“Yubka” sindromu

Ətək geyinə bilən oğullar böyüdün

Source:

Axı niyə Özgəcan üçün yubka geyənlər indi öz övladımız üçün yubka geyinmir? Axı niyə Aytacın dərdi bizə yubka geyindirmədi? Hanı o oğlanlar? Mənim dərdim yubka dərdidi, qoy onlar hər ölümə yubka geyinsinlər! Axı mənə nə, mahiyyəti mən anlamaram, ay balam! Lap əsəb vurub başıma, axı burda nə var ki, çətindi bəgəm, yubkanı hər ölənə geyinək!? 100 il öncə belə idik, 100 il də yubka geyinək, amma yenə bıçaqlayaq öldürək, ölən üçün yubka geyinək. Qoy ağlasın analar, niyə ağlamasın axı? İllərdi anaların əynində yubka var, amma heç nə dəyişə bilməyib! Müəllim anam, axı niyə sənin yubkan bu 3 gədənin yubkası qədər güclü olmadı? Axı niyə sənin illərdi geyindiyin yubka xilas etmədi, bu 3 gədənin yubkasından indi yaramıza dərman gözləyirik?!

Bir əsrdi yazan yazır, etiraz edən edir, deyən də deyir.. Bu qədər arifi olan cəmiyyət bir əsrdi dəyişmədi ay balam, amma indi bu 3 gədənin yubkası cəmiyyət dəyişir. İllərdir susan insanlar hər ölümü gözləyən məhəllə tulasına dönüb, hər biri bir küncdə dayanıb güdür, gözləyir növbəti ölümü, sonra hər ölümə bar bar bağırır ki, ay balam, hardadı bu yubka geyinənlər!

Mən avam nəslin avam nümayəndəsi, axı hardan bilim ki, Aytac üçün yubka geyinmək utancdır, yubka geyinib yas tutacaq qədər yad deyil Aytac mənə. Bir igid çıxıb demədi ki, ay anam, ay bacım, mən səninçün niyə yubka geyinim? Sən axı qonşu dövlətin qızı deyilsən, axı sənin dərdin yubka dərdi deyil. Sənin dərdin məktəbdə sənə öz bacısı oğlu üçün elçi düşən Nisə müəllimədi. Sənin dərdin, adam yerinə qəssab böyüdən uzunçolkalı qaqaşın anasıdı. Sənin dərdin qonşudakı Mehparə xaladı, maqazindəki Simuzər nənədi. Gözəllik salonundakı Ellada xaladı.

3 gədəyə tərifnamə!

Sağolsun o yubkalar! Artıq qadın öləndə biz səssiz qalmırıq, artıq qadın şiddətinə biz cavab gözləyirik, əsas odu biz daş deyilik. İllərdi qadın ölümü 1 yasinlə bitirdi, indi yubkanamələr də var.

Sağolsun o oğullar! Artıq onlar qadınların yanında dayanır, qadın ölümünə bir qadından daha çox üzülür. Əynindəki ətəklər illərdi cəmiyyəti məhv edən müəllimlərin ətəklərindən daha möhkəmdi!

Bir cəmiyyətin xilası qadından başlar və qadında da bitər. Üzüntüm dünya boydadı, biz qadınlar cəmiyyətimizi xilas edə bilməyəcəyik, bunu həm biz həm də o gədələr bilir. Bizim yubka qadının əynində zəif olduğu qədər onların əynində qüdrətlidir. Odur ki, Aytacların yaşamasınnı istəyirsizsə, yubka geyinə bilən oğullar yetişdirin!

Ana səhifəMənim Fikrimcə“Yubka” sindromu