Zaqatalada sahibsiz itlər heyvansevərlərlə sakinlər arasında mübahisəyə səbəb olur

Foto: arxiv

Rayon sakinləri sahibsiz itlərin hücumuna məruz qalmaqdan qorxduqlarını deyirlər

Zaqatalanın mərkəzi küçə və məhəllələrində, o cümlədən, kəndlərdə sahibsiz itlərin sürü ilə dolanması sakinləri qorxuya salıb. Onlar deyirlər ki, uşaqları tək məhəlləyə buraxa bilmirlər.

Sakinlərdən Natella İsayeva Meydan TV-yə danışıb ki, Yuxarı Tala kəndində sahibsiz itlər fərdi yaşayış evinin həyətinə girir, qorxu yaradır.

“Ötən həftə günorta çağı məhəllədə çaqqal dolanırdı. Sürü ilə gələn itlərin səsi vahiməli idi, nəinki çaqqalın məhəlləyə qədər gəlməsi”,- şikayətçi bildirib.

Onun sözlərinə görə, itlərin öldürülməsinə qarşıdır, amma sahibsiz itlərə qarşı tədbir görülməlidir.

Foto: Meydan TV

Zaqatala sakini Hafiz Akberov isə deyib ki, təxminən 2 ay əvvəl dərsə gedən azyaşlı qızına it hücum edib. Qonşuların köməyilə iti uşaqdan uzaqlaşdıra bilsələr də, övladı dərin sarsıntı keçirib.

Rayonda bir neçə heyvansevər öz gücünə sığınacaq yaratmaq istəsə də, itlərin qidalanması üçün yem tapmaqda çətinlik çəkirlər. Akberov deyib ki, sosial şəbəkələrdən heyvansevərlərə müraciət edirlər, amma heyvansevərlərə yardım edilmədiyindən itlər sonradan küçələrə buraxılır:

“İtlər ac olduğu üçün yemək axtarırlar. Bəzi insanlar heyvanlara qarşı aqressiv olduğundan itlər də gəlib-keçənlərə bu cür hücum edirlər. Bəzən işıqlar keçir, qaranlıq küçədə məhəllələrə yaxınlaşmaq olmur. Olduqca acınacaqlı vəziyyətdir”.

Sakinlər deyirlər ki, sahibsiz itlərlə bağlı bir neçə dəfə şikayət etsələr də, tədbir görən yoxdur. Heyvansevərlərlə itdən qorxanlar arasında daim mübahisə baş verir.

Zaqatala Rayon İcra Hakimiyyətindən şikayətlə bağlı danışmaq istəməyiblər. İcra hakimiyyətinin telefonunu cavablandıran əməkdaşı bildirib ki, sakinlər şikayətlərini mətbuata yox, yazılı qaydada icra hakimiyyətinə bildirməlidir.

Şəkidən, o cümlədən, Bakının xüsusilə ətraf qəsəbələrindən də sahibsiz itlərlə bağlı şikayət var.Rəsmi məlumata görə, Azərbaycanda ötən il 43 min 968 heyvan dişləməsi qeydə alınıb. Onlardan 33 min 712 it dişləməsi olub, 3 nəfərdə isə quduzluq qeydə alınıb.

Ana səhifəBölgəZaqatalada sahibsiz itlər heyvansevərlərlə sakinlər arasında mübahisəyə səbəb olur