Source: Meydan TV

Tovuz sakini: Əməliyyat olunmasam, ayaqlarım tamamilə tutula bilər

Valideynlərini gənc yaşında itirən Rüstəm Bayramovun ev problemi də var

Tovuz rayonu, Muncuqlu kənd sakini Rüstəm Bayramov ayaqlarının tamamilə tutulması təhlükəsi ilə üz-üzədir.

24 yaşlı gənc uzun illərdir skolioz (onurğa əyriliyi) xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, Heydər Əliyev Fonduna, Səhiyyə Nazirliyinə, Prezident İlham Əliyevə, Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Milli Məclisə müraciət edib:

“Təəssüf ki, heç bir qurumdan müsbət cavab ala bilməmişəm. Heydər Əliyev Fondu məktubumu Travmatologiya və Ortopediya İnstitutuna yönləndirdi. Orada da dedilər ki, biz əməliyyat edə bilmərik. Problemin ciddidir, məsuliyyəti üzərimizə götürə bilmərik. Bir çox özəl və dövlət xəstəxanasında oldum. Həkimlər əməliyyatdan boyun qaçırırlar, deyirlər ki, artıq çox gecdir. Məndə skolioz dördüncü dərəcəlidir. Azərbaycanda əməliyyatımı yalnız bir həkim üzərinə götürür. O, da deyir ki, əməliyyatdan sonra 20 faiz nəticə əldə etmək olar, yəni böyük riskdir. Türkiyədə isə 70-80 faiz nəticə əldə etmək olar, Azərbaycanla da müqayisədə risk çox aşağıdır. Bu, orada olan aparatların, avadanlıqların hesabınadır.

Türkəçarəyə də baş vurmuşam. Deyiblər ki, sənin üçün çox gecdir, uşaq vaxtı gəlsəydin, yaxud azacıq əyrilik olsaydı, problemi aradan qaldırmaq mümkün idi”.

Evin vəziyyəti

Evin vəziyyəti

Source: Meydan TV

Gəncin sözlərinə görə onurğa əyriliyi onda anadangəlmədir. Yaşa dolduqca xəstəlik özünü büruzə verməyə başlayıb: “Əvvəllər gözlə görünməyəcək dərəcədə idi. 13-14 yaşdan sonra əyrilik tam olaraq gözə çarpmağa başlayıb. Səhhətim hər il daha da ağırlaşır. Ayaqlarımda durğunluq yaranıb işləmir. Sümük sıxılması nəticəsində daxili orqanlarda funksional pozğunluqlar yaranıb, rahat nəfəs ala bilmirəm, təngnəfəs oluram. Başqa heç bir çıxış yolu yoxdur, ümid bircə əməliyyatadır. Yalnız əməliyyatdan sonra sağalmaq ehtimalım var. Buradakı həkimlər Türkiyədə əməliyyatın nə qədər tez keçirilərsə, faydasının daha çox olacağını deyir. Düzdür, elə bir diaqnoz qoymayıblar ki, bir aya əməliyyat olunmasam, ölə bilərəm. Yeganə risk odur ki, əməliyyat olunmasam, ayaqlarım tamamilə tutula bilər. Ona görə də əməliyyat nə qədər tez olsa, bir o qədər yaxşıdır. Sərbəst hərəkət edə bilmirəm, çəliklə yeriyirəm. Türkiyədə əməliyyat olunmağım üçün 23 min dollar lazımdır. Ümidim yalnız imkanlı şəxslərədir”. Rüstəm Bayramovun səhhətindən başqa digər bir problemi də var – ev. Valideynlərini uşaq yaşlarında itirən gənc 1960-ci ildə inşa olunmuş babasından qalan köhnə evdə yaşayır. Ev qəzalı vəziyyətdədir, dam örtüyü demək olar ki, yoxdur, divarlar da çürüyüb:

“Evlə bağlı dəfələrlə Prezident Adminstrasiyasına müraciət etmişəm. Adminstrasiya məktubumu Tovuz Rayon İcra Hakimiyyətinə göndərib. Keçən il iki dəfə icra hakimiyyəti başçısının qəbulunda olmuşam. Bu il avqust ayında məni müavinin qəbul etdi. İcrada deyirlər ki, fondumuz yoxdur ki, vətəndaşın evini təmir edək. Halbuki, burada, qonşu kəndlərdə yenidənqurma və təmir-bərpa işləri aparılan evlər var. Birinci qrup əlil olduğuma görə 300 manat pul alıram. Lakin bu pulla yaşamaq mümkün deyil. Kəndimiz Tovuz rayonundan xeyli kənardadır. Səhhətimlə əlaqədar, yol maşını ilə getmək mənə çətindir, gərək taksi sifariş edəsən. Taksi ilə də mərkəzə iki dəfə gedib-qayıdanda 100 manata yaxın pul çıxır. Dolanışığım çox çətindir. Bakıya gedəndə də kimdənsə borc almalı olursan, başqa cür mümkün deyil”.

Tovuz Rayonu İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi, mühəndis Mübariz Məmmədov Meydan TV-yə açıqlamasında bildirib ki, qurum heç bir vətəndaşa ev tikmir:

“Tovuzda 40 min fərdi yaşayış evi var, onun təxminən 30 mini bərbad vəziyyətdədir. Bunu tikməyə icra hakimiyyətinin gücü çatar? Sadəcə olaraq, insanlar maariflənməli, hər şey sivil səviyyədə yoluna qoymalıdır. Bunun üçün də daşınan və daşınmaz əmlaklarını sığorta etdirsinlər. Tovuz rayonunda 4-5 sığorta təşkilatı fəlaiyyət göstərir. Müraciət edib, evlərini sığorta etdirsinlər. Biz yalnız şəhid ailələri və Qarabağ əlilləri üçün imkanımız çatan qədər işlər görürük, güzəştlər edirik”.

Evin vəziyyəti

Evin vəziyyəti

Source: Meydan Tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8z7iut

Most Viewed