Polis çörəyi və ya Usubovların biznesi

Source: Meydan.tv

Caption: Polis çörəyi və ya Usubovların biznesi

Polis çörəyi və ya Usubovların biznesi

Article was updated on :  21 April 2019

Daxili İşlər naziri Ramil Usubovun ailə üzvləri onun başçılıq etdiyi sistemdə böyük vəzifələr tutur. Amma bu ailə nazirlikdəki işlərindən gəlirləri ilə kifayətlənməyib, həm də müxtəlif biznes sahələrində mövqe sahibləridir. İlk baxışdan polis orqanları ilə heç bir əlaqəsi olmayan bu biznes sahələrinin işinə Ramil Usubovun rəhbərlik etdiyi qurumun fəaliyyəti də dəstək olub...

“Meyvəli” bazar

“Biz lazımsız maşınları şəhərə buraxmayacağıq”.

2014-cü ildə Avropa oyunları ərəfəsində iri tonnajlı maşınların Bakıya girişini məhdudlaşdırmaq qərarını şərh edərkən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov belə demişdi. Bu qadağalar hələ də qüvvədədir. Həmin qərar oyunlar zamanı şəhərdə nəqliyyat sıxlığının qarşısını almaq üçün verilsə də, o vaxtdan şəhərin girəcəyində yerləşən “Meyvəli” bazar demək olar ki, yeganə topdansatış məntəqəsinə çevrilib.

Meyvəli bazar

Meyvəli bazar

Source: Azadlıq Radiosu

Gediş-gəliş imkanlarının məhdud olduğu “Meyvəli” MMC-nin (VÖEN:1401353861) ərazisi çox genişdi. Burda dibçək güllərindən, küçə süpürgəsindən tutmuş zəncəfilə, manqodan Gürcüstan qarpızına qədər hər növ məhsula rast gəlmək olar. Satış cərgələrinə yaxınlaşan kimi əl arabasıyla yük daşıyanlar da alıcıya yaxınlaşır. Bazarda yeni müştərini sanki gözündən tanıyırlar. Hərə bir yandan səsləyir. Ərazisi geniş olan bazarın natəmizliyi də öz yerindədi. Pulyığanların köşkləri işarələnib. Satıcılar isə söhbətə o qədər də həvəs göstərmirlər. Danışanlar isə daha çox alacağın məhsulla maraqlanır, nəinki verəcəyin sualla.

“Meyvəli”nin geniş soyuducu kameraları ilə yanaşı oteli də var - Qaradağ Hill Hotel. Qaradağ Hill otelin adı ingiliscədə “Black Mount Hotel” kimi gedir. Bir gecənin məbləği 47-60 manatdır.

Bazarın rəsmi internet səhifəsindəki məlumata görə, “Meyvəli” dövlət layihə-smeta sənədləri əsasında 2009-cu ildə inşa edilib.

Ümumi ərazisi 35 ha olan «Meyvəli» - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulub.

8-ci kilometr bazarında

Polis qadağası ilə bazarı məhdudlaşan təkcə topdansatış məntəqələri deyil. “Meyvəli”dən başqa cəmi bir topdansatış bazası var - 8-ci km bazarı. Həmin bazara bir çox məhsul “Meyvəli”dən gedir.

““Meyvəli” daha çox topdansatış üzrə tanınır, burdakı pərakəndə satışdı. Sonradan baxdılar ki, burda işləyənlər gedib ordan gətirməkdənsə, “Meyvəli”nin bir hissəsini də burda yaratdılar. Yuxarıda. Bir nəfər aparıb “Meyvəli”yə verirdisə, indi həmin o nəfər bura da gətirir," - 8-ci km bazarının satıcısı deyir.

Satıcının sözlərinə görə, kiçik maşınların çoxu 8-ci km bazarına girir. O deyir ki, Bərdə soğanını da satışa "Meyvəli"dən gətirirlər: "Burda qalanların əksəriyyəti orta təbəqə ilə aşağı təbəqədir. Bunların imkanı yoxdur ki, gedib 1000 manatlıq mal götürüb gəlsin. Ora getmək puldu. Burda 300-400 manatlıq mal vurursan, ora getmək üçün azı 15-16 000 pulun olmalıdır ki, “oborot” edə biləsən".

