Zərərçəkən keçmiş MTN-çilərdən şikayətçi olmadı

Şirkət rəhbəri: ”Şərikim gəmilərdən yağ oğurlayıb, yerinə su tökürdü”

Source:
Akif Çovdarov


Şirkət rəhbəri: ”Şərikim gəmilərdən yağ oğurlayıb, yerinə su tökürdü”

Martın 6-da Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclas açıq keçirilsə də, yenə jurnalistlər prosesə buraxılmayıb.

İclasdan sonra jurnalistlərə açıqlama verən A Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, prosesdə zərərçəkmiş şəxslərdən “Techmarine” LTD (Gəmi təmiri ilə məşğul olan şirkət) şirkətinin şəriklərindən olan Səhrab Allahverdiyev ifadə verib. O, təqsirləndirilən şəxslərdən şikayətiçi olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini deyib: “Mənimlə bağlı şərikim “Techmarine LTD” şirkətinin rəhbəri Arif Həsənov şikayət etmişdi ki, guya mən İŞİD-in üzvüyəm. Özü və oğlu gəmilərdən yağı oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub qadınlara baxırdı. Arif Həsənovun oğlu qadınlardan birini zorlamışdı. Onun şikayətindən sonra mən nazirliyə çağırılmışdım. Lakin hər hansı təzyiq olmayıb”.

Proses fasilədən sonra davam edəcək.

Arif Həsənov “Techmarine LTD” MMC-nin təsisçisi olub. 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub.

Sonradan Səhrab Allahverdiyevlə şərik olub və şirkətin 50%-ni ona satıb.

A.Həsənov istintaq zamanı ifadəsində deyib ki, sonradan şərikindən şübhələnib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib”.

Arif Həsənov bununla bağlı MTN polkovniki Fizuli Əliyevə şikayət edib. Lakin bundan sonra F.Əliyev onu günahlandırıb: “Fizuli Əliyev dedi: “Bütün günah səndədir, səni də, oğlunu da tutacağıq. Sabaha qədər 400 min pul gətir”. Bundan sonra Həsənovun ofisində axtarış aparılıb.

“Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar. Mən orada qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər. 400 min istədilər. Şirkətin ofisini verdim. Bank hesabında olanları aldılar”.

Bu epizodla bağlı diqqəti çəkən bir məqam da istintaqın şəriklərdən S.Allahverdiyevlə bağlı gəldiyi nəticədir. Belə ki, istintaq S.Allahverdiyevin MTN zabitləri ilə əlbir olmasını istisna etmir və onun əməllərinə də hüquqi qiymət veriləcəyi bildirilir.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərZərərçəkən keçmiş MTN-çilərdən şikayətçi olmadı