Source: Meydan Tv

Qro Harlem Brundtland – Norveçin ilk qadın Baş naziri

İkinci hissə

“Mən tərbiyəmə uyğun yaşamışam - prinsiplərimə və xəyallarıma sadiq qalaraq”.

  • Qro Harlem Brundtland

Amma qadın olduğuna görə üzləşdiyi problemlər həyatın Brundtlanda vurduğu heç də ən böyük zərbə deyildi. 1992-ci ildə onun 25 yaşlı oğlu uzun sürən psixoloji xəstəlikdən sonra özünə qəsd etmiş, bu hadisədən sarsılan Brundtland baş verənlərdə həm də özünü günahlandıraraq uşaqlarıyla daha çox birlikdə olmaq üçün həmin il partiya liderliyindən istefa vermişdi. Çox-çox illər sonra qələmə aldığı memuarlarında o, övlad itkisindən ürək ağrısıyla bəhs edəcək, ailəsinə az vaxt ayıra bildiyi üçün vicdan əzabı çəkdiyini yazacaqdı.

Həmin il onun üçün siyasi baxımdan da mənfi işarəli olmuşdu – təkcə öz ölkəsində deyil, bütün dünyada ətraf mühitin qoruyucusu kimi tanınan Brundtland kommersiya məqsədli balina ovunun bərpasına icazə verdiyi üçün “Qrinpis”in sərt tənqidilə üzləşmiş, Baş nazir postundakı ekoloji təəssübkeşlik fəaliyyətinə görə qazandığı “yaşıl ilahə” imici ciddi şəkildə zədələnmişdi.

Bu, Brundtlandın artıq üçüncü dəfə hökumətə rəhbərlik etdiyi dönəmdə baş vermişdi: 1989-cu il seçkilərdə yenidən önə çıxan sağ koalisiya bir müddətdən sonra Avropa İttifaqına üzvlük məsələsindəki fikir ayrılığı ucabtından dağılmış, 1990-cı ilin noyabrında Brundtland yenə Baş nazir seçilmişdi.

****

O dönəmdə də Qro qadın və uşaq hüquqlarının təminatı üçün ciddi işlər görür - Uşaq Nazirliyi təsis edir, uşaqlı qadınların işləmək imkanlarını artırmaq variantları üzərində çalışır, işsizlik probleminin həlli üçün ciddi səylər göstərir.

SSRİ-nin və ardınca Şərq Blokunun dağılmasıyla Avropada yaranmış yeni durum Avropa İttifaqına üzvlük məsələsini növbəti dəfə gündəmə gətirir. 1992-ci ildə Brundtland Norveçin quruma üzv olmasını təklifiylə çıxış edir.

Bir il sonra keçirilən seçkilər növbəti dəfə İşçi Partiyasının qələbəsiylə başa çatır və Brundtland dördüncü dəfə Baş nazir olur. Amma Aİ-yə üzvlüklə bağlı növbəti il (1994) keçirilən referendum əleyhdarların kiçik üstünlüyüylə (52%) başa çatır və özünün ən böyük hədəfinə çatmaq şansını itirən Qro hökumətin xalq iradəsinə tabe olacağını bəyan edir.

Bu hadisə onun mövqelərini zəiflətməsə də, Baş nazirin istefası barədə fikirlər səslənməyə başlayır. Növbəti seçkilərə bir ildən də az vaxt qalmış (1996) Brundtland istefa verir və siyasətdəki fəaliyyətini sadəcə parlament üzvü olaraq davam etdirir.

“Xanım Baş nazir” adlı memuar-kitabını o, həmin dönəmdə yazır, az sonra kitab ingilis dilinə də tərcümə olunur. Şəxsi katibəsi kimi ona yardım edən anası və 1980-ci illərin sonlarına qədər qatı konservator olaraq qalsa da, 1989-cu il seçkilərində xanımının partiyasına səs verəcəyini açıqlayan əri o çətin illərdə Brundtlanda dəstək olurlar.