Polisin himayəsində

Xəqani küçəsində müxtəlif sitrus meyvələri satan Şərabanu xanım isə deyir ki, onun burada alver etməsinə sahə müvəkkili imkan yaradır. Önündə bir neçə vedrə ayaqüstdə pul qazanan satıcı günün sonunda işini bitirib evinə gedir. Nə harasa piştaxta, nə də ağır tərəzi qoyur. Meyvələri az-az əl tərəzisində çəkir. Deyir ki, onu sahə müvəkkili yox, post-patrul maşınları qorxudur. Post Patrul Xidmətinin əməkdaşları Şərabanu xanımın alverinə icazə vermirlər.

Satıcıya polislər limon satmağa imkan vermirlər

Satıcıya polislər limon satmağa imkan vermirlər

Source: Meydan.TV

Bayıl qəsəbəsində yol kənarında satıcı işləyən Sənan isə sualı eşidən kimi baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtdü: "Hər şeyi bu (yəni pul) həll edir. Yuxarı səviyyədə çatır və ondan sonra işimizi görürük. Yoxsa bizə imkan verməzlər".

İstər topdan, istər pərakəndə satışla məşğul olan meyvə-tərəvəz tədarükçüləri polis məhdudiyyətləri ilə üzləşir. Təsadüf elə gətirib ki, bu məhdudiyətlərə görə alıcıların “Meyvəli” bazara üz tutmasından da qazanc götürən ən yüksək çinli polisin ailəsidir.

"Meyvəli"ni bağlatdıran həyat yoldaşı

Vergilər Nazirliyinin hazırkı reyestr məlumatlarına görə, “Meyvəli” MMC 2008-ci ilin, mayın 6-da təsis olunub. Təsisçiləri Qocayev Əbülfət Novruz oğlu və Şirinova Lətafət Kamran qızıdı. Lətafət Şirinova daxili işlər naziri Ramil Usubovun həyat yoldaşıdır. R.Usubovla L.Şirinova Bakıda eyni ünvanda qeydiyyatdadırlar. Ünvan Səbail rayonu, Bül-Bül prospekti 11, İ.Nəbiyev, ev 4, mənzil 157.

"Meyvəli"nin rəsmi internet səhifəsini incələdikdə təklif olunan xidmətlər içərisində “Qaradağ Hill” Otelin (VÖEN: 2002627861) adı çəkilir. Otelin hüquqi ünvanı “Meyvəli”nin hüquqi ünvanı ilə eynidi. Otel Vergilər Nazirliyinin reyestrində qeydiyyata alınıb və hüquqi təmsilçisi Günəşova Rəna Rüstəm qızıdı. R.Günəşova Bakı şəhərində Nəsimi rayonu, Cavadxan küçəsi ev 56, mənzil 68-də qeydiyyatdadır. Bina yataqxanadır. Həmin ünvanda R.Günəşovanın bacısı öz övladı ilə birgə yaşayıb. Əslən Hacıqabul rayonundan olan R.Günəşova Xarici Pasportların Qeydiyyatı Şöbəsində çalışıb. Bunu onların qonşuları söylədi. Hazırda həmin evdən köçüblər. Onun işlədiyi qurum Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərib. Rəna Günəşovanın hüquqi təmsilçisi olduğu daha iki şirkət qeydiyyata alınıb. Biri “Əbülfət” MMC-dir. Hüquqi ünvanı isə Əbülfət Qocayevin hazırda qeydiyyatda olduğu ünvandı - Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 30, mənzil 12. (bu müəssisənin Rusiya bağı da mövcud olub. Adı “Абульфаз” OOO. Hazırda hər ikisinin qeydiyyatı ləğv olunub), digəri isə “A CO” MMC-dir (VÖEN: 2000187281).

"Meyvəli" ilə eyni ünvanda qeydiyyatdan keçən müəssisələr "Meyvəli Hacıqabul"-(VÖEN:1101320931), "Meyvəli-A" MMC (VÖEN:1100780801).

