Zelenski uşaq xəstəxanasının bombalanmasını “soyqırımı” adlandırdı

Foto: Reuters

Ağ Ev: “Bu, günahsız mülki insanlara qarşı hərbi gücdən barbarca istifadədir”

Ukrayna hökuməti Rusiyanın Mariupol şəhərindəki uşaq xəstəxanasını bombalayaraq “soyqırımı” törətdiyini açıqlayıb.

Rusiya tərəf isə bu xəbərlərin “saxta” olduğunu bildirib: “Bina keçmiş doğum xəstəxanası olub və uzun müddətdir ki, hərbçilər tərəfindən nəzarətə götürülüb”.

“Reuters” yazır ki, insanların Mariupoldan qaçması üçün atəşkəs razılaşmasına baxmayaraq, uşaq xəstəxanası bombalanıb.

“Xəstələr dağıntılar altında qalıb. Bu, soyqırımıdır”, – Ukrayna Prezidenti Vladimir Zelenski belə deyib.

Zelenskinin sözlərinə görə, Rusiya xəstəxanalardan, doğum evlərindən qorxur, odur ki, onları məhv edir: “Doğuş zamanı qadınlar yaralanıb. Uşaqlar dağıntılar altında qalıb”.

Ağ Ev xəstəxanadakı partlayışı “günahsız mülki insanlara qarşı hərbi gücdən barbarca istifadə” kimi qınayıb.
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiy isə “Twitter”də: “Saxta xəbərlər belə yaranır”, – deyə yazıb.

Ukrayna Xarici İşlər Nazirliyi xəstəxananın üçmərtəbəli binasının pəncərələrindəki deşikləri göstərən videogörüntülər yayıb.

Bildirilib ki, hücumda 17 nəfər yaralanıb.

BMT-nin İnsan Haqları Komitəsi Mariupolda itkilərin sayını dəqiqləşdirməyə çalışdığını bildirib: “İnsident olan ərazilərdə silahlardan ayrı-seçkilik olmadan istifadə edilməsinə görə çox narahatıq”.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) isə açıqlamasında bildirib ki, fevralın 24-dən bu yana

Ukraynadan çıxan 2 milyondan çox qaçqın arasında 1 milyona yaxın uşaq var. Ümumilikdə isə müharibədə 37 uşaq həlak olub, 50 nəfər yaralanıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada bütün evlərin dağıdıldığını bildirib.
“Yüz minlərlə insan həm yeməkdən, həm sudan, həm istilikdən, həm də işıqdan və tibbi xidmətdən məhrumdur”, – deyə məlumatda bildirilib.

Ana səhifəDünyaZelenski uşaq xəstəxanasının bombalanmasını “soyqırımı” adlandırdı