Ziya Məmmədovun bacısı işdən çıxdı

Məktəb direktorunun öz ərizəsi ilə işdən çıxdığı bildirilir

Source:

Bakıdakı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova öz ərizəsi ilə işdən çıxıb. O, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Faktı Təhsil Nazirliyi “Modern.az”-a təsdiqləyib.

Ötən həftə Təhsil Nazirliyi  Daxili Nəzarət Şöbəsi əməkdaşlarının liseydə araşdırma apardığını açıqlamışdı. Bildirilir ki, M.Məmmədovanın fəaliyyətində ciddi qüsurlar aşkarlanıb.

“Axar.az”-ın xəbərinə görə, liseydə araşdırma aparılmasına sentyabrın 15-də “Lider TV”-də yayımlanan süjet səbəb olub.  Süjetdə bildirilir ki, Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib.

Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.

Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Ana səhifəXəbərlərZiya Məmmədovun bacısı işdən çıxdı