Abbas Hacıyev və kənd sakinləri

Source: Meydan TV

Caption: Abbas Hacıyev və kənd sakinləri

“Camaata verilən suyu heç heyvanlar da içmək istəmir”

Article was updated on :  3 July 2020

Saatlı sakini: “Nə içməyə su var, nə də heyvan ötarmağa örüş yeri...”

Saatlının Azadkənd kəndinin sakinləri deyir ki, dolanışıqları kənd təsərrüfatından - əkinçilik və maldarlıqdan çıxır. Amma son illərdə artıq bununla da məşğul ola bilmirlər. Çünki kənddə həm su tapılmır, həm də örüş yerləri imkanlı, vəzifəli adamlara satılıb. Yaranmış durumla əlaqədar müxtəlif dövlət orqanlarından kömək istəsələr də, hələlik nəticə yoxdur.

“Bizə verilən suyu heç heyvanlar da içmək istəmir”

Bu barədə Meydan TV-yə danışan Azadkənd sakini Abbas Hacıyev deyir ki, son günlərin ən böyük problemlərindən olan susuzluq kənd camaatına böyük əziyyət verir. Onun sözlərinə görə, cəmi iki gündür arxa su gəlib. Bu da yalnız motorlarla sahələrə vurmağa yarayır: “Əkini ancaq belə suvarmaq mümkündür. Deyilənə görə, yeni şumlanmış sahələr üzündən qıtlıq yaranıb. Hacı İbrahim Nehrəmlinin əkin sahələri olduğu deyilir. Suyun qarşısını kəsib ora yönləndirirlər. Camaata elə su verirlər ki, heç heyvanlar da içmək istəmir. Təsəvvür edin, o suyu biz içməliyik...”

40 yaşlı kənd sakini danışır ki, o, gözünü açandan burada normal qaydada kranı açanda su gəldiyini görməyib. Bu illər ərzində Azadkənddə normal su sistemi olmayıb. İndi durum lap ağırlaşıb. Sakinlər bir neçə gün heç olmasa, keyfiyyətsiz suyu tapsalar da, sonradan həftələrlə susuz qaldıqları olur: “Bu kənddə heç vaxt kranı açıb su içməmişik. Belə bir şey görməmişik. İndi hərə həyətdə bir hovuz tikib. Su gələndə oranı doldurmağa çalışırlar. Çünki camaat bilir ki, indi su var, sonra 20 gün, bir ay olmayacaq”.

İmişli Regional  Ədliyyə İdarəsi

İmişli Regional Ədliyyə İdarəsi

Source: Meydan TV

“Heyvanlarımız acından qırılır”

Abbas Hacıyev deyir ki, örüş yerlərinin satılması problemi kənddə çoxdan var. Bələdiyyə strukturu olandan camaat belə problemlə üzləşir. Son illər vəziyyət bir az da pisləşib.

Abbas Hacıyev kənd bələdiyyəsinin 500 hektardan çox ərazini öz adamlarına satdığını iddia edir.

“Bizim heyvanlarımızı otarmağa yerimiz yoxdu. Kənddə hamıya pay torpaqlar verilib. Bəzi adamlar həmin əkin sahələrini satıb, bələdiyyədən daha ucuz qiymətə örüş yerlərini alır. Heyvanlarımız qırılır acından. Dəfələrlə müxtəlif yerlərə müraciət eləmişik. Əsas istəyimiz odu ki, heyvanların örüş yeri qayıtsın. Şəhərdən kəndə qovurlar ki, gedin, heyvan saxlayın. Kənddə heyvanlarımız acından qırılır. Neyləyək, heyvanları satıb şəhərə qayıdaq? Bizim əsas dolanışığımız heyvandarlıqdandı axı”, - kənd sakini deyir.

Örüş yeri problemi ilə üzləşənlər müxtəlif dövlət orqanlarına şikayət edib. Məsələn, Ədliyyə Nazirliyinə məktub məhz karantin dövründə göndərilib. Nazirlik də araşdırmaq məqsədilə bələdiyyəyə məktub ünvanlayıb:

“Bələdiyyədən nazirliyə cavab məktubunda yazıblar ki, o sahələr örüş yerləridir, sadəcə, dəfələrlə xəbərdarlığa baxmayaraq, bəzi vətəndaşlar oraları zəbt edib. Bizim məktubumuza isə bələdiyyənin başçısı Fuad müəllim ümumiyyətlə, cavab da vermir. İcra başçısına göndərilən məktuba da cavab almamışıq. Təkcə Ədliyyə Nazirliyi və prokurorluq reaksiya verib. Respublika Prokurorluğunun cavabında yazılmışdı ki, iş gedir, araşdırılır, sizə məlumat veriləcək. Ayın sonunda araşdırma bitməliydi...”

Azadkənd bələdiyyəsi: “Kölgə salmağa çalışırlar”

Azadkənd bələdiyyəsi isə ünvanına səslənən ittihamları qəbul etmir. Bələdiyyədən bildirilib ki, bəzi kənd sakinləri bu cür şikayətlərlə bələdiyyənin fəaliyyətinə kölgə salmağa çalışırlar:

“Azadkənd kəndinin ərazi sərhədlərinə yaxın yerdə dövlətə məxsus ehtiyat fond torpaq sahələri olub. Kənd sakinləri mal-qaranın otarılması üçün həmin torpaq sahələrindən uzun müddət örüş yeri kimi istifadə edib. Dövlətə məxsus olan bu torpaq sahələri Nazirlər Kabinetinin müvafiq qərarı ilə əkin dövriyyəsinə keçirilərək başqa şəxsə satılıb. Bundan sonra əhali mal-qarasını otarmaqda çətinlik çəkib. Bələdiyyənin mülkiyyətində olan örüş-otlaq sahələri həmin dövrdə istifadəsiz qaldığına görə bəzi kənd sakinləri o əraziləri tutub, orada dövlət ehtiyaclarını qarşılamaq üçün pambıq və taxıl əkiblər. Həmin şəxslərə torpaq sahələrini boşaltmaları üçün dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmayıb. Bununla əlaqədar heç bir tədbir görülməyib. Həmin torpaq sahələrinin müxtəlif şəxslərə verilməsi barədə iddialar həqiqətəuyğun deyil”.

Azadkənd bələdiyyəsinin ərazisindəki örüş torpaq sahələrinin kənd camaatının istifadəsinə verilməsi üçün kömək istəyən sakinlərin şikayətilə əlaqədar İmişli Regional Ədliyyə İdarəsi araşdırma aparıb. İdarənin rəisi Hakim Məmmədov şikayətçilərə məktubunda yazıb ki, araşdırma nəticəsində bələdiyyəsinin ümumi istifadədə olan torpaq sahələrinin ayrı-ayrı kənd sakinləri tərəfindən zəbt edilərək əkildiyi məlum olub.

İmişli Rayon İcra Başçısına ərizə

İmişli Rayon İcra Başçısına ərizə

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  3 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/gcap2b

Most Viewed