Zamin Salayev 4 il azadlıqdan məhrum edildi (yenilənib)

Zamin Salayev. Foto: Meydan TV

105 gün aclıq edən siyasi fəal: “Mən can verərəm, amma qürurumu heç kim əlimdən ala bilməz…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 105 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevə (ailəsi və partiyadaşları onu Əlizamin adlandırır) mayın 22-də Qaradağ Rayon Məhkəməsində hökm oxunub. Hakim Rufan Mürsəlovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 4 il azadlıqdan məhrum edilib. Hökmdə göstərilib ki, Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə təqsirli bilinən Zamin Salayev bu cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Məhkəmə iclası başlamamış Zamin Salayevin vəziyyəti kəskin pisləşib. Vəziyyət o həddə çatıb ki, mayın 17-də məhkəmə iclasında olduğu kimi, bu dəfə də Qaradağ Rayon Məhkəməsinin binasına Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin tibbi müdaxiləsindən sonra onun durumu nisbətən stabilləşib. Bu üzdən məhkəmə iclası təxminən bir saat gec başlayıb.

Məhkəmədə öncə prokuror çıxış edərək, Zamin Salayevin 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. O iddia edib ki, Zamin Salayevə qarşı irəli sürülmüş ittiham – onun “Lökbatan dairəsi”ndə Natiq Süleymanov adlı şəxsi təhqir etməsi, ardınca yumruqla və bıçaqla xəsarət yetirməsi məhkəmədə sübuta yetirilib.

Zərərçəkmiş qismində tanınan Natiq Süleymanov da çıxış edib. Deyib ki, Salayevin cəzalandırılmasını istəyir.

Daha sonra vəkillər Nemət Kərimli və Fəxrəddin Mehdiyev çıxış ediblər. Onların hər ikisi bu ittihamın əsassız, hüquqlarını müdafiə etdikləri şəxsin isə təqsirsiz olduğunu vurğulayıb.

“Zamin Salayev ilkin sübutlar olmadan təqsirləndirilən şəxs qismində cəlb olunub. Üstəlik, dindirmələr gecə saatlarında aparılıb. Niyə? Nə zərurət vardı? Qanun deyir ki, təxirəsalınmaz hallarda gecə dindirmə aparıla bilər? Burada nə təxirəsalınmaz hal vardı? Dərhal da Daxili İşlər Nazirliyi bu hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamada Zamin Salayevin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Onun əvəzinə elə o ərazidəki 8 kameranın görütülərini ortaya qoyardılar, həqiqəti göstərədilər. Əgər həqiqətən Zamin Salayev cinayət törətmiş olsaydı, o açıqlamaya bir görüntü də əlavə edərdilər…”, – vəkil Nemət Kərimli bildirib.

Görüntülərlə bağlı danışan vəkil bildirib ki, onların alınması üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib. Ona cavab verilib ki, saxlanma müddəti keçdiyinə görə artıq kamera görüntüləri yoxdur. Lakin istintaqa cavab verilib ki, həmin gün ərazidəki 8 kameranın heç biri işləməyib:

“Vəkilə bir cür cavab verilib, istintaqa başqa cür. Deməli, o görüntülər olub. İş üçün əhəmiyyətli görüntülər niyə saxlanmayıb? Yox, əgər deyildiyi kimidirsə, elə əhəmiyyətli bir yerdə birdən-birə 8 kamera eyni vaxtda işləməyibsə, buna görə məsuliyyət daşıyan kimsə cəzalandırılıbmı?”.

Nemət Kərimli başqa bir məqama da diqqət çəkib. Məhkəmədə dindirilən polislər iddia edib ki, Zamin Salayev qarşı tərəfə bıçaqla xəsarət yetirəndən sonra qaçmaq istəyib, onu 10-15 nəfər tutub saxlayıb. Onların sözlərinə görə, polislər gələndən sonra onlara təhvil veriblər. Zamin Salayev isə deyir ki, yalandır. Onun sözlərinə görə, “Lökbatan dairəsi”ndə rayona qayıtmaq üçün öncədən danışdığı taksiyə minmək üçün gedərkən Natiq Süleymanov söyüş söyə-söyə üstünə gəlib. Bu zaman onun təxribatçı olduğunu başa düşüb. Onu itələyib qaçmaq istəyəndə kənarda gözləyən mülki geyimli polislər onu tutub qandallayıb, maşına mindirib aparıblar. Lökbatan qəsəbəsinin içində formalı polislərə təhvil veriblər. Onlar da Post-Patrul maşınının içində Qaradağ rayonu, 10-cu polis bölməsinə gətiriblər.

