Zoya Tadevosyan işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasından danışdı

Bəyanat Dağlıq Qarabağ ermənilərinin kəskin reaksiyasına səbəb olub

Source:
Zoya Tadevosyan
Zoya Tadevosyan


Bəyanat Dağlıq Qarabağ ermənilərinin kəskin reaksiyasına səbəb olub

“Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan iyulun 31-də Yerevanda keçirilən brifinqdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq zərurətini qeyd edib.

“Biz onları azad edilmiş adlandırırıq. Mahiyyətcə, yaxşı bilirsiniz ki, bu auditoriyada hamı bunun işğal edilmiş ərazilər olduğunu başa düşür”, – deyə o bildirib.

Məlumatı “

Turan

” yayıb.

Jurnalistlərin bu torpaqların qaytarılmalı olub-olmadığı haqqında sualına cavabında Zoya Tadevosyan deyib:

“Heç biriniz məndən inciməyin, amma bunu mən həll etmirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qaldırılıb və ümumiyyətlə, danışıqlar masası arxasında müzakirə edilib. Söhbət ərazilərin qaytarılması hesabına nizamlanmadan gedirsə, əlbəttə ki, bu, doğrudur”.

Daha sonra o əlavə edib ki, Ermənistan tərəfi bu əraziləri azad edilmiş hesab edir, amma beynəlxalq ictimaiyyət başqa fikirdədir, bu torpaqları ələ keçirilmiş və ya “işğal edilmiş” hesab edir.

Tadevosyan deyib ki, bu haqda Qarabağ əhalisinin fikrini bilmir:

“Mən heç kimdən heç nə soruşmamışam, mən faktı deyirəm”.

Ancaq Zoya Tadevosyanın bəyanatı Dağlıq Qarabağ ermənilərində kəskin reaksiyaya səbəb olub.

Dağlıq Qarabağ ermənilərinin liderinin köməkçisi David Babayan bu ifadəni “milli maraqların siyasi cəhətdən satılması və mənəvi tənəzzülün təzahürü” adlandırıb.

Qarabağ qüvvələrinin keçmiş komandir köməkçisi Artur Ağabekyan və Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Arşavir Qaramyan da eyni məğzli çıxış edib.

Sonuncu Qarabağ əhalisini küçələrə çıxmağa və keçmiş DQMR ətrafındakı ərazilərin qaytarılması ideyasına etiraz etməyə çağırıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəXəbərlərZoya Tadevosyan işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasından danışdı