onların əlinə süpürgə aldığını heç vaxt görməmişəm. Onlar çox da qalmadılar. Rüşvət verib çıxdılar. Siyasi məhbuslar da, əslində, özlüyündə ayrı saxlanılmalıdır. Sadəcə bilirlər ki, biz bir yerə toplansaq, üsyan qaldırarıq. Ona görə də əsasən burjualarla bir yerdə saxlayırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarını da ayrı saxlayırlar. Fərqi yoxdur, 10 il əvvəl polisdən çıxsan belə, “paqonların” kamerasına göndərilirsən. Paqonlar sevilməsə belə, kimsə onlara dəyib-dolaşmır. Onların zonları da ayrıdır. Azyaşlılar da ayrı saxlanılır. Onların əksəriyyəti bıçaqlama üstündə gəlir. Pakistanlıların, rusların və s. əcnəbilərin də kameraları var.

Mənim kamerama gəldikdə isə, çox da burju sayılmarıq. Marketə həmişə 100 manata yaxın borcumuz olur. Kamera yoldaşımdan narazı deyiləm. Çox gözəl insandır. Ruh kimi yaşayırıq. Dekabr ayından birlikdəyik, hələ bir dəfə belə olsun dalaşmamışıq. Yeganə mənfi cəhəti “Survivor Türkiye” izləməyidir. Orada Nagihan adlı xanıma pərəstiş eləyir. Hər gün səhər praqula çıxıb idman edir. Uşaqlar üçün səhər verilişlərini izləyir. Sevimli proqramı “Mən Lalə”, bir də “Şerlok Holms” serialıdır. Gecələr birlikdə “Doktor Haus” izləyirik. Saat 00:00-da da yatır.

Yuxu rejimlərimiz fərqli olduğu üçün, 16 saat eyni otaqda yaşaya-yaşaya biz bir-birimizi görmürük. Hər nə qədər ayrı dünyaların adamı olsaq da, yaxşı dostuq. Və ən əsası, gecələr xoruldamır. İnsan uzun müddət eyni mühitdə yaşadıqca səmimiyyət də yaranmağa başlayır. Sirlərimizi, qəzəbimizi, sevincimizi, kədərimizi bölüşürük. Başqa cür də mümkün deyil.

İnsan zindanda çox fikir eləsə, psixi sağlamlığı pozular. Ən çox da yaxınlarımızın laqeyd münasibətindən gileylənirik. Onlar bizim üçün nə qədər əziyyət çəksələr də, yekunda daxili iztirablarımızı anlamırlar. Zindanda olanı yalnız zindan görmüş biri anlayar. Burada insan tez unudulur. Bir müddətdən sonra yanına gec-gec gəlməyə başlayırlar. Sözlərini saymırlar. Dostların zənglərini açmamağa başlayırlar. Bizim üçün “həyat” saxlanıldığımız gün dayansa da, onlar üçün davam edir. Bir müddət sonra doğmaların üçün yadlaşdığını hiss edirsən. Axı neçə bayramı ayrı qeyd etmək olar?!

Buranın bir şeyi də pisdir ki, insan bir müddət sonra öyrəşməyə başlayır. Azadlıqda olduğun dövr sanki uzaq keçmişi xatırladır. Ən pisi də odur ki, kimliyin getdikcə silinir. Özünü şəxsiyyət olaraq yox, “qara dustaq” olaraq görməyə başlayırsan. Azadlığa çıxmaq ümidin azaldıqca ruh düşkünlüyü yaranır insanda. İzaholunmaz dibsiz quyudur bu vəziyyət. Dustaqlar arasında intihara meyillilik adi haldır burada. Sanki özünüməhvetmə instinkti ilə — “annihilation” — yaşadıqlarını duymağa çalışırlar. Özünə xəsarət yetirən dustaq isə heç kimi maraqlandırmır. Nəzarətçilər həmin şəxsi döyə-döyə niyə özünü öldürmədiyini soruşurlar. Belə bir ağır şəraitdə hərə bir cür əqli sağlamlığını qorumağa çalışır. Mən dayanmadan yazıram, film izləyirəm. Kitab oxuyanlar da var, təsbeh düzəldənlər də. Əsas odur ki, boş dayanmayasan. Təcrid başladısa, getdikcə depressiyaya düşürsən.

Bizə hər həftə evdən hazır yemək gəlir. Bir gün otaq yoldaşıma dedim ki, artıq mən yemək bişirmək istəyirəm. Mənə güldü və təcrübəmin olub-olmadığını soruşdu. Əslində, zərrə qədər təcrübəm yox idi. Sadəcə başımı qatmağa məşğuliyyət axtarırdım. İlk bir ay bişirdiyim yeməklər bərbad olsa da, yavaş-yavaş bişirməyi öyrəndim. Burada əsas çətinlik bıçaq işlətməyin qadağan olması və istədiyin ərzaqların tapılmamasıdır. Bıçaq problemini konserv qapağını əyərək həll etmişəm. Ərzağın olmaması da insanı yaradıcı həllər tapmağa vadar edir.

Məsələn, bir gün səhər yeməyi üçün əlimdə soğan, yumurta və çili sousu var idi. Bu üçünü birləşdirdim və əla yemək yaratdım. İndi həftədə 3-4 dəfə bunu edirik. Həmişə yaxşı nəticə alınmır, amma bir dəfə kotlet bişirmək istədim, nəticədə “xəşilfason” bir şey alındı. Qiyməni hədər etdiyimi görən otaq yoldaşım mənə zarafatla: “Sən ancaq sup bişir, başqa əlindən heç nə gəlmir”, — dedi. Doğrudan da, sulu yemək bişirməyi artıq öyrənmişəm. Bu, mənə yaşamaq üçün yeni bir stimul verir. İnanıram ki, bir gün azadlığa çıxacağam, dostlarıma yemək bişirərkən evdə onlara hekayəsini də nəql edəcəyəm. Hər hekayə gülməli, ibrətamiz, maraqlı olmağa məcbur deyil. Əsas odur ki, sənin üçün bir məna ifadə etsin. Bu yeməyin də özlüyündə mənə yaşatdığı hisslər dadından daha vacibdir.

Həbsxana xatirələrindən insanlar çalışırlar danışmasınlar. Elə zənn edirlər ki, belə olduqda yaşadıqları təklik hissini unutmağı bacaracaqlar. Zindan beton və tikanlı məftillərdən ibarət tabutu xatırladır mənə. Bura düşdükdən sonra anlayırsan ki, yavaş-yavaş onun bir parçasına çevrilməyə başlayırsan. Təcriddə qalmaq insanı hissə-hissə məhv edir. İlham Əliyevin də bizi şərləməkdə məqsədi odur ki, bizi mənəvi cəhətdən sındırsın. Bunu əsla bacarmayacaq.

Nurlan Libre

Ana səhifəHəbsxanadan məktublarNurlan Libre: “Şef Nurlan” supunun resepti