“Bir dəfə yuxumda görmüşdüm, bir 10 il bundan qabaq… Ki, dağımız, yaylaqlarımız var. Gedib o yaylaqda əlimi yerə qoyuram, üzü qibləyə namaz qılıram. Deyirəm, “Allah, sənə şükür torpaqlarımız alındı”, – 80 yaşlı kəlbəcərli Şirmayı Rüstəmovanın yuxuları çin çıxıb. Azərbaycan ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Kəlbəcər rayonuna daxil olub.
“Kəlbəcərdən ötrü susayan varsa, onun birincisi mənəm. Kəlbəcərdən ötrü nəfəsi kəsilən varsa, onun brincisi mənəm”.
Kəlbəcər sahəsinə görə Azərbaycanda ən böyük rayondur. Rayon 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Şirmayı Rüstəmova köçkünlük illərində 20 nəfərədək doğmasını itirib. İndi həm öz arzularını, həm də ölən bacı-qardaşlarının Kəlbəcərlə bağlı vəsiyyətlərini daşıyır:
“Mənim arzum bircə bu idi ki, Kəlbəcər alınsın, bir ovuc torpaq yeyim, bir ovuc su içim. Ondan sonra da ölüm, heç mənim meyidimi basdırmasınlar, Kəlbəcərin qarğa-quşu aparsın. İkinci arzum isə budur ki, həmin bulaqda bir bidon su, baba yurdundan bir ovuc torpaq gətirim, Yevlax rayonunda qardaşımın qəbri üstünə səpdirim”.