İkinci qrup əlil olan Qarabağ qazisi Namiq Ağayev etiraz olaraq aclıq aksiyasına start verib. O, aksiyaya 21 ildir ki, ailəsi ilə birlikdə yaşadığı Texniki Peşə Məktəbinin yataqxanasının zirzəmisində başlayıb. Etirazına səbəb bu cür şəraitdə yaşamasına və artıq 10 ildir ev növbəsində dayanmasına rəğmən indiyədək ailəsinə bir mənzil verilməməsidir. O, fevralın 25-də ağzını tikəcəyini deyir.
“2011-ci ilin mart ayında sosial təminat nazirinin müavininin qəbulunda olmuşam və mənə deyib ki, may ayında gəl səni evlə də təmin edəcəm, maşınla da. Mənə demişdilər Hövsandan ev verəcəyik. Sonra dedilər ki, orda alınmır, “Artyom”dan ev vermək olar, amma o da təmirsizdir. Yenə razılaşdım. Bu dəfə də dedilər ki, yenə alınmır. Səbəb isə göstərirlər ki, nazir dəyişib sənədlər itib”.
Qarabağ qazisi 1994-cü ildən piştaxtada siqaret satmaqla dolandı. Ötən ildən onu bu qazanc mənbəyin də məhrum ediblər. Polis işçiləri bildiriblər ki, Prezidentin sərəncamı ilə küçə ticarəti qadağan olunub. Buna görə də o işini dayandırmalıdır. O, problemləri ilə bağlı “Qarabağ Qaziləri” İçtimai Birliyinin rəhbəri Rey Kərimoğlu ilə də dəfələrlə görüşmək istəsə də o bundan imtina edib:
“Rey Kərimoğlu çıxıb televiziyalarda deyir ki, qazilər intiharla dövləti hədələyir. Bəs niyə o zaman gəlib mənim kimi əlillərin vəziyyəti ilə maraqlanmır? İntihara qalsa Rey Kərimoğlu hamımızdan birinci intihar edib”.
Namiq Ağayev öz problemlərinə diqqət çəkmək üçün aclıq etməkdən başqa çıxış yolu görmədiyini deyir. O aksiyanın birinci gün ancaq su qəbul etdiyini deyir. İkinci gündən etibarən ağzını tikib yeməkdən də imtina edəcəyini söyləyir.
Cavid Abdullayev
Meydan TV