“Aktrisa olaraq, yaradıcılığımı siyasətə qurban vermək istəmirəm”
Kinosevərlərin “Tabutçunun yelləncəyi”, “Seçim”, “Mövsümün sonu” kimi filmlərdən, serial həvəskarlarının “Həyat, sən nə qəribəsən”, “İki ömür”, “Laləli saray”, “Ata ocağı”, “Əqrəb mövsümü” kimi seriallardan tanıdığı aktrisa Zülfiyyə Qurbanova Meydan TV-yə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– 2023-cü ildə kino və teatrla bağlı bir sıra forum və tədbirlər keçirildi. Bu tədbirlər kino və teatrda əsaslı dəyuşikliklərə səbəb olacaqmı?
– İstər kino, istərsə də teatr tədbirlərində şəxsən iştirak etdim. Hesab edirəm ki, bu tədbirlər kino və teatr sahəsinə müsbət təsir edəcək. Gələn il mədəni işlərdə, mədəni əlaqələrdə öz əksini tapacaq.
– Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda kino forumundan sonra siz aktyorların qonorar məsələsinə toxundunuz. Dediniz ki, bu məsələ diqqətdən kənarda qalıb. Lakin çıxışınızın heç bir nəticəsi olmadı.
– Kino forumundan sonra aktyorların qonorar məsələsini də efirdə qaldırdıq. Çox az aktyor bu məsələdə bizə dəstək oldu. Hamı kənarda alqışladı ki, düz deyirsən. Amma ortalıqda nəsə demək lazım olanda heç biri səsini çıxarmadı. Mən bu məsələ ilə əlaqədar danışanda ümumi aktyorların adından çıxış edirəm. Bəzən elə qəbul olunur ki, Zülfiyyə Qurbanova özündən narahatdır. Mən özümdən narahat deyiləm. Mən bu ərəfələrdə iki-üç layihə götürmüşəm. Kifayət qədər də gözəl qonorarlara çəkilirəm. Hər hansı bir çəkilişdən öncə də qiymətimi deməyi bacarıram. Tələb etmək potensialına malik adamam. Əksər aktyorlar isə qorxurlar, düşünürlər ki, qonorarlarının artımını tələb etsələr, onları çəkməzlər. Bəzi hallarda da görürəm ki, bunu çox nahaq edirəm. Bizim aktyorlarda birlik yoxdur. Mən bunu hər zaman demişəm ki, heç bir mövzuda birliyimiz yoxdur.
– Söhbət hansı yeni layihələrdən gedir?
-“Vətəndaş A” serialına çəkilmişəm. Gələn ilin əvvəlində İTV-də yayımlanacaq. Serialın ssenarisi Cəfər Cabbarlının “Almaz” pyesinə xitabən yazılıb. Ssenari müəllifi Asiman Ağa Rövşən, rejissoru Elvin Rüstəmzadə, layihənin rəhbəri isə Sevinc Əliyevadır. 12-14 seriya nəzərdə tutulub. Səadət adlı obrazı canlandırmışam. Səadət kiçik yaşlarından məktəbdən çıxarılaraq, zorla ərə verilib. Həyatı boyu əzab-əziyyət içərisində yaşamış bir qadındır. Oxumasa da, təhsil almağa can atır. Dünyagörüşü, hadisələrə yanaşması baxımından xarakteri olan bir qadındır. Çox maraqlı bir qadın obrazıdır. Mən indiyə qədər belə bir rol oynamamışdım. Başqa bir layihə ilə bağlı isə müqaviləyə əsasən, məlumat verə bilmərəm. Tarixi bir layihədir. Çoxseriyalı bədii filmdir, yəqin, gələn il efir üzü görəcək.
– Seriallar yaradıcılığınızda nə kimi rol oynayıb?
– Çəkildiyim heç bir serial haqqında deyə bilmərəm ki, bu mənim yaradıcılığma mənfi təsir göstərdi. Hamısı təcrübədir. Seriallar məni kütlə arasında tanıdıb. Bunu inkar eləmək olmaz. 2010-2011-ci ildən, Azərbaycanda serial çəkilişləri artmağa başlayandan bəri, demək olar ki, mütəmadi hər il bir seriala çəkilirəm. Üç illik, iki illik, bir illik seriallarım olub. Mənfi rolum olub ki, sevilib də, söyülüb də… Böyüklü-balacalı bütün rollarımı sevərək oynamışam. Nədənsə bizdə seriallara aşağı səviyyəli bir iş kimi baxırlar. Serialın çəkiliş meydançası, bəlkə də, filmdən də çətindir. Çünki yükü çox olur. Səhnələr, efirə çatdırmaq məcburiyyəti var. Bu, aktyora fiziki, mənəvi yükdür, beyin yorğunluğudur.
– Azərbaycanda sənət adamlarına münasibət birmənalı deyil. Xüsusən də aktrisalıq sənəti ilə bağlı köhnə stereotiplər hələ də qalmaqdadır. Bir aktrisa olaraq, cəmiyyətdə belə stereotiplərlə qarşılaşmısınızmı?