"Meyvəli"nin ölkədə çoxfunksiyalı fəaliyyətinə start verilib. Belə ki, 2016-cı il aprelin 11-də prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında sərəncam imzalayıb. Bir neçə ay sonra sentyabrın 2-də "Meyvəli"nin keçmiş direktoru və həmtəsisçilərindən biri Əbülfət Qocayev ASC-yə sədr təyin olunub. "Meyvəli"nin hüquqi təmsilçisi də yenilənib - onu Şirinov Rafiq Kamran oğlu əvəz edir.

Sərəncama əsasən, cəmiyyətin rəhbərliyini təyin və vəzifədən azad etmək səlahiyyətini prezident öz üzərinə götürür.

Oktyabrın 1-də prezident ASC-nin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayırıb. 2016-cı ilin hesabat sənədlərini incələdikdə bəlli olur ki, daha 35 milyon manat vəsait (Cədvəl 72) “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə ayrılıb.

Səhmdar Cəmiyyətin imkanları genişləndirilməkdə davam edir. Uşaq bağçalarının, hərbi hissələrin, polis idarələrinin, icra hakimiyyətlərinin, xəstəxanaların ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatı bu dövlət qurumunun vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, 81 nəfər mərkəzi ofisdə, 53 nəfəri regional bölmələrdə olmaqla 134 nəfərlik təcrübəli kadr potensialı formalaşdırılıb, paytaxtla yanaşı 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, soyuducu tipli depo-anbarlar qurulub.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla (körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 sayda müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1 835 sayda təchizat nöqtəsi yaradılıb.

Daxili işlər naziri Ramil Usubov, onun 1-ci müavini Vilayət Eyvazov və qaynı Əbülfət Qocayev

Daxili işlər naziri Ramil Usubov, onun 1-ci müavini Vilayət Eyvazov və qaynı Əbülfət Qocayev

Source: Meydan.TV

Əbülfət Qocayev daxili işlər naziri Ramil Usubovun 1-ci müavini Vilayət Eyvazovun qaynıdı. R.Usubov V.Eyvazovla Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri olduğu vaxtda birgə işləməyə başlayıb. Hər ikisinin bu zamana qədər münasibəti yaxşı olub və Vilayət Eyvazov qısa müddətdə həm rütbəsini, həm də vəzifəsini irəlilədib. 2003-cü il hadisələrində qəddarlıqla nümayişçilərin dağıdılmasında o iştirak edib. Vilayət Eyvazov Əbülfət Qocayevin bacısı Elnarə Qocayeva ilə evlidir. Mərkəzi Seçki Komissiyasının elektron səhifəsində V.Eyvazov və E.Qocayevanın eyni ünvanda qeydiyyatda olduğu göstərilib. Həmin ünvanda daha bir nəfər qeydiyyatdadır - Əliyar Qocayev Novruz oğlu. Əliyar Qocayev də hazırda “Velatrek” ( VÖEN: 1501567981) bazarının qanuni təmsiçisidir. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə “Velatrek”-in keçmiş qanuni təmsilçisi Süleymanlı Orxan Azər oğludur. Müəssisənin təsisçiləri Süleymanlı Orxan Azər oğlu və Davudov Murad Ramazanoviçdir. “Velatrek” yanvarın 14-ü 2010-cu ildə təsis olunub.

Çoxprofilli biznesmen

Lətafət Şirinovanın adı qarşımıza Türkiyə reyestrində də çıxır. Yenə də Şirinovla və daha bir maraqlı soyad sahibi Raul Usubovla birgə. Raul Usubov Ramil Usubovun kiçik oğludur. Hazırda Daxili İşlər Nazirliyində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir. Lətafət Şirinova və Raul Usubov “R Turan Gayrimenkul İnşaat Turizm Sanayi ve Dış Ticaret Limited Şirketi”nin həmtəsisçiləridir. Şirkət İstanbulda yaradılıb. Nizamnamə kapitalı 50 min türk lirəsidir. Raul Usubov öz hissələrini anasının adına rəsmiləşdirib. Digər ortaq Mürvət Hacıyev də hissələrini Dilarə Şirinin adına keçirib. Dilarə Şirinin kim olduğunu müəyyənləşdirə bilmədik.

