Zərdüşt Əlizadə: Ermənistanda müharibə tərəfdarları çox fəaldır

“Son parlament seçkilərində həmin müharibə tərəfdarları 25, barış tərəfdarları isə 75 faiz səs toplamışdılar”

Zərdüşt Əlizadə. Foto: arxiv


Hərbi ekspert: “Dövlət başçısı Ermənistana və havadarlarına mesaj verir”

"İlham Əliyevin Qubadlı ictimaiyyəti ilə görüşündə müharibə bəyanatı səsləndirməsinin arxasında müəyyən bir məntiq var. Məsələ ondadır ki, Ermənistanda müharibə tərəfdarları çox fəaldır. Əgər onlar hakimiyyətə gəlsələr, daha sərt mövqe sərgiləyəcəklər. Bu da müharibə ehtimalını daha da gücləndirəcək".

Bunu siyasi şərhçi Zərdüşt Əlizadə ölkə başçısı İlham Əliyevin Qubadlı əhalisi ilə görüşündə səsləndirdiyi fikirləri Meydan TV-yə şərh edərkən deyib.

İlham Əliyev oktyabrın 25-də əhali ilə görüşündə

deyib

ki, müharibə başa çatsa da, Azərbaycanı hələ də döyüşməyə məcbur edirlər.

O qeyd edib ki, Azərbaycan istənilən halda döyüşə hazırdır: “Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada – istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik".

Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistanda müharibə istəyən qüvvələr 25 faiz olsa da, onlar hakimiyyətə təzyiq edirlər: “Ona görə İlham Əliyev Azərbaycanın mövqeyini açıqlayır. Təbii ki, aydın ağılla düşünəndə, yeni müharibə üçün şərait yoxdur. Nə böyük dövlətlər, nə də Ermənistan və Azərbaycan hökumətləri müharibə istəyir. Sadəcə, erməni cəmiyyətində müharibə istəyənlər var. Son parlament seçkilərində həmin müharibə tərəfdarları 25, barış tərəfdarları isə 75 faiz səs toplamışdılar. Hazırda 25 faiz daha çox fəaldır. Onlar aksiyalara başlayıb Paşinyanı devirmək barədə bəyanat veriblər".

Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, İlham Əliyev həm Ermənistana, həm də onun tərəfdarlarına mesaj verir:

edalet-e1617183922851.jpg
Ədalət Verdiyev

“Azərbaycanın bir il əvvəl təkcə Ermənistanla savaşmadı. Biz Ermənistanı məğlub etdik, amma digər ölkələrə də gücümüzü nümayiş etdirdik. Həmin ölkələrin Ermənistana dəstəyi, bizə isə təzyiqləri yaddan çıxmayıb. Hətta qonşularımızın bizim hücumları ləngitmək cəhdi, yaxud hücumlarımızın tempini aşağı salmaqdan ötrü ərazilərimizə müdaxilə etmələri haqda faktlar mövcuddur. Ölkə başçısı da bütün bu təhdidləri nəzərə alıb anlara nümayiş etdirir ki, Azərbaycanın tək Qubadlıdakı sərhəd hərbi hissəsində nə qədər silah-sursat və texnikası var. Bu, ilk dəfə deyil və dolayısıyla gələcəkdə Azərbaycana qarşı başqa fikirdə olanlara təklif edilir ki, yanaşmalarından yayınsınlar. Yəni onlar da sonda Ermənistanın üzləşdiyi nəticə ilə qarşılaşa bilərlər. Dövlət başçısının mesajları bundan ibarətdir".

2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

Azərbaycan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Xocavənd rayonunun bir hissəsini geri qaytarıb.

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlıları bölgəyə daxil olub, ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılıb.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: Ermənistanda müharibə tərəfdarları çox fəaldır