Altıgünlük müharibədən fərqli olaraq, bu dəfə ABŞ birmənalı şəkildə İsraili dəstəklədi
Suriyalıları müharibənin ilk günlərində tutduqları ərazilərin çoxundan çıxaran İsrailin siyasi və hərbi rəhbərliyi bununla kifayətlənərək müdafiə olunmaq, yoxsa Suriyanın içərilərinə doğru hücum etmək dilemmasını müzakirə etdi. İştirakçıların bəziləri İsrail sərhədinin yaxınlığında yerləşən Dəməşq üzərinə getməyi və Suriyanın təsliminə nail olmağı təklif etdi. Digərləri isə hücum zamanı itkilərin böyük olacağını əsas gətirərək müdafiə ilə kifayətlənməyi təklif edirdilər.
Baş nazir Qolda Meir siyasi qərar qəbul etməli oldu. İsrail Misir cəbhəsində ərazi itirmişdi, geri almaq hələ ki, mümkünsüz görünürdü, Suriya cəbhəsində müdafiəyə çəkilmək əvvəlki status-kvonun bərpası ilə razılaşmaq idi. Əgər BMT-nin, ya da böyük dövlətlərin təzyiqi ilə hərbi əməliyyatlar yaxın günlərdə dayanardısa, bu, İsrailin müharibədə məğlub olması demək olacaqdı. Buna görə də Suriya cəbhəsində hücuma keçmək qərara alındı.
Oktyabrın 11-də başlayan hücum 4 gün ərzində uğurla davam etdi və Tsahal qüvvələri Dəməşqin 40 kilometrliyinə qədər irəlilədilər. Suriyanın məğlubiyyət astanasında olduğunu görən İraq və İordaniya öz qoşunlarını köməyə göndərdi. Maraqlıdır ki, İordaniya kralı Hüseyn İsraillə döyüşmək istəmirdi, amma həm ölkəsindəki, həm ərəb dünyasındakı basqıya boyun əydi. O, hətta amerikalılar vasitəsilə İsrailə üzrxahlıq göndərdi.
Suriya SSRİ-dən də kömək istədi. Amma Moskva itirilmiş texnikanı kompensasiya etməklə kifayətlənərək canlı qüvvə göndərməkdən imtina etdi. Əvəzində Fidel Kastro (bəzi ehtimallara görə, Moskvanın təklifi ilə) 3 minə qədər Kuba hərbçisini göndərdi. Bu qüvvələr oktyabrın 14-də israillilərin hücumunu dayandıra bildilər. Həmin gündən etibarən əsas hadisələr yenə Sinayda cərəyan etdi.
***
İstər müharibədən əvvəl, istərsə də müharibənin ilk günlərində Misir rəhbərliyinin Sinay yarımadasının içərilərinə doğru irəliləmək kimi planı yox idi. Onlar anlayırdılar ki, ilkin uğurlara görə, Süveyş kanalının qərb sahilində yerləşən artilleriya və hava hücumundan müdafiə sistemlərinə borcludurlar . Əgər daha irəliyə gedilərdisə, bu qoruyucu çətirdən məhrum olacaqdılar və o zaman İsrail ordusunun aviasiyasının və tank qoşunlarının üstünlüyü özünü göstərəcək.
Amma ilk günlərin uğuru prezident Ənvər Sadatı həvəsləndirdi və o, ilkin planın əksinə olaraq daha irəli getmək istədi. Digər tərəfdən misirlilərin ilkin planından xəbəri olmayan Hafiz Əsəd də müttəfiqindən hücuma keçərək Suriyanın işini yüngüşlləşdirməyi tələb edirdi. Misir ordusunun Baş qərargah rəisi Səəd əl-Şəzli hücum planının qəti əleyhinə çıxsa da, prezidentin iradəsinə tabe olmalı oldu.
Oktyabrın 14-də səhər tezdən Misir ordusu Sinay yarımadasının şimalında üç, cənubunda da üç olmaqla altı istiqamətdə hücuma keçdi. Əməliyyat gözlənildiyi kimi fiasko ilə nəticələndi. Çünki indi bütün üstünlüklər yəhudilərin tərəfində idi. Onlar münasib mövqe seçərək ərəblərin yaxınlaşmasını gözləyirdilər.