“R-Turan” MMC-yə (VÖEN: 1401172091) Azərbaycanda da rast gəlirik. Müəssisə 2007-ci ildə təsis olunub. Qanuni təmsilçisi isə Şirinov Rafiq Kamran oğludur - Lətafət Şirinovanın qardaşı, Raul Usubovun dayısı. “R-Turan” MMC Hacıqabulda kərpic zavodu açıb. Müəssisənin açılışında prezident İlham Əliyev də iştirak edib.

Yeni zavodun inşasına 3,5 milyon, maşın və mexanizmlərin alınmasına 700 min manat vəsait xərclənib.

Qanun Daxili İşlər Nazirliyi işçilərinə, o cümlədən nazirə bizneslə məşğul olmağı qadağan edir. (“Polis Haqqında Qanun” - Maddə 32. Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət

I. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.

Hüquqşünas Səməd Rəhimli deyir ki, özlüyündə bir nazirin arvadı (əri) özəl kommersiya hüquqi şəxsin təsisçisi ola bilər: "Əgər yaradılan bazar özəl kommersiya hüquqi şəxs, yəni MMC, yaxud Səhmdar Cəmiyyət kimi yaradılıbsa, onda belə bir şəxs özlüyündə təsisçi ola bilər. Problem orda yaranır ki, bazarın/hüquqi şəxsin təsisçisi olan şəxs (nazirin yaxın qohumu) belə bir biznes fəaliyyəti üçün sərmayəni haradan, yaxud hansı vasitələrlə əldə etdiyini açıqlasın. Əgər belə sərmayə həmin şəxsin vəzifəli şəxs (nazir) olan yaxın qohumunun fəaliyyətindən irəli gəlirsə, bu halda korrupsiya mövcud olur və bu hal Korrupsiyaya qarşı mübarizə haqqında Qanununa ziddir".

Hüquqşünas Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimli

Source: MİL Şəbəkəsi

Hüquqşünas bazarın fəaliyyətinin tənzimlənməsinə diqqət etməyi vacib sayır: "Əgər bazar əsassız olaraq yerli fermerlərə qadağalar qoyursa, "Haqsız Rəqabət Haqqında" Qanununu pozmuş olacaq. Bu halda İqtisadiyyat Nazirliyi nəzdində Anti-İnhisar Departamenti bazarın haqsız rəqabətə yol verib-vermədiyini aydınlaşdırmalı və buna uyğun tədbirlər görməlidir.

Daxili işlər nazirinin işində maraq konflikti həyat yoldaşının biznesinə dəstəklə bitmir.