“Polis əməkdaşları məhkəmədə ifadə verəndə dedilər ki, Zamin Salayevi 10-15 nəfər tutub saxlamışdı, qaçmağa qoymurdu. Niyə 10-15 nəfərdən heç birini şahid kimi dindirməyiblər? Məlum deyil ki, onlar kimlər olub? Çox təəssüf ki, məhkəmə telefon anten məlumatlarıyla bağlı vəsatətimizi də təmin etmədi. Zərərçəkmiş hadisədən sonra xəstəxanaya gedibmi, nə vaxt gedib, nə vaxt oradan çıxıb, kimlərlə birlikdə olub – bütün bu məsələlər aydınlaşardı”, – Nemət Kərimli əlavə edib.

Vəkillərin hər ikisi zərərçəkmiş qismində tanınan Natiq Süleymanovun yalan ifadə verdiyinə görə məsuliyyətə cəlb olunmasını istəyib.

Vəkil Fəxrəddin Mehdiyev vurğulayıb ki, prokuror ittihamın sübuta yetirildiyini deyir, lakin bu fikrini əsaslandırmır. O, zərərçəkmiş qismində tanınan şəxsin özünün də, Zamin Salayevin əleyhinə ifadə verən iki şahidin ikisinin də narkomaniya asılılığına diqqət çəkib. Bu cür insanlardan istifadə olunduğunu vurğulayan vəkilin sözlərinə görə, onların ziddiyyətli, əsassız ifadələrilə kimisə həbs edib, özünə, ailəsinə iztiraflar yaşatmaq qanunları ələ salmaqdır:

“Zamin Salayev əqidə adamıdır, uzun illər ömrünü qanunsuzluqlara, insan hüquq və azadlıqlarının müdafiəsi uğrunda mübarizədə keçirib. Ötən həbsində də bir qadının mübarizəsinə qalxmışdı. Bu məhkəmə zalında gərgin anlar yaşanır – onun anası, yetkinlik yaşına çatmayan qızı göz yaşı tökür. O, elə bir cəmiyyət uğrunda mübarizə aparırdı ki, orada analar, uşaqlar ağlamasın…”.

Məhkəmədə Zamin Salayev özü də son sözünü deyib. O bildirib ki, məhkəmədən heç bir xahişi yoxdur. Çünki bu sistemdə ədalət olmadığını bilir. Yeganə istəyi isə məhkəmə zalında olan ailə üzvləri – anası, bacısı və qızı ilə görüşməkdir:

Bəlkə onlarla son görüşümdür. Mən can verərəm, amma qürurumu heç kim əlimdən ala bilməz”.

O, məhkəmə zalında olan AXCP üzvlərinə də müraciət edib:

“Dostlarımdan da halallıq istəyirəm. Bir də ailəmi başda Əli bəy (Əli Kərimli), Tofiq bəy (Tofiq Yaqublu) olmaqla, dostlarıma əmanət edirəm. Bir də onu demək istəyirəm ki, mübarizədən geri çəkilməyin, sınmayın”.

11 gündür Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyünü deyən Zamin Salayev oradakı durumdan da narazılıq edib. Onun sözlərinə görə, müəssisə rəhbərliyindən, həkimlərdən narazılığı yoxdur. Amma adi dərmanlar belə, tapılmır ki, həkimlər ona versin:

“Dərman yoxdur, həkimlər neyləsin? Mənə Kürdəxanıda daha yaxşı baxırdılar”.

Zamin Salayevin son sözündən sonra bir neçə dəqiqəlik müşavirəyə gedən hakim geri qayıdıb və 4 illik hökmü elan edib.

Ana səhifəSiyasətZamin Salayev 4 il azadlıqdan məhrum edildi (yenilənib)