İsrail tankları təpələrin arxa tərəfində elə mövqedə durmuşdular ki, onların yalnız qülləsi və lüləsi görünürdü. Belə halda onları vurmaq xeyli çətin idi. Bundan əlavə, onlar bir-iki atəş açandan sonra təpədən aşağı düşür və yerlərini dəyişirdilər. Misir tankları isə səhra boyu ovuc içindəki kimi irəliləyirdilər.
Altıgünlük müharibədən sonra İsraildə tank qoşunlarına çox, hətta piyada qoşunlarının zərərinə olacaq qədər önəm verilirdi. İndi müxtəlif istiqamətlərdə baş verən döyüşlərdə tankçıların yüksək hazırlığı, xüsusən də sərrast atıcılıq qabiliyyəti öz sözünü dedi. Həm də dayanan yerdə sərrast atəş açmaq hərəkət zamanı olduğundan daha asandır.
Digər tərəfdən, Misir tanklarının əksəriyyətini təşkil edən T-55 tankları öz göstəricilərinə görə Tsahalın Magach-3 tanklarına uduzurdular. Sonuncular daha uzaq məsafədən və daha böyük kalibrli mərmilərlə atəş açırdı. Magach-3 ilə rəqabət təşkil edə biləcək T-62 tankları isə daha az idi.
Oktyabrın 14-də Misir ordusu müxtəlif mənbələrə əsasən 200-264 tank və 200 ədəd digər zirehli texnika itirdi. İsrailin itkiləri isə 50-150 tank, 60 digər texnika idi. Qarşılarına qoyduqları məqsədə nail ola bilməyən ərəblər yeniən əvvəlki mövqelərinə, “raket çətiri”nin altına qayıtdılar.
***
Misirlilərin uğursuz hücum cəhdinin ertəsi günü, oktyabrın 15 Tsahal “Abirey-lev” (Cəsurlar) əməliyyatına başlayaraq hücuma keçdi. Süveyş kanalının qərb sahilinə keçərək şərq sahilindəki Misir qüvvələrinin təchizatını kəsmək məqsədi güdən hücuma avanqard olaraq Ariel Şaronun rəhbərlik etdiyi bir tank diviziyası, eləcə də daha 3 tank və 1 desant briqadası, mühəndis hissələri başladı. Zərbə Misir müdafiəsinin zəif yerindən – 2-ci və 3-cü orduların mövqelərinin arasından endirildi.
Böyük Acı gölün yaxınlığında yerləşən “Çin ferması” adlı yerdə İkinci dünya müharibəsindən sonra ən böyük tank döyüşü baş verdi. Misirlilər də, israillilər də inanılmaz fədakarlıqla 60 saat gecə və gündüz döyüşdülər. Sonda Misir müdafiəsi yarıldı və israillilər Süveyş kanalı sahilinə çıxa bildilər. Oktyabrın 17-də saat 16.00 ərəfəsində kanal üzərindən ilk ponton körpü salındı və şiddətli atəş altında qərb sahilinə keçid başladı (diversiya məqsədi güdən yüzlərlə desantçı hələ oktyabrın 15-də qayıqlarla qərb sahilinə keçmişdilər).
İsraillilərin keçidinin qarşısını almağa çalışan əl-Şəzli 25-ci tank briqadasına Sinay yarımadasının cənubundan şimala doğru hərəkət edərək 2-ci orduya köməyə gəlməyi əmr etdi. Bu hərəkətdən kəşfiyyat vasitəsilə xəbər tutan israillilər pusqu qurdular. Mühasirəyə düşən briqadanın malik olduğu 94 ədəd T-62 tankından ən azı 60-ı vuruldu. Yəhudilər isə cəmi 3 tank itirdilər.
Diversiya qrupları Misirin qərb sahilindəki xeyli zenit-raket komplekslərini məhv etdilər. Digərlərini qorumaq üçün isə Misir generaliteti ölkənin daha içərilərinə doğru çəkdi. Bununla da İsrail aviasiyası daha sərbəst hərəkət etmək imkanı qazandı.
Qərb sahilinə keçən İsrail qüvvələri Misirin 2-ci və 3-cü ordularının təchizatında mühüm rol oynayan İsmailiyyə şəhərini ələ keçirmək üçün hücuma keçdilər. Amma dörd gün davam edən ağır döyüşlərdən sonra misirlilər şəhəri özlərində saxlaya bildilər.
Oktyabrın 22-də BMT Təhlükəsizik Şurası