Nazirin rəhbərliyi altında işləyən qohumların sayı-hesabı yoxdu. Və bu qohumların içərisində Lətafət Şirinovanın qardaşları xüsusi seçilir. Şirinovların müəssisələrini qeydiyyatdan keçirdikləri əsas ünvan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 56-dır. Bu, “Meyvəli” MMC-nin keçmiş hüquqi ünvanıdır. Bu ünvanda daha bir neçə müəssisə qeydiyyatdan keçib. Bunlar - "R-Turan" MMC, Müasir Diaqnostika Klinikası, "Kəpəz" İstehsalat-Kommersiya Firmasıdır. Hazırda həmin ünvanda Müasir Diaqnostika Klinikası yerləşir. Klinika həm diaqnostik mərkəz, həm də müayinə-müalicə xidmətləri təklif edir. 18.04.2013-cü ildə yaradılıb. Keçmiş qanuni təmsilçisi Səfərov Hacı Balabəy oğlu olub. Sonra qanuni təmsilçi dəyişib. Hazırda İlqar Asadovdu. Ata adı verilməyib. Klinikanın domen adını incələdikdə “Büllur” Klinikasının adı ilə rastlaşırsan. “Büllur” Klinikası 04.05.2006-cı ildə yaradılıb. Hazırda qanuni təmsilçisi Əliyeva Sevinc Allahverdi qızıdı - Saytın məlumatına görə, 2016-cı ildə S.Əliyeva direktor təyin olunub. Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrinin siyahısında “Büllur” Klinikası “Sağlam Ailə” Klinikası olaraq qeyd edilib. Bu klinika da bir çox xidmət təklif edir. Amma ən çox xidmət təklif edən “Müasir Diaqnostika” Klinikasıdır. Həm “Sağlam Ailə”, həm də “Büllur” Klinikasının hüquqi ünvanı eynidir - Bakı şəhəri, Ak.Mirəli Qaşqay, ev 93, m.7. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, müəssisənin qanuni təmsilçisi Eyvazov Vüqar Eldar oğludu. MMC martın 16-ı 2003-cü ildə təsis olunub. “Sağlam Ailə” MMC-nin bir neçə törəmə müəssisəsi var - “Sağlam Ailə Hospital” (qanuni təmsilçi Şükürova Gülçöhrə Teyyub qızı, 15.05.2014 təsis ili), “Sağlam Ailə Poliklinikası” (qanuni təmsilçi Eyvazov Vüqar Eldar oğlu 18.01.2010) Poliklinikanın qanuni təmsilçisi də dəyişib. Öncəki təmsilçi Qurbanova Ülviyyə Almaz qızı olub. Təsisçilər isə Eyvazov Vüqar Eldar oğlu, Fərzəliyev Zaur Tofiq oğlu olub. “Sağlam Ailə Klinikası” (qanuni təmsilçi Şükürova Gülçöhrə Teyyub qızı 15.05.2014 təsis ilidi) və “Ultra Lab” MMC. Bu klinikalarıyla eyni ünvanda “Matrix Group” MMC qeydiyyatdan keçirilib. İnternetdə paylaşılan gömrük sənədində “Matrix Group”un tibbi ləvazimatlar gətirdiyi qeyd olunub. Qanuni təmsilçisi Şükürova Gülçöhrə Teyyub qızıdı.

Ramil Usubovun qaynı Rafiq Şirinov daha bir neçə müəssisənin qanuni təmsilçisidir. Bunlar "Tərəqqi İnşaat" MMC və "Kəpəz" İstehsalat-Kommersiya Firması olub. Hazırda ləğv olunan "Kəpəz" ləğvetmədən öncə İsmayılov İsmayıl Aydın oğlunun adına keçirilib. “Tərəqqi İnşaat” evlər, binalar tikir və satışilə məşğuldu. “Kəpəz” İstehsalat-Kommersiya Firması haqda heç bir məlumat yoxdur.

