Zərdüşt Əlizadə: Müharibə bitib, münaqişə yox…

“Nəhayət, Ermənistanın 30 ildə Azərbaycana vurduğu maddi ziyanı kim ödəyəcək?”

Source: Specify Source


Tofiq Züfüqarov: "Bu, münaqişə yox, reinteqrasiya problemi adlanmalıdır"

“Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır… Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər 30 ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”.

Bu açıqlamanı İlham Əliyev aprelin 13-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda səsləndirib.

44 günlük II Qarabağ savaşından sonra İlham Əliyev münaqişənin bitdiyini söylədiyindən ADA Universitetindəki açıqlama maraq doğurur.

Prezident eyni zamanda müharibədən sonrakı vəziyyəti “çox kövrəkdir” deyə dəyərləndirib: “Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Züfüqarov Meydan TV-yə bildirib ki, birinci sual Ermənistan ordusunun əraziləri tərk etməsi barədədir:

“Ermənistan ordusu 3 rayonu boşaltdı, amma onlar sülhməramlı qüvvələrin nəzarətində olan əraziləri də tərk etməlidir. İkinci, Laçın dəhlizinə nəzarətin ilkin mərhələdə Azırbaycan və Rusiya sülhməramlıları ilə birgə həyata keçirilməsidir. Üçüncü sual yaradan məqam ermənilərin əsir, bizim isə terrorçu adlandırdığımız məsələdir. Nəhayət, Azərbaycan istəyir ki, Ermənistan rəsmi şəkildə Dağlıq Qarabağa hərbçi göğndərməkdən imtina etməsi haqda bəyanat versin. Məncə, indiki mərhələdə əsas məsələlər bunlardır”.

Tofiq Zülfüqarov 10 noyabr sənədində tələb olunan Zəngəzur dəhlizinin bərpasında bəzi ləngimələrin olduğunu qeyd edib.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Münaqişənin bitməsi haqda prezidentin aylar əvvəl dediklərinə gəlincə, sabiq nazir deyib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə bitmək üzrədir, çünki hər iki dövlətin beynəlxaq aləmdə tanınan sərhədləri bərpa olunur:

“Ona görə dövlət başçısı o cür deyirdi. Bu gedişat ardınca kommunikasiyaların bərpasını, münasibətlərin tam bərpası və sülh sazişinin imzalanması, bunlar postkonflikt dövrünü əhatə edir. Digər məsələ Azərbaycan ərazisində yaşayan ermənilərdir ki, bu, münaqişə yox, reinteqrasiya problemi adlanmalıdır. Bu prosesdə Azərbaycanın tərəfdaşları Rusiya və Türkiyədir, çünki bu iki dövlət sülhməramlı və müşahidəçilər missiyasını həyata keçirdir”.

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, müharibə bitib, münaqişə bitməyib:

“Çoxlu həll olunmamış məsələlər var. Bəli, ölkə başçısı münaqişənin bitdiyini deyib. Ancaq mən hesab edirəm ki, müharibə başa çatıb, amma münaqişə bitməyib. Münaqişənin bitməsi üçün tərəflər arasında imzalanmış beynəlxalq sənəd olmalıdır. Sənəddə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması yazılmalıdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması indiki halda ölümə bərabərdir, çünki erməni cəmiyyəti buna hazır deyil. Ermənilər düşünür ki, Azərbaycanın bir hissəsi onların tarixi əraziləridir. Ona görə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən siyasətçi özünə ölüm hökmü kəsər. Baş nazir Nikol Paşinyanın “Bizim addım” fraksiyasının parlamentdəki liderlərindən biri deyib ki, seçki ərəfəsində Azərbaycana münasibətlərinin nədən ibarət olduğunu açıqlasınlar. Bu o deməkdir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməyə hazırlaşdığını göstərir. Amma o bu barədə danışsa, başqa siyasi qüvvələr deməsə, seçkidə məğlub olar. Bu, erməni cəmiyyəti üçün ağrılı seçimdir. Daha mühüm məsələ sərhədlərin müəyyənləşməsidir, demilitasiya, demarkasiya prosesi getməlidir. Sonra Mehri dəhlizi, Qazaxda bəzi kəndlər işğaldadır, azad olunmalıdır. Eyni zamanda, erməni diversantlarının məsələsi, minalanmış ərazilər hələ də açıq qalır. Nəhayət, Ermənistanın 30 ildə Azərbaycana vurduğu maddi ziyanı kim ödəyəcək? Bu, 50-60 milyard dollar civarında puldur. Fransa çox canfəşanlıq edir, amma ödəməz. Yəni həll olunmamış çoxlu məsələlər qalır”.

Siyasi şərhçi Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq.

İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: Müharibə bitib, münaqişə yox…