Zərərçəkən: ”Oğlumu aparıb MTN-də saxladılar”

160-dan çox sahibkar zərərçəkmiş kimi tanınır

Source:


160-dan çox sahibkar zərərçəkmiş kimi tanınır

Ləğv edilmiş MTN-nin həbsdə olan idarə rəisi Sübahir Qurbanov və digərləri iş adamlarını hədələyərək külli miqdarda pul almaqda təqsirləndirilir.

Meydan TV həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınan şəxslərin istintaqa verdiyi ifadələri əldə edib.



“Füzuli Əliyev 2 milyon manatımı aldı”

Həmin şəxslərdən biri – Kamal Seyfullayev ifadəsində bildirib ki, «Bakı Tikinti» və «Alfa» MMC-nin rəsmi müdiri və sahibi olmasa da, fəaliyyətlərinə rəhbərlik edib, faktiki olaraq qeyd olunan şirkətlər ona məxsus olub, hazırda adına olan «Fazenda» MMC-nin fəaliyyətinə rəhbərlik edir.

2014-cü ilin dekabrın sonunda axşam saat 19 radələrində bibisi oğlu İlkin İbadovla birlikdə idarə etdiyi «Niva» markalı “90-TN-353” dövlət qeydiyyat nişanlı avtomobillə «Niaqara» restoranının yanında olarkən tünd rəngli «Audi Q7» markalı avtomobil onun avtomobilinin qarşısında saxlayıb. Həmin vaxt avtomobildə 3 nəfərin olduğunu görüb, bu şəxslərdən biri avtomobilinin qapısını açıb onların avtomobilinə minməsini tələb edib. Xidməti vəsiqəsini göstərərək MTN-nin əməkdaşı Füzuli Əliyev olduğunu bildirib. Onların göstərişi ilə o, «Audi Q7» markalı avtomobilə minib, İlkin İbadovun isə hansı avtomobillə aparıldığını görməyib. «Audi Q7» markalı avtomobili Natiq Alıyev idarə edib, onun yanında Füzuli Əliyev, arxada isə MTN əməkdaşı Zaur Məmmədov oturub. Onu MTN-nin nəzarət-buraxılış məntəqəsinə gətirdikdə birinci mərtəbədə hərbi geyimdə olan əməkdaş mobil telefonunu və şəxsiyyət vəsiqəsini aldıqdan sonra 2-ci mərtəbəyə qaldırıblar. 2-ci mərtəbədə o, ayrıca bir otağa salınıb, həmin otaqda Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov olub. Füzuli Əliyev otaqda ona «bizneslə məşğul olursan və külli miqdarda pul qazanırsan, ona görə də pul verməlisən» dedikdə o, «nə üçün halal qazandığım pulu sizə verməliyəm» sualını verib və onlardan şikayət edəcəyini bildirib.

Füzuli Əliyev onu Baş İdarənin rəisi Sübahir Qurbanovun göstərişi ilə gətirdiyini deyib, həmin şəxsin göstərişi ilə 2.000.000 manat məbləğində pul verməyəcəyi təqdirdə həbs ediləcəyi ilə hədələyib və çıxıb gedib. Sonra Natiq Alıyev ona 1 kiloqram heroin gətirib üzərindən çıxmasını hal şahidlərinin iştirakı ilə rəsmiləşdirərək həbs edəcəyini dedikdə, qollarını açıb göstərərək ekspertizadan keçirilməsini tələb edib. Natiq Alıyev və Zaur Məmmədov onun dediyinə heç bir məhəl qoymayıblar: “Təxminən 3 saatdan sonra foyedə İlkin İbadovu gördüm, lakin onunla danışmağa imkan verilmədi. Gecəni orada qaldım. Səhəri gün, yəni 28 dekabr 2014-cü il tarixdə Natiq Alıyev, Füzuli Əliyev və Zaur Məmmədov mənə hədə-qorxu gəldilər. Onların təzyiqindən bezib 2.000.000 manat pulu verəcəyimi dedim. Tutulduqdan 2 sutka sonra məni «Texnikabank» ASC-nin «Xəzər» filialına gətirdilər. Füzuli Əliyevin göstərişi ilə şirkətlərimin bank hesablarında qalan pulların məbləği müəyyən edildi. Bir neçə şirkətin bank hesablarından pullar çıxarılmaqla mənə məxsus 2 milyon manat pul Füzuli Əliyev tərəfindən götürüldü”.



