”DESFA-nın özəlləşdirilməsinin uğursuzluğunun səbəbi SOCAR tərəfindən Avropa qanunvericiliyinin və rəqabət şərtlərinə riayət olunmamasıdır”
Noyabrın 30-da Yunanıstan hökuməti ilə SOCAR arasında qazpaylayıcı şəbəkə olan DESFA-nın özəlləşdirilməsinə dair aparılan danışıqlar nəticə verməyib.
APA yazır ki, Yunanıstan hökuməti növbəti dəfə DESFA-nın səhmlərinin 66 faizinin satılmasına mane olub.
SOCAR ilk olaraq 400 mln. avro olan investisiyanın məbləğini azaltmağı təklif edib. Yunanıstanın Energetika Nazirliyinin rəsmisi isə bildirib ki, bu təklifin reallaşdırılması qeyri-mümkündür və tenderin ləğvinə səbəb ola bilər.
“Beynəlxalq kreditorlarla aparılacaq məsləhətləşmələrdən sonra gələn həftə Yunanıstan hökuməti yeni tender elan edəcək”, – deyə o bildirib.
“İnterfax” agentliyi Yunanıstanın Energetika Nazirliyinə istinadən yazır ki, SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edib.
Yunanıstanın energetika naziri Panos Skurletis də öz “Twitter” hesabında məsələ ilə bağlı şərh verib: “DESFA-nın özəlləşdirilməsinin uğursuzluğunun səbəbi SOCAR tərəfindən Avropa qanunvericiliyinin və rəqabət şərtlərinə riayət olunmamasıdır”.
SOCAR DESFA-nın səhmlərinin 31 faizini Yunanıstan hökumətindən, 35 faizini “Hellenic Petroleum SA” şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17 faizini üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın “Snam” şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.