Zəngilanda saxlanılan iki Ermənistan hərbçisi ilə bağlı cinayət işi başlandı

Foto: Azərtac

 Ermənistan hərbçilərin Azərbaycan tərəfindən oğurlandığını deyir

Mayın 26-da Zəngilan rayonu ərazisində saxlanılan Ermənistan hərbçilərinə qarşı cinayət işi başlanıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

İddia olunur ki, saxlanılan hərbçilər – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti təxribat-diversiya qrupunun üzvləri olub.

Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah-sursat qaçaqmalçılığı), 214 (terrorçuluq), 228 (qanunsuz silah saxlama), 283 (milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə cinayət işi başlanıb. Bu cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Harut Hovakimyan və Karen Qazaryan hazırda şübhəli şəxs qismində saxlanılıb.

Ermənistan Müdafiə Nazirliyi isə saxlanılan hərbçilərin təxribat-diversiya qrupunun üzvləri olması, onların sərhəddə təxribat göstərməyə cəhd göstərməsi haqda Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:

Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”.

Nazirlik bildirib ki, interpozisiya yolunda mayın 26-da saat 19:00-dan axtarışda olan, hərbi dayaq məntəqələri üçün nəzərdə tutulmuş ərzaq və su ilə yüklənmiş maddi-texniki təchizat maşını aşkar edilib. Maşını ER Silahlı Qüvvələrinin 2 hərbçisi idarə edib.

“Ermənistan hərbçilərinin Azərbaycan tərəfindən qanunsuz oğurlanması hallarının müəyyənləşdirilməsi istiqamətində genişmiqyaslı iş aparılır”, – deyə Ermənistan MN-nin məlumatda bildirilir.

Ana səhifəSiyasətZəngilanda saxlanılan iki Ermənistan hərbçisi ilə bağlı cinayət işi başlandı