Zərdab rayon prokuroru işdən çıxarılıb

Rüfət Səfərov: “Şəxsimə görə barələrində qəbul edilən ən kəskin qərarı şiddətlə qınayıram!”

Source:


Rüfət Səfərov: “Şəxsimə görə barələrində qəbul edilən ən kəskin qərarı şiddətlə qınayıram!”

Zərdab rayon prokuroru, baş ədliyyə müşaviri Süleyman Süleymanov tutduğu vəzifədən azad olunub, rayon prokurorluğunun köməkçisi, II dərəcəli hüquqşünas Seyid-Əzim Ağayevə isə töhmət verilib. Bu barədə məlumatı həmin rayonun sabiq müstəntiqi Rüfət Səfərov öz Facebook səhifəsində yayıb.

Sabiq müstəntiq baş verən hadisə ilə bağlı şəxsi fikirlərini də qeyd edib:

“Bu məsələnin formal və faktiki tərəfləri var və çalışacam ki, aydın surətdə izah edim. Əvvəla, artıq ictimaiyyətə məlumdur ki, 19 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasında geniş vüsət almış qanunsuzluq və ədalətsizliyə etiraz əlaməti olaraq tutduğum vəzifədən istefa verdim. Bunun səbəblərini təfərrüatı ilə cəmiyyətə bildirmişəm. Həmin vaxt könüllü istefa ərizəm bir kənara qoyuldu, prokurorluq əməkdaşının xidməti fəaliyyəti ilə bir araya sığmayan tərzə yol verdiyimə görə nümayişkəranə surətdə prokurorluq orqanlarından xaric olundum. Paralel olaraq, hüquqlarım kobud surətdə pozuldu, hec bir formal-hüquqi sənəd təqdim edilmədən əşyam götürüldü, telefonlarıma baxış keçirildi, kirayənişini olduğum mənzildə axtarış aparıldı. O zaman qərara gəldim ki, faydasız işlə məşğul olub, barəmdə edilən kobud qanunsuzluqları hüquqi müstəvidə mübahisələndirməyim. Beləliklə, rayon prokurorluğunun fəaliyyəti Baş Prokurorluqdan göndərilmiş komissiya tərəfindən kompleks olaraq yoxlanıldı, rayon dəftərxanasının arxivində saxlanılan ayrı-ayrı materiallar öyrənilməsi üçün Baş Prokurorluğa aparıldı. Bu gün nə baş verdi? Təxminən bir ay sonra rayon prokuroru tutduğu vəzifədən azad olundu, köməkçisinə isə töhmət verildi. Bu qərarın faktiki tərəfi budur: digər prokurorluq əməkdaşlarına görk olsun ki, azad iradə ortaya qoysanız, oxşar vəziyyət sizi də gözləyir. Formal cəhətdən isə guya rayon prokurorluğunun xidməti fəaliyyətində ciddi pozuntular baş verib, icra intizamı qənaətbəxş səviyyədə olmayıb. Sual olunur; bəs prokurorluqda indiyəcən baş vermiş “nöqsan”lar nədən yada düşməmiş, müstəntiq vəzifəsindən istefa verəndən sonra burada qayda-qanun barədə düşünülmüşdür?

Anlamaq çətindir ki, prokuror ibtidai araşdırmaya prosessual rəhbərlik edəndir, yoxsa telepat? Bu şəxs haradan bilməli idi ki, müstəntiqi “yolunu azmışdır”? Hərçənd bilsə idi belə, bu, onun məsuliyyət daşımasına səbəb ola bilərdimi? Addım atmışam, bunun da mənəvi və hüquqi məsuliyyətini özüm daşıyıram. Kimsə kiminsə tərzinə görə niyə cəzalandırmalıdır? Bu suallar olduqca adidir, cavab verən tapılsa!”

Sabiq müstəntiq onu da vurğulayıb ki, üzərində çalışdığı “Hüququn qətli” adlı yazısını tamamlamaq üzrədir və bugünlərdə yayımlayacaq: “3-4 gün öncə köhnə “dost”lardan biri məni arayaraq “ nə yazırsan, yaz, heç olmasa, adını dəyiş”,- deyə bir tövsiyədə bulundu. İndi mən buradan o adama və onu mənim üstumə göndərənlərə sual edirəm; könüllü surətdə işindən ayrılan müstəntiqə görə onun rəhbərlərini cəzalandırmağın adı hüququn qətli deyilsə, bəs nədir?! Şəxsimə görə barələrində qəbul edilən ən kəskin qərarı şiddətlə qınayıram! Zərdab rayon prokurorluğu ilə əlaqədar Baş Prokurorluğun məlum qərarı, ümumuiyyətlə, ölkədə hökm sürən acınacaqlı vəziyyətin hansı səviyyədə olduğuna aşkar sübutdur!”

Hələlik Respublika Prokurorluğu faktla bağlı rəsmi məlumat yaymayıb.

Ana səhifəXəbərlərZərdab rayon prokuroru işdən çıxarılıb