Zülmətdə işıqucu axtaran ailə

“Bayram günü işığımızı kəsdilər”

Source:
İşıqsız qalan ailə
İşıqsız qalan ailə


“Bayram günü işığımızı kəsdilər”

“Qurban bayramında gəlib işığı yerli-dibli kəsdilər. 1 aydan çoxdur ki, zülmətdə qalmışıq”.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 4, mənzil 44a ünvanına sığınan məcburi köçkün ailəsi 1 aydan çoxdur ki, şam ümidinə yaşayır. Səbəb yerli işıq idarəsinin ünvana gedən işıq xəttini kəsməsidir. Ailənin başçısı Həbib Məmmədov deyir, 7 il əvvəl Bakı Elektrik Şəbəkənin (sonradan ləğv olunub) əməkdaşları ailəyə 800 manat cərimə yazıb. O gün-bu gün, ailənin günü-güzəranı zülmətə dönüb.

7 ildir əzab verirlər

Ailə başçısı Həbib Məmmədov danışır:

“Mən Rusiyada ailəmə bir tikə çörəkpulu qazananda işıq idarəsinin işçiləri gecəylə evimə soxulub, işığımı kəsiblər. Yoldaşıma belə əsaslandırıbar ki, guya oğurluq xətdən istifadə etmişik. Həyat yoldaşımın şikayətlərindən sonra işığı birləşdirsələr də, 7 ildir ayda bir neçə dəfə işığı kəsirlər. Həyat yoldaşım illərdir məhkəmələrin arasında qalıb”.

Ailənin xanımı Təranə Məmmədova cərimənin ləğv edilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Hakim Elşən Kazımovun icraatına verilən iddia bir aydan sonra Bakıelektrik Şəbəkənin yerləşdiyi ərazi üzrə Nərimanov Rayon Məhkəməsinə, oradan isə Nəsimi Rayon Məhkəməsinə göndərib. Şikayətçi deyir, Nəsimi Rayon Məhkəməsinin hakimi Xumar Mərdanovanın qərardadı ilə daha sonra iş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilib. Bir müddət sonra oradan yenə Nəsimi Rayon Məhkəməsinə qaytarılıb.

Məhkəmə dedi, iddia ərizəniz itib

“İş Nəsimi Rayon Məhkəməsinə qaytarılandan sonra gördük məhkəmədən səs çıxmır. Gedib maraqlandıq, dedilər ki, iddia ərizəsi itib. Məhkəmə Hüquq Şurasına uzun-uzadı şikayətlərimizdən sonra hakim Xumar Mərdanova həyat yoldaşımı çağırdı, bildirdi ki, evin mülkiyyətçisi olmadığımız üçün iddianı evin sahibi qaldırmalıdır və iddia ərizəmizi özümüzə qaytardı. Onu da bildirim ki, evin sahibi də köçkündür. Qalmağa yerimiz olmadığından həmin həyət evini bizə sığınacaq kimi verib. Evin sahibi etibarnamə verdi, məhkəmə onu da qəbul etmədi. 7 ildir ki, məhkəmələrin qapılarında sürünürük,”- Həbib Məmmədov deyir.

Bu il avqustun 22-də – Qurban bayramı günü həmin küçəyə gələn işıq idarəsinin işçiləri mənzilə gedən işıq xəttini dirəkdən ayıraraq özləri ilə aparıb:

Məktublarımız zibil qutusuna atılır

“Bayram günü də insanları işqısız qoyarlar? 1 ay da vətəndaşı zülmətdə saxlayarlar? Dövlət orqanlarına etdiyimiz şikayətlətin üzünə baxan yoxdur. Artıq mənə elə gəlir ki, yazdığımız məktubları hardasa cırıb zibil qutusuna atırlar. Bir gəlib qapını döyən, maraqlanan yoxdur ki, ay vətəndaş, dərdin nədir? Niyə bu qədər yazırsan? Onsuz da dolana bilmirik, indiyə kimi bir hökumət nümayəndəsi qapımızı açıb soruşmur ki, ay qaçqın, acsan, susuzsan, nəyə ehtiyacın var… Yalnız vətəndaşı sıxışdırsınlar, əlindəki sonuncu çörəkpulunu əlindən alsınlar, zərər vursunlar, vətəndaşı sındırsınlar, küçələrə atsınlar, işqısız qoysunlar… Bunlarınkı yalnız budur”.

Cərimə iddiasının 5 il müddəti var

Sabunçu Rayon İşıq İdarəsindən bildirilib ki, 2011-ci ildə əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 4, mənzil 44a ünvanında qeyri-qanuni işıq xətti aşkarlayıblar. Bununla bağlı akt tərtib olunub, cərimə yazılıb, həmin ünvanda müvəqqəti məskunlaşan Təranə Məmmədova da aktı imzalayıb. Ailəyə dəfələrlə cəriməni ödəməklə bağlı xəbərdarlıq olunsa da, cərimə ödənməyib. Bu səbəbdən də ünvana gedən işıq xətti kəsilib.


Hüquqşünas Vaqif Alıyev deyir, qanunla akt ünvanda müvəqqəti məskunlaşanların yox, mülkiyyətçinin adına yazılmalıydı və sənədi mülkiyyətçi imzalamalıydı. Məhkəmədə aktın ləğv olunmasına dair iddianı da mülkiyyətçi qaldırmalıydı. Lakin müvəqqəti məskunlaşanla mülkiyyətçi birgə iddia da qaldıra bilər. Hüquqşünasın deməsinə görə, cərimə ödənişinə dair iddia 5 ili ötdükdən sonra hüquqi qüvvəsini itirir. Mülkiyyətçi məhkəməyə müraciət edərkən cəriməyə dair iddia müddətinin ötdüyü üçün qüvvədən düşməsinə dair qərar çıxarılmasını tələb etməlidir.

Ana səhifəXəbərlərZülmətdə işıqucu axtaran ailə