Uşaqlığımdan bir xatirəni sizinlə bölüşmək istəyirəm.
Kəndimizdə bir ailə vardı. Kənddə heç kim icazə vermirdi ki, qızları bu ailənin qızları ilə danışsın, onlarla nəsə bir ünsiyyət qursun. Nəinki öz ata-analarımız, qonum-qonşu, yad adamlar da o ailənin qızları ilə salamlaşan, danışan qızlara çox pis baxır və qeybətini edirdilər. Uşaq idim, bunun səbəbini anlaya bilmirdim. Soruşanda da, ağzımdan vurur və heç nə demirdilər.
Heç kim o ailə ilə danışmaq istəmirdi, onlarla gediş-gəlişi olan bir insan, bir ailə də yox idi. Kənd camahatı bu ailə sanki heç yoxmuş kimi davranırdılar.
Bir müddət sonra o ailə baş götürüb, kənddən getdi.
Onlara olan münasibətin səbəbini böyüyəndə öyrənə bildim.
O ailənin qızlarından biri ərə getməmiş hamilə qalır. Valideynləri imkan tapıb, heç nə deməmiş, eləməmiş, kənd camahatı qızın fətvasını verir. Kənd qadınları birləşir və hamının gözü qabağında, təntənəli surətdə, sevinə-sevinə, həvəslə qızın başını keçəl qırxır sonra da döyürlər. Həddi- buluğa çatmış, yaşı on səkkizi keçmiş qız isə, etiraz etməyi heç düşünmürmüş də. Əksinə, bu «tamaşaya» bəh-bəhlə baxan kənd ağbirçəklərinə, ağsaqqallarına yalvarırmış ki, onu öldürməyə qoymasınlar…
O dəhşətli hadisənin ən həvəsli fətvaçıları da, icraçıları da kişilər yox, məhz qadınlar imiş!
Axı niyə? Hardandı bu qadın qəddarlığı? Hardandı öz cinsinə, sənin kimi huquqları tapdanan, sənin problemlərini yaşayan, öz cinsindən olan varlığa qarşı bu qədər kin, nifrət, qəzəb?
Azərbaycanda demək olar ki, hər bir qadın zifaf gecəsi imtahanından keçməlidir. Bu imtahan qaçılmazdır. Bu imtahan onun orta məktəbdə, universitetdə oxuyubsa, işləyibsə, işə qəbul olunanda verdiyi bütün imtahanlardan ən ciddisi, ən həlledicisidir. O bütün gəncliyi boyu bu imtahana hazırlaşır. O, bəkarət imtahanından üzüağ, alnıaçıq çıxmalıdır.
Amma texniki bəkarəti elə texniki vasitə ilə subut etmək də bəs deyil. Bu imtahanın nəticəsinin doğruluğunu isbatlayacaq detallar çoxdur. Geyim, davranış, danışıq…bir şortik, bir mini ətək, bir yad oğlanla məhəllədə danışmaq, evə bir dəfə 9-dan gec gəlmək – sənin texniki barəkarətini şübhə altına ala bilər. Sonra imtahandan üzüağ çıxsan da, nəticələri tanımaya bilərlər.
İlahi, neçə-neçə qızlar bu nəticələri gələcəkdə rahat tanıtdıra bilmək üçün ürəkləri gedən nə qədər şeylərdən məhrum ediblər özlərini?! Ən sadə şeylərə, ən xoşlarına gələn paltarlara həsrətdilər. Amma olmaz, o şeylərdən istifadə etmək olmaz. Gələcəkdə qoltuğuna vurmalı olduğu hansısa qara və bığlı əri, ondan doğacağı uşağı, şillə-qapazla, söyüşlə, qarğışla, ən iyrənc davranışlar üzərində davam edən ailəni təhlükəyə ata bilməzlər. Olmaz!
Nə fərqi var ki, o qız hansı universiteti oxuyub? İxtisası nədir? Ağlı, biliyi nə yerdədir? Fərqi yoxdur, ərə getməsə, uşaq doğmasa, ailəli qadın statusunu almasa, cəmiyyət onu natamam insan, aşağı sort qadın kimi qəbul edəcək, öz doğma ailəsi ona hörmət qoymayacaq. O, bunları özünə rəva görə bilməz!
Ən pisi budur ki, bütün həyatlarını, enerjilərini ərə getmək, ana olmaq uğrunda xərcləyən bu qadınlar bəzən qocalanda tum, limon, salfet satan, dilənən qarılara çevrilirlər. Dindirə bildiyim bütün küçə satıcıları, dilənçi qadınlar bir də yox, bir neçə oğul anası olduqlarını deyiblər.
Bu yaxınlarda bir mənzərə gördüm. Elə bil, başıma bir qaynar qazan su tökdülər. Bu mənzərəni həyatım boyu unutmayacam. Yaşı 70-i keçən bir qadın, 25-26 yaşlı oğlanın qarşasında diz çöküb, pul istəyirdi. Neft və milyonlar ölkəsində…
Və gələcəyin bəlkə də bu tum satıcıları, dilənçi qadınları, beş oğlu olduğu halda, küçələrdə sədəqə istəyəcək qadınlar, gəncliklərini imtahan qorxusuna qurban verdiklərinin acığını azad, sərbəst, fərqli qadınlardan çıxmaq istəyirlər.
Onlar bacarmayıb, onlarda alınmayıb, onlar qorxublar, amma siz bacarırsınızsa, sizdə alınırsa, siz qorxmursunuzsa, onlar bunu sizə bağışlaya bilməzlər.