Yoxsulluqdan intihar edən müəlliməm

O xərçəng xəstəsi idi…

Source:



Çünki o “büstqalter”ində bülleten daşımamışdı heç vaxt. Seçki saxtalaşdırmamış, valideynlərdən hədiyyə, pul tələb eləməmişdi. Heç vaxt özünü, dar gününü düşünməmişdi, ehtiyat yığmamışdı. Öz canını şagirdlərinin yolunda qoymuşdu, dərsdən sonra gec saatlara qədər sinifdə çətinliyi olan şagirdlərlə bir qəpik ummadan, qarşılıq güdmədən çalışan müəlliməm.


Sədaqət müəllimənin 50 yaşı var idi. Həyatının 25 ilini kənd məktəbində balaca uşaqlara dərs deməklə keçirtdi. Oxuduğum illər ərzində bircə dəfə də olsun, onun dərsə gəlmədiyini xatırlamıram. Hər zaman gülərüz, mehriban idi o. Orta məktəbdə ən yaxşı iki müəllimədən biri idi. Onun sinfinə düşmək üçün valideynlər öz uşaqlarını yer olmayanda, gələn il üçün növbəyə yazdırırdılar.

Gözlərimin qarşısına onun gülüşü, dərs otağı, bizə öyrətdiyi şerlər, mahnılar gəlir. Bir dəfə sinif yoldaşlarımızdan biri uzun müddət dərsə gəlmədi. Müəlliməmiz uşağın dərsə gəlməsi üçün çox çalışdı. Məktub göndərdi digər sinif yoldaşımızdan. 4-cü sinifdə oxuyurduq. Bir az keçdi həmin uşaq dərslərə davam etdi. Sonradan biz bildik ki, həmin uşağın ayaqqabısı yox imiş, müəlliməmiz məktubun içinə pul qoyub göndəribmiş.

Beləcə, bir şagirdin kitabdan, dərslərdən uzaqlaşmasının qarşısını aldı o.

Bir dəfə qonşu kəndə dayımgilə gedəndə (dayımgil müəlliməmlə qonşu idi) darvaza açıq qalmışdı. Təsadüfən içəri boylandım, mənə çox maraqlı idi onun işdən kənar həyatı. Axə biz müəllimlərə ali, qəribə bir varlıq kimi baxırdıq. Baxdım ki, həyətdə dayanıb, paltar yuyur. O zaman sanki xəyal qırıqlığı yaşadım, axı onun da bizim kimi biri olduğunu görmüşdüm. Sadəcə sonralar, o kasıb, sadə həyat keçirən qadının məktəbdə şagirdlərinə xanım-xatın, qürurlu görünə bilmək üşün hansı cəhdləri elədiyini təsəvvürümə gətirir və ona heyran olurdum.

Dünən müəlliməmin intihar xəbərini eşitdim. Xərçəng imiş. Müalicəsi olsa da, pulu olmayıb müalicəyə. Həyatının 25 ilini dövlətə, insanlara xidmətə həsr edən qadın xərçəngin müalicəsinə pul tapa bilməyib. Ağrıların şiddətinə dözə bilməyib. Və özünü asıb. 25 illik stajı, xidməti olan bir dövlət qulluqçusu. Aygün Kazımovanın paltarlarını saxlaması üçün ev bağışayan dövlətimiz onun müalicəsinə pul tapmayıb. Yaşadığı cəmiyyət, xidmət etdiyi dövlət onun qayğısına qala bilməyib. O da məcbur qalıb, bu addımı atıb.

Bütün bunları dünən eşitdiyim. Sarsıldm bu xəbərdən.

Ağıllı, güclü bir qadın, bizə həyatda dik durmağı, güclü olmağı öyrədən qadın, niyə bu addımı atsın? Kim məcbur edib onu intihara? Bu yaşında, bəlkə də daha neçə şagirdə “möhkəm ol”, “məqsədinə çatmaq üçün həmişə irəli get” deyən qadın özünə qəsd edib. Niyə?

Çünki o “büstqalter”ində bülleten daşımamışdı heç vaxt. Seçki saxtalaşdırmamış, valideynlərdən hədiyyə, pul tələb eləməmişdi. Heç vaxt özünü, dar gününü düşünməmişdi, ehtiyat yığmamışdı. Öz canını şagirdlərinin yolunda qoymuşdu, dərsdən sonra gec saatlara qədər sinifdə çətinliyi olan şagirdlərlə bir qəpik ummadan, qarşılıq güdmədən çalışan müəlliməm. Sənin yerin hər zaman zirvələrdədir.

İki-üç gün əvvəl prezident hansısa ölkədə çıxışını verirdi. İqtisadi vəziyyətin sabit olmasından danışanda orda əyləşənlər dövlət başçısının bu çıxışına güldülər. Ölkədə isə hər kəs bahalıqdan, işsizlikdən, ağır yaşamaqdan gileylənir. Cəmiyyətdə panika var. Oğurluqların artmasından yazan kim, qapıları bir-bir gəzib, evlərə girəndən danışan, uşaq baxçalarında uşaqların oğurlanmasından danışan kim. Psixoloji gərginlik və səfil cəmiyyət. Ən dəhşətverici məlumatlar isə bank kreditlərindən həyatını itirən ölüm xəbərləridir.

Işküzar, gəlir-çıxarını bilən adamlara belə çətindirsə indi, görün cəmiyyətin ziyalı təbəqəsinin halı necə oacaq? Bu utancaq, təvazökar adamlar nə edəcəklər? Onların halı necə olacaq? Artıq indidən görürük. Bu günlərdə bir aktyor da intihara cəhd edib. Xoşbəxtlikdən, onu xilas etmək mümkün olub. Səbəb isə banklara kredit borcunun çox olması olub.

Sənin isə xatirən mənim üçün, qayğısına qaldığın onlarla, yüzlərlə şagirdin üçün həmişə əziz, uca olacaq, əziz müəlliməm! Nur içində yat!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYoxsulluqdan intihar edən müəlliməm