Yeri gəlmişkən, Arni Olav Brudtland da kitab yazıb, həm də ikisini birdən: tanışlıqlarından, evliliklərindən və birgə yaşadıqları həyatın keşməkeşli yollarından bəhs edən “Qroyla evli” adlı birinci kitab 1996-cı ildə, “Hələ də Qroyla evli” adlı ikinci kitab 2003-cü ildə dərc edilib.

****

Baş nazirlikdən gedəndən sonra Brundtland beynəlxalq səviyyədə fəaliyyət göstərməyə başlayır. Hərçənd Brundtland bu məsələlərdə də təcrübəliydi. Hələ 1980-ci ildə o, İsveçin Baş naziri Uolf Palmenin rəhbərlik etdiyi tərksilah və təhlükəsizlik komissiyasının üzvü olmuş, qurumun iki il sonra açıqlanmış hesabatının hazırlanmasında yaxından iştirak etmişdi. Bunun ardınca Brundtland sülhün təmin edilməsi və Şərqlə Qərbin əməkdaşlığı üçün NATO-nun görə biləcəyi işlərlə bağlı vahid işçi siyasətin hazırlanması prosesinin iştirakçısı olmuşdu.

1983-cü ildə BMT-nin baş katibi Havyer Peres de Kuelyar ona Beynəlxalq Ətraf Mühit və İnkişaf Komissiyasının sədri olmağı təklif etmişdi. 1987-ci ildə komissiya “Bizim ortaq gələcəyimiz” adlı (həm də “Brundtlandın hesabatı” kimi bilinən) hesabat hazırlamış, ekologiya problemini bütün səviyyələrdə siyasətin gündəliyinə salmağı tövsiyə etmiş və gələcək nəsillərin maraqlarına ziyan vurmayan davamlı inkişaf konsepsiyası təqdim etmişdi. Bu hesabat dünya miqyasında böyük rəğbətlə qarşılanmış, Burndtlandı böyük siyasətin nüfuzlu fiqurlarından birinə çevirmişdi.

Bundan başqa, Brundtland 1992-ci ildə keçirilən Yer Sammitində və BMT-nin “XXI əsrin gündəliyi” proqramının hazırlanmasında də iştirak etmişdi.

1994-cü ildə BMT-nin Qahirədə keşirilən əhali və inkişaf məsələləri üzrə beynəlxalq konfransında Brundtland kontraseptivlər və abortlarla bağlı dini qadağaları tənqid etmiş, həmin qadağaları aradan qaldırılmağa səsləmiş, bu, dini liderlər tərəfindən böyük narazılıqla qarşılanmışdı.

O, həm də yoxsulluğun aradan qaldırılmasına qarşı qəti tədbirlər görülməsini istəyirdi. BMT-nin daimi nümayəndələri qarşısındakı çıxışında (1998) Qro dünya əhalisinin sağlamlığı və yoxsulluq problemlərinin bir-biriylə əlaqəli olduğunu demişdi:

“Hər kəsin, xüsusilə də qadınların və uşaqların sağlamlığına qoyulan investisiya güclü iqtisadiyyat yaratmaq üçün qoyulan investisiyalarla eyni təsirə malikdir. Dünya əhalisinin yarısını biz təşkil edirik! Bunu nəzərə almamaq ölümcül səhv olardı. Təkcə bu fakt qadınların sağlam və uğurlu olmasını müdafiə etməyə yetər. Qadınlara təkcə ona görə eyni səlahiyyətlər verilməməlidir ki, bunu onlar özləri tələb edirlər. Bu, qanunvericilikdəki dəyişikliklərə, informasiyanın həcminin artmasına və resursların istiqamətləndirilməsinə əsasən baş verməlidir”.

