Vahid Məhərrəmov: ”Martda yumurta istehlakı artacaq”
Bazarda, supermarketlərdə yumurtanın qiyməti 15 qəpiyə enib. Bir müddət əvvəl isə 25-27 qəpik civarında idi.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yumurtanın qiymətinin düşməsini idxalın artması ilı əlaqələndirir:
“Bir müddət əvvəl Türkiyənin yüksək vəzifəli məmurlarından biri Azərbaycana yumurta ixracını artıracaqlarını demişdi. Digər ölkələrdən də Azərbaycana yumurta gətirilir. Çox təəssüf ki, keyfiyyəti aşağı olan idxal yumurtanı “Giləzi” yumurtası adıyla satışa çıxarırlar. Ancaq “Giləzi” yumurtası keyfiyyətlidir, sadəcə, orda istehsal azalıb. Baxmayaraq ki, rəsmilər bunu başqa cür yozurlar. Guya yumurta istehsalı artıb. Halbuki, qış mövsümündə yumurta istehsalı artmır. İstehlak etdiyimiz yumurtanın sənaye üsulu ilə hissəsi təxminən 60-65 faizdir. Qalan hissəsi kənd yumurtalarıdır, yaxud fermerlər primitiv texnologiyadan istifadə edirlər, bu da ümumi istehsala təsir edir”.
Vahid Məhərrəmov əhalinin alıcılıq qabiliyyətinin düşməsinin də qiymətin azalmasına təsir etdiyini düşünür:
“Sahibkarların da elə böyük anbarları yoxdur ki, yumurtanı uzun müddət saxlasınlar. Düzdür, yaxın zamanlarda, mart ayında yumurta istehlakı çoxalacaq, həmin ərəfədə də qiyməti artacağı birmənalıdır”.