“Yaxşı qurtardız…”

Digər iş adamı Ərəstun Nəsibov da şikayətçidir. O, istintaq zamanı verdiyi ifadəsində göstərib ki, fərdi qaydada sahibkarlıqla məşğul olaraq, ölkəyə Rusiyadan kosmetika malları gətirib və özünün işlətdiyi metronun «28 May» stansiyasının yaxınlığında yerləşən mağazalarında satışını həyata keçirib.

2015-ci il martın 5-də metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən evindən özünə məxsus «Toyota Prado» markalı avtomobillə Bakıxanov qəsəbəsində olan ofisinə getmək istəyib. Maşında qaynı və sürücüsü Telman Hüseynov, oğlu Vüsal Nəsibli və qaynının oğlu Fətulla Hüseynov olublar. Metronun «Koroğlu» stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda «Nar» marketin qarşısında əvvəlcədən onları təqib etdiklərini hiss etdiyi qara rəngli «Audi Q7» və qara rəngli «Tofaş» markalı avtomobillər yan hissədən maşınlarına yaxınlaşıb. Bunu görən sürücüsü Telman Hüseynov avtomobili saxlayıb, bu vaxt onları təqib edən avtomobillərdən biri qarşılarını kəsib dayanıb. Həmin avtomobildən bir nəfər düşərək yaxınlaşıb, özünü MTN-nin Natiq adlı əməkdaşı kimi təqdim edərək onu öz adı ilə çağırmaqla idarə etdiyi avtomobilinə oturmasını tələb edib. Başqa yolu olmadığını görərək Natiq adlı MTN əməkdaşının avtomobilinə oturub. Yolda söhbət əsnasında ona Natiqin soyadının Alıyev, əslən Ermənistanın Amasiya rayonunun Güllücə kəndindən olması məlum olub. Natiq Alıyevdən nə üçün onu MTN-ə apardığını soruşduqda, sonuncu sahibkarlardan pul yığıldığını bildirərək, nazirlikdə başa salacağını, pulun məbləğini ona Füzuli Əliyev adlı rəisin açıqlayacağını deyib.

“Yolda Natiq Alıyev tələb etdi ki, şərikim Arif Vəliyevə də zəng edib MTN-ə gəlməsini deyim. Mən də zəng etdim. Natiq Alıyevlə birlikdə MTN-nin nəzarət-buraxılış məntəqəsinin qarşısına gələrək birlikdə 2-ci mərtəbəyə qalxdıq. Ayrıca otaqda Zaur Məmmədov adlı şəxs mənimlə söhbət etdi, gömrükdən hansı qaydada mal keçirməyimlə bağlı yazılı şəkildə izahat aldı. Qanunsuz heç bir iş görmədiyimdən özümü rahat hiss edirdim və izahatı yazdım. Təxminən 15 dəqiqə ərzində orada olduqda, otaqda olan Natiq Alıyevə zəng gəldi və o, otaqdan çıxıb 1-2 dəqiqə sonra qayıdaraq, Zaur Məmmədova mənim barəmdə «qohum çıxdı» dedi. Sonra buraxılmağımı və yazdığım izahatın cırılmasını tapşırdı. Zaur Məmmədov da izahatı cıraraq otaqdan çıxdı. Natiq Alıyev mənə dedi ki, şərikim Arif Vəliyevin yaxını, Vergilər Nazirliyində İstintaq Departamentinin rəisi, general Vidadi Məmmədov Sübahir Qurbanovdan bizim buraxılmağımız üçün xahiş edib, Sübahir Qurbanov da ona 15 dəqiqə ərzində mənim buraxılmağımı tapşırıb. Həmçinin «yaxşı qurtardız, xahişinizi etməsəydilər 1 milyon pulunuzu alacaqdılar» dedi. Mən isə gülüb “onsuz da bu qədər pulumuz yoxdur” dedim”.

Bundan sonra sərbəst buraxılıb, şəriki Arif Vəliyevlə görüşərkən sonuncu da Vidadi vasitəsilə Sübahir Qurbanovdan onun buraxılmasının xahişini etdiklərini təsdiq edib.