Usubovun qayınlarının böyüyü Fikrət Şirinov Sumqayıt Əmlak Komitəsinin rəisi olub, hazırda səhmdardır. Səhmdarı olduğu müəssisələrdən biri – Quba Konserv ASC-dir. O, eyni zamanda Amil Əliyevlə birgə tam ortaqlı "Zaman" firmasının sahibidir (VÖEN: 1600249941). “Zaman” firması haqda da dəqiq informasiya yoxdur. Müəssisənin qanuni təmsilçisi Əliyev Akif Famil oğlu (Əliyev Akif Famil oğlu MSK-nın saytında pansionatda qeydiyyatdadır) olsa da, firmanın hüquqi ünvanı Fikrət Şirinovun qeydiyyatda olduğu ünvandır. Alim Əliyev isə Lətafət Şirinovanın Türkiyədə daha bir - “ANK Dış Ticaret Turizm Qıda ve İnşaat Sanayi” şirkətində (Şirkətin fəaliyyəti - Velosiped, avtomobil, dəniz və hava nəqliyyatına aid vasitələr, eləcə də onların ehtiyat hissələri, mikroavtobus və avtobuslar, kombayn, traktor, onların ehtiyat hissələri, kənd təsərrüfatına aid alət və maşınlar, avtomobil və uçan aparatlar, vertalyotlar və s. inşaat və hər cür inşaat işləri daxil olmaqla geniş fəaliyyət sahəsinə malikdir. ) ortaqdır. Alim Əliyev Müzəffər oğlu Bakı şəhərində Babək prospekti 72, mənzil 3-də qeydiyyatdadır. Həmin ünvanda da yaşayır. Onun yetkinlik yaşına çatmış qızı və həyat yoldaşı A.Əliyevin Türkiyədə biznesi olduğunu təsdiqlədilər. Gedib-gəldiyini, amma konkret nə iş gördüyünü bilmədiklərini də dedilər. Hər hansı bir məmurla biznes əlaqələrinin olub-olmamasından da xəbərsizdirlər. Onu da qeyd edək ki, Alim Əliyev Mərkəzi Seçki Komissiyasınının rəsmi internet səhifəsində Əlim Əliyev kimi qeydiyyatdan keçib. ANK Şirkəti İstanbulda 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 milyon türk lirəsidir. Nizamnamələrində "ANK"-ın ortaqlarından biri Nuru Əliyevdir. O, Bakıda “Nurgun Motors”un idarə heyətinin rəhbəridir. Bu şirkət ölkəyə gətirilən “Ford” avtomobillərinin rəsmi distrübütorudur. 12.03.2013-cü il tarixində "ANK Dış Ticaret Turizm Qıda ve İnşaat Sanayi Limited" Şirkəti öz hissələrinin 49 000 TL-ni Lətafət Şirinovaya, 1000 (min) TL-ni isə Dilarə Şirinə təhvil verib. Hər iki qadının Türkiyədəki vergi nömrəsi Raul Usubovla Mürvət Hacıyevin adına qeydiyyatdadır. Mürvət Hacıyevin Nuru Əliyevlə daha bir şirkətdə ortaqlıqları var - "NNC Dış Ticaret Nakliye Turizm ve İnşaat Sanayi Şirketi"(Bəzi quru, hava və dəniz nəqliyyatına aid maşınlar, onların aksesuarları, yük avtomobilləri, buldozer, ekskavator, generator və kompressorlar və s.-nin idxalı, ixracı və digər işlər). Nizamnamə kapitalı 100 min lirə olan şirkət 2006-cı ildə İstanbulda təsis olunub.

Nazirin digər qayını Rafiq Şirinov Usubovların işində yaxından iştirakçı kimi görünür. O, "Tərəqqi İnşaat" Mənzil-Tikinti Kooperativinin (VÖEN 1600017491) də qanuni təmsilçisidir. Kooperativ fərdi və çoxmənzilli binaların tikintisi ilə məşğul olur.

Ramil Usubovun qayınları olan Şirinovların fəaliyyəti yuxarıda sadalananlarla bitmir. Digər qayın Ərəstun Şirinov "Urxan" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 8600006021) hələ 1993-cü ildə qeydiyyatdan keçirib (Müəssisənin adı Ə.Şirinovun əkiz oğlanlarından biri Urxan Şirinovun adınadır). Urxan Şirinov hazırda 41-ci polis bölməsinin rəisidir.

Ramil Usubovun kiçik oğlu Raul Usubovun biznes fəaliyyətindən xəbər tutmaq mümkün olsa da, böyük oğul Emil Usubovun adına reyestrlərdə rast gəlinmir. E.Usubov da qardaşı kimi atasının yanında işləyir - İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə ona general-mayor rütbəsi verilib. Ramil Usubovun gəlini - Aysel Usubova onun böyük oğlu Emilin həyat yoldaşıdır. A.Usubova “Nurgün Holdinq”də, daha dəqiq, NBC bankda pay sahibidir. Aysel Usubova Xətai rayon prokuroru Yusif İldırımzadənin qızıdır. Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadə “ƏmrahBank”ın Müşahidə Şurasının sədridir. Bankda 54,14 faizlik paya sahibdir.

Hikmət Sahib oğlu Usubov elə əmisinin əmrilə Yasamal Rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.

Nazirin digər qayını Nüsrət Şirinov da polis general mayorudur. O, Daxili İşlər Nazirliyi Katibliyinin rəisidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  21 April 2019
Featured in:  
Shortlink:   http://mtv.re/z5cijf

Most Viewed