****

1997-ci ildə artıq parlament seçkilərinə də qatılmayacağını açıqlayandan sonra Brundtland Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri vəzifəsinə namizədliyini verir və bir il sonra keçirilən seçkilərdə səs çoxluğuyla qalib gəlir. O dönəmdə idarəetmə böhranı yaşayan, əvvəlki rəhbərliyin hədsiz mərkəzləşdirmə və qohumbazlıq siyasətinə görə ciddi tənqid olunan ÜST-də həm də ciddi maliyyə və təşkilatçılıq problemi vardı. Brundtland təşkilatın rəhbər strukturlarında kadr dəyişiklikləri aparır, fərqli ölkələrin müxtəlif təbəqələrinin təmsilçəlirndən ibarət 9 nəfərlik yeni komandanın 6 üzvü qadın olur.

Böyük siyasi təcrübəsi və beynəlxalq statusu sayəsində Brundtland səhiyyə problemlərinə yeni siyasi baxış formalaşdırır, mövzunu qlobal gündəmin əsas məsələlərindən birinə çevirir.

Özünün ilk çıxışında o, ÜST-ün özəl sektorla və sənayeçilərlə əməkdaşlıq zərurətindən danışır; bəzi qeyri-hökumət təşkilatlarıyla birlikdə yoxsul ölkələrdəki malyariya, vərəm və QİÇS-lə mübarizə proqramlarının hazırlanmasına start verir. Əhalinin sağlamlığı probleminin qlobal siyasətin bir nömrəli məsələsinə çevirməyi özünün ÜST-dəki əsas missiyası hesab edən Brundtland tütün sənayesindəki nəhənglərlə mübarizədən də qalib çıxır: çoxsaylı maneələrə və hətta sabotajlara baxmayaraq 2003-cü ildə çərçivə müqaviləsi imzalanır.

Amma o dönəmdə Qronun şəxsi həyatında vəziyyət o qədər də ürəkaçan deyildi: uşaqlığında xərçəng aşkar edilmiş və əməliyyat olunmuşdu (2002).

****

Brundtland keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun təşəbbüsüylə yaradılmış (2002) Madrid klubunda da fəaliyyət göstərib. Demokratik institutların möhkəmləndirilməsi və siyasi konfliktlərlə bağlı məsləhətləşmələri özünün əsas məqsədi elan etmiş klubda 56 ölkədən olan 80 keşmiş prezident və baş nazir təmsil olunurdu. Onlar demokratik rəhbərlik və idarəçiliklə, böhran və post-böhran situasiyalarıyla bağlı məsələlərə münasibət bildirmək üçün toplaşırdılar.

2007-ci ildə Nelson Mandela keçmiş dünya liderlərindən ibarət “Ağsaqqallar” (“The Elders”) qrupu yaradır və ora Qronu da dəvət edir. Qrup üzvləri “min illik kollektiv müdriklikdən” istifadə edərək qlobal problemlərdən çıxış yolları axtarırlar. Qrupun Kiprə, Koreya yarımadasına, Efiopiyaya (Həbəşistan), Hindistana və Yaxın Şərqə gedən nümayəndə heyətlərinin tərkibində mütləq Qro da olur.

Həmin il BMT-nin baş katibi Pan Gi Mun onu ətraf mühitin müdafiəsi üzrə xüsusi səfir təyin edir, bu vəzifəni Qro 2010-cu ilədək icra edir.

2007-ci ildə Brundtland həm də “Pepsi” şirkətinin sağlamlıq üzrə məsləhətçisi vəzifəsində çalışır. Bu, ölkədə səs-küyə səbəb olur. Qro tənqidlərə cavab olaraq bildirir ki, əsas məqsədi “Pepsi” içkisinin tərkibindəki şəkərin miqdarını azaltmaq məqsədilə həmin şirkətdə fəaliyyət göstərib.