Hər ay 10 min manat…

Bundan 3-4 gün sonra Natiq Alıyev ona zəng edib MTN-nin yaxınlığındakı «Sultan» kafesinə çağırıb. Həmin kafeyə gedərək onunla görüşüb, bir qədər sonra oraya daha bir nəfər gəldikdə, Natiq Alıyev həmin şəxslə onu tanış edərək, rəisləri Füzuli Əliyev olduğunu bildirib. Söhbət əsnasında Füzuli Əliyev ona nazirlərinin xarici ölkələrdən çoxlu qonaqlarının olduğunu, həmin qonaqları yola salmaq üçün hər dəfə ona parfümeriya səbətləri, özlərinə isə ayda 10.000 manat pul verməli olduğunu deyib. O, pulunun olmadığını və ayda bu qədər qazanmadığını, eləcə də, gələn xarici qonaqlara parfümeriya səbətləri vermək imkanının olmadığını bildirib. Füzuli Əliyev və Natiq Alıyev ona çox xəsis olduğunu deyərək heç olmasa bir neçə bahalı ətirlər olan parfümeriya səbəti hazırlayıb verməsini bildirib. Bundan sonra o razılaşıb və təxminən 2015-ci ilin mart ayının 19-20-si günlərində 05 ədəd, ümumi qiyməti 4.000 manat təşkil edən səbət hazırlayıb. Səbətlər MTN əməkdaşlarına verilərkən özü mağazada olmayıb. Arif Vəliyevlə qeyd etdiyi dəyərdə səbətlər hazırlayıb verməyə razılaşıb, bu məsələ ilə Arif Vəliyev özü məşğul olub, səbətlərin MTN əməkdaşlarına verilməsini Arif Vəliyev təşkil edib. Arif Vəliyevin hazırlatdığı həmin səbətlərin konkret kimə verilməsindən dəqiq məlumatı olmayıb. MTN əməkdaşları gəlib həmin səbətləri «Torqovı» adlanan küçədə yerləşən «La Parfumery» mağazasından götürüb aparıblar. Bundan sonra bir daha onunla heç bir əlaqələri olmayıb.



“Mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm” dedi”

İş üzrə zərərçəkmiş kimi tanınan şəxslərdən biri də “Met-Ak” MMC-nin təsisçisi və rəhbəri Alik Kainbəy oğlu Kərimovdur.

“Report”un xəbərinə görə, A.Kərimov istintaqa verdiyi ifadəsində göstərib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb.

O, həmin nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib:

“Şirkətin maliyyə direktoru Fuad Zülfüqarovdan həmin ilin yanvar ayında hədə-qorxu gəlməklə külli miqdarda pul alınıb. Buna görə də Fuad Zülfüqarovdan MTN-in VI Baş İdarənin əməkdaşı Akif Əliyev vasitəsi ilə həmin nömrənin sahibinin kimliyini və onların nə istədiyini öyrənməyini tapşırdım. Bir müddətdən sonra Akif Əliyev Fuad Zülfüqarova zəng edib, həmin nömrənin MTN-nin 4-cü Baş İdarənin əməkdaşı Natiq Alıyevin istifadəsində olduğunu dedi. Akif Əliyev bildirdi ki, Natiq Alıyev Baş idarənin rəisi Sübahir Qurbanovla yaxındır və o, hamını bezdirir, fikri yalnız pul toplamaqdır və onun zənglərinə cavab verməməyi məsləhət gördü”.

foto sosial şəbəkə

A.Kərimovun sözlərinə görə, bir müddət həmin şəxsin zənglərinə cavab verməyib, bundan sonra N.Alıyevin istifadəsindəki nömrədən oğlu Aydın Kərimovun telefonuna zənglər gəlməyə başlayıb:

“Məcbur olub MTN-də onların kuratoru İlkin Əsgərovla əlaqə saxlayıb, bu barədə məlumat vermək üçün onu ofisə dəvət etdik. Ona baş verənlərin hamısını danışıb köməklik etməsini xahiş etdik. İlkin Əsgərov isə bu barədə rəisinə məruzə etdikdən sonra cavab verəcəyini bildirdi. Səhəri gün İlkin Əsgərov Natiq Alıyevlə bağlı hər hansı bir tədbir görə bilməyəcəyini söylədi”.