– Yalandan desəm ki, qarşılaşmamışam, səmimi olmaram. Ölkədə beyin olaraq qəribə bir tendensiya var. Aktrisa nə qədər həyatını düzgün yaşasa da, yaradıcılığını düzgün şəkildə aparsa da, cəmiyyətdə ona yanaşma tərzi doğru olmur. Bunu verdiyin hansısa müsahibənin şərhlərində də görürsən. Düzdür, özümə qarşı lap dəhşətli dərəcədə olmayıb. Amma yenə də hiss etmişəm. Bunu heç kim dana bilməz. Amma rollarımdan dolayı – ərinə xəyanət edən qadın, yüngül həyat tərzi yaşayan qadın və yaxud da acı çəkən, uşaqlarını saxlayan qadın olsun – özümə qarşı heç bir kəskin münasibət hiss etməmişəm. Rollarıma görə ancaq peşəkar rəylər görmüşəm. Hətta pis münasibət olsa da belə, mən bunları önəmsəyən adam deyiləm. Kiməsə yaradıcılıq başa salmaq yaşında deyiləm, yəni bilirsən, əslində, bu, roldur və s. Amma tamaşaçıların bir qismi peşəkar mənada analiz edə bilirlər.
– Zülfiyyə Qurbanovanı bu gün cəmiyyətdə daha çox nə narahat edir?
– Məni narahat edən məqamları cəmiyyət özü düzəltməlidir.
– Məsələn...
– Çox şey. Cəmiyyət üzvlərinin aktyora, aktrisaya yanaşma tərzi. Bunu sənət adamları inkar edə bilər. Amma münasibət o deyil. Məsələn, uzağa getməyək, Türkiyə ilə müqayisədə eyni deyil. Biz bunu nə qədər inkar etsək də, boynumuza almasaq da, etiraflardan qaçsaq da, bu həqiqət dəyişmir. Türkiyədəki kiminsə öz aktyoruna münasibəti ilə bizim cəmiyyət üzvünün aktyoruna münasibəti arasında yerlə-göy qədər fərq var. Hətta bizdə insanlar türk aktyorlarına daha müsbət yanaşırlar. Türk aktyorları haqqında ağızdolusu danışır, təriflər yağdırırlar. Azərbaycan aktyoruna eyni münasibət var? Bu sözlərimdən sonra deyəcəklər ki, eyni səviyyədə deyillər. Niyə eyni səviyyədə deyilik? Sənə görə eyni səviyyədə deyil. Sən axı peşəkar deyilsən və baxa bilmirsən. Sənin önünə türk və ya başqa millətin məhsulunu gətirsələr, həzm edib, yeyəcəksən. Azərbaycanda tamaşaçı belə deyəndə, onun qolundan tutub, ölkədə çəkilən hər hansı bir serial və ya film setinə aparıb, salmaq lazımdır. Görsün ki, Türkiyədən fərqli olaraq, Azərbaycan aktyorları hansı şərtlərdə çəkilirlər.
– Digər ölkə aktyorlarından söhbət düşmüşkən, əksər sənət adamları öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak edirlər, buna bir borc, məsuliyyət kimi yanaşırlar. Niyə azərbaycanlı sənət adamları belə proseslərdən uzaq durmağa çalışırlar? Siyasi və yaxud da sosial məsələlərdə vətəndaş mövqeyi sərgiləmirlər, sanki qorxurlar. Bunun səbəbi nədir?
– Düşünmürəm ki, qorxurlar. Məsələn mən heç bir siyasi məsələlərə qarışmıram. Niyə? Aktyor siyasətə qarışırsa, onun yaradıcılığı, nəinki ikinci, hətta yüzüncü plana keçir. O artıq heç kimin yadında yaradıcılığı ilə qalmır. Siyasi xarakterli çıxışları ilə yadda qalır və bu, heç kimə də lazım olmur. Hər bir sahənin öz bilicisi var. Deyəcəksiniz ki, filan ölkənin prezidenti siyasətçidir. İndi biz ondan danışmırıq. Tək-tük istisnalar var. Aktrisa olaraq, yaradıcılığımı siyasətə qurban vermək, arxa plana atmaq istəmirəm. Mən aktrisa kimi yaradıcılığımla, işimlə məşğulam. Siyasət mənim nəyimə lazımdır? Ölkədə bu məsələləri həll edən kifayət qədər başbilənlər var. Aktyor aktyordur, siyasətçi də siyasətçi. Hərənin öz cavabdehliyi, öhdəliyi var. Hər kəs öhdəliyini çox gözəl bilir. Bu öhdəliklərə barmaq uzatmağa nə zamanım, nə də həvəsim var. Sosial problemlərə gəlincə, vətəndaş mövqeyimi ifadə edirəm. Ölkədə qiymət artımı olanda zatən bununla əlaqədar mövqe bildiririk. Mən yenə də deyirəm: siyasətçinin, aktyorun, müəllimin hamısının fərqli mövqeyi var. Hər kəs özü işi ilə məşğul olsa, yaxşıdır. Xüsusən də yaradıcı adamlar…