Bir il sonra o, yenidən ciddi ictimai qınaqla üzləşir – bu dəfə əməliyyat üçün Norveçdən maliyyə dəstəyi aldığına görə. ÜST sədrliyindən gedəndən sonra Qro əriylə birlikdə Fransada yaşamağa başlamış, öz ölkəsinə gəlir vergisi ödəməmiş və buna görə də Norveçdən sosial yardım almaq hüququnu itirmişdi. Brundtland vergi məsələsini Norveç qanunvericiliyindəki boşluqla izah edərək tezliklə ölkəyə qayıdacağını açıqlamış, amma bunu ancaq 3 il sonra etmişdi.

****

2008-2010-cu illərdə Brindtland nüvə silahının yayılmasına qarşı Beynəlxalq Komissiyada fəaliyyət göstərir.

2011-cü ildə onun təşəbbüsüylə “Ağsaqqallar” uşaq evliliklərinə qarşı “Girls Not Brides” (“Balaca qızlar gəlin deyil”) kampaniyası başladırlar. Qro kampaniyanın məqsədini belə izah edir: “Biz 40 ölkədən 200 qeyri-hökumət təşkilatının iştirak etdiyi qlobal əməkdaşlıq layihəsinə start verdik. Bu, müxtəlif peşə sahiblərinin əməkdaşlığı – bəziləri insan haqlarının müdafiəsi sahəsində çalışırlar, bəziləri anaların sağlamlığını təmin etməklə məşğuldurlar, digərləri qızların məktəbdən çıxarılmasını əngəlləmək istiqamətində fəaliyyət göstərir. Hər il 18 yaşı bitməmiş 14, 2 milyon qız ailə qurur. Biz bu problemi həll etməsək, 2020-ci ilə qədər 142 milyon qız hələ uşaqkən ərə gedəcək” (2013-cü ildə kampaniya eyni adlı beynəlxalq QHT-nin yaranmasıyla nəticələnib, 2017-ci ilin məlumatına görə, təşkilatda 85 ölkədən olan 700 QHT təmsil olunur).

Afrikada, Hindistanda və digər ölkələrdə liderlərlə görüşlər keçirən “Ağsaqqallar”-çılar məsələnin BMT səviyyəsində müzakirəsinə nail olurlar. Brundtland müsahibələrinin birində deyir ki, “Biz danışmağa başlamasaydıq, bu baş verməyəcəkdi”.

Qro qadınlara qarşı diskriminasiyanı hələ gənckən gördüyünü və qız və qadınların vəziyyətini yaxşılaşdırmaq qərarını da məhz o illərdə verdiyini deyir.

Televiziya müsahibələrinin birində o, iş yerində cinsi təhrikə məruz qalmasından danışıb:

“İşlədiyim xəstəxanada bir həkim köməkçisi vardı. Məndən 10 yaş böyük olan bu adam ailəliydi və uşaqları vardı. Bir gün mən masa arxasında oturub sidik analizlərini gözdən keçirəndə gəlib arxamda dayandı, qulağımın yanını və boynumu qıdıqlamağa başladı. Nə edəcəyimi bilmədim. Fikirləşdim ki, ən yaxşısı özümü bilməzliyə vurmaqdı, guya heç hiss eləmədim. Qımıldanmadan oturub işimi görməyə davam etdim. O, hərəkətinin mənə müsbət təsir bağışlamadığını başa düşüb otaqdan çıxdı”.

****

22 iyul 2011-ci ildə Oslo və Utoe şəhərlərində terror aksiyası törədib 77 nəfərin həyatına son qoyan Andres Breyvik həbs ediləndən sonrakı açıqlamasında əsas hədəfinin Qro Brundtland olduğunu deyir. Həmin gün Qro Gənclərin İşçi Liqasının yay düşərgəsində çıxış etmiş, planını reallaşdırmağa Breyvikə sadəcə yolda yubanması mane olmuşdu.