Zərərçəkmiş söyləyib ki, N.Alıyev onun oğlu A.Kərimov və F.Zülfüqarovdan MTN-ə gəlmələrini tələb edib:

“Həmin gün Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərinə getdim. 08.10.2015-ci il tarixdə Fuad Zülfüqarov mənə zəng edib, oğlumun avtomobilinin Baksol yolunda həyəcan işıqları qoşulu vəziyyətdə qaldığını, özünün isə itdiyi barədə məlumat verdi. Narahat olduğum üçün Bakıda olan tanışlarıma zəng vurdum. 2-3 saatdan sonra Fuad Zülfüqarov yenidən zəng edərək Aydını Natiq Alıyevin MTN-ə apararaq orada saxladığını bildirdi. Həmin ayın 11-də Bakıya qayıdıb, Natiq Alıyevin mobil telefonuna zəng etdim. O, mənə sabah MTN-ə gəlməyimi söylədi. Mən isə ona birlikdə nahar etməyimizi təklif etdim. Razılaşıb, MTN-nin yaxınlığında olan “Naxçıvan” restoranında görüşdük”.

A.Kərimov təxminən 3 saata yaxın söhbət etdiklərini, söhbət əsnasında N.Alıyevin onu hədələdiyini bildirib:

“O, mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm, mən kimə qarşı istəsəm bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” – dedi. Ona fikirləşəcəyimi deyərək 2 gün möhlət istədim. Səhərisi yenidən “Naxçıvan” restoranında görüşüb, toplaya bildiyim 50 min manat olduğunu Natiq Alıyevə bildiridim. O, rəisi Füzuli Əliyevə zəng edib məlumat verdi. 15-20 dəqiqədən sonra Füzuli Əliyev bizim masasına yaxınlaşıb, ona verə biləcəyim 50 min manat pulu çox rahat qəbul etdi. Daha sonra o, 35 min manatlıq materialların siyahısını verib, sabaha göndərməyimi xahiş etdi və “eybi yoxdur, sən bunu et, mən də sənə köməklik edərəm, birtəhər bunu general Sübahir Qurbanovdan keçirərik” – dedi. 2-3 saatdan sonra Natiq Alıyev mənə zəng edib, işi həll etdiklərini, 50 min manatın razılığını Sübahir Qurbanovdan aldıqlarını bildirərək, pulu nə vaxt gətirəcəyimi soruşdu. Ona ayın 14-də pulu gətirib verə biləcəyini dedim”.

A.Kərimov ifadəsində qeyd edib ki, ötən il oktyabr ayının 14-də N.Alıyev ona MTN-in yaxılığında olan “Sultan” kafesində görüş təyin edib:

“Orada Natiq Alıyevlə görüşüb, 50 min manat pulu verdim. Natiq Alıyev pulu götürməyə tək gəlmişdi, lakin söhbətin sonuna yaxın onun evində istilik sistemlərini quraşdıran Oqtay adlı türk usta da bizim yanımıza yaxınlaşdı. Onlarla birgə çay içib, istilik sistemlərinə dair bəzi detalları soruşdular. İki gün sonra isə istehsalat sahəsindən iki yük avtomobili ilə Füzuli Əliyevin verdiyi siyahı üzrə materialları yola saldım. Həmin materialları Füzulinin mühəndisi Vəli gəlib anbardan apardı”.

İstintaq zamanı keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxs qismində tanınan A.Kərimov ifadəsini təqsirləndirilən şəxslər F.Əliyev və N.Alıyevin üzlərinə təsdiq edib. F.Əliyev ifadə verməkdən imtina edib, N.Alıyev isə A.Kərimovun ifadəsini qismən təsdiq edib. N.Alıyev F.Əliyevin nazirin göstərişi ilə onun A.Kərimova zəng etməsini tapşırdığını, dəfələrlə sonuncuya və oğlu Aydına zəng etsə də cavab vermədiklərini, sonradan F.Əliyevin ona “sən onlara zəng etmə, onlar özləri sənə zəng edəcəklər” – deyib.




İş üzrə 160-dan çox zərərçəkmiş var

İttiham aktında qeyd edilib ki, sabiq MTN əməkdaşları 160-dan çox zərərçəkmiş şəxsin mobil nömrələrini qanunsuz olaraq dinləyib, sonra onların külli miqdarda pullarını, qızıl-zinyət əşlarını və əmlakarını müxtəlif qanunsuz yollarla ələ keçiriblər.

Bundan başqa, təqsirləndirilən şəxslər müxtəlif dövrlərdə zərərçəkmişləri MTN-in binasına apararaq, onları qanunsuz azadlıqdan məhrum ediblər.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

Ana səhifəXəbərlərZərərçəkən: ”Oğlumu aparıb MTN-də saxladılar”