Breyvik Brundtlanda nifrətini onun immiqrasiya siyasətiylə əlaqələndirmiş, Norveçin mühacir axınına uğramasında onu günahlandırmışdı. Halbuki Qro bu məsələdə digər Avropa liderlərindən daha sərt mövqe nümayiş etdirirdi: “Biz immiqrasiyanın neqativ nəticələri haqqında danışmağa cəsarət edəndə İsveçdəkilər susurdular. Bu nəticələrin üzə çıxmasına 30 il lazım gəldi”.

Brundtlandın başqa mövzularda da cəsarətli fikirləri var.

Məsələn, müsahibələrinin birində o, ABŞ prezidenti Donald Tram haqqında belə deyib:

“Tramp kobuddur. Başqalarının istifadə etmədiyi üsullardan istifadə edir, sanki xüsusi bir otaqda, təkbaşına oturub, nə sağa baxır, nə sola. Ona görə də insanlar düşünürlər ki, bu, nəsə yeni bir şeydir”.

Söz azadlığının indiki sərhədləri də Qronun xoşuna gəlmir. O hesab edir ki, “İnternet və sosoial şəbəkələr İşçi Partiyasının əvvəlki əzəmətinə qayıtmayacağından daha böyük qorxudur. Biz insanların dedikləri üzərindəki nəzarəti itirəcəyik. Bizim hansı növ dezinformasiyaların yayılmasıyla bağlı heç bir analizimiz yoxdur” (yanvar, 2019).

Qronun bu fikirləri Norveçdə ciddi narazılığa səbəb olub. İnkişaf Partiyasının üzvü Kristian Tibrinq-Gedde özünün “Facebook” hesabında yazıb ki, Brundtlandın sözləri qorxu yaradır, çünki o, hakimiyyətin sosial şəbəkələri nəzarətə götürməsini istəyir.

Enerji ehtiyatlarının hasilatı barədəsə Brundtland belə düşünür:

“Dünya su, günəş, külək enerjisi kimi bərpa olunan enerji istehsalını artırmalıdır. Hazırda bir çox ölkələrdə atom enerjisindən istifadə planlaşdırılır. Biz neft və kömür kimi yeraltı enerji ehtiyatlarının istehsalına da davam etməliyik, amma təbiətə indikindən daha az zərər vurmaqla. İstəsək də, istəməsək də, dünyanın enerjiyə ehtiyacının böyük hissəsini yaxın onilliklərdə yeraltı mənbələr təmin edəcək. Xüsusilə də Çində və Hindistanda getdikcə artmaqda olan daşkömür mənbələri. Ona görə də karbonun yaxalanması və saxlanması texnologiyalarını inkişaf etdirmək vacibdir”.

****

Öz fəaliyyəti haqqında Qro belə düşünür: “Mən Baş nazir olanda davamlı inkişafın əsas şərtlərindən olan qadın haqlarının müdafiəsi üçün, iqlim problemləri və əlbəttə ki, nüvə silahının yayılmaması məsələləri üzərində çalışmışam. Yəni fəaliyyət sahəm çox geniş olub. Mən heç vaxt şəxsən özüm üçün vəsait tələb etməmişəm. Heç vaxt. Mən bunu edə bilməzdim. Bizdə siyasi reklam yoxdur. Biz televiziyada özümüz üçün vaxt ala bilmərik. Belədə hər şey başqa cür olur, biz ancaq çalışmaqla insanları inandıra bilərik. Ona görə də vacib olan şey pul yox, arqumentlər və əməllərdir”.

Bütün böyük siyasətçilər kimi, Qro Harlem Brundtland da bəzi hallarda siyasi intuisiyasıyla hərəkət edib. Eyni zamanda, o, həm partiya, həm də ölkə idarəçiliyi üçün uzunmüddətli proqramlar əsasında fəaliyyət göstərib. Amma bu bacarıqlı qadın faktları və onların analizini hər şeydən vacib hesab edib. Onu 1990-cı illərin Norveçində siyasi bütə çevirən əsas səbəb yəqin ki, məhz budur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s68u0n

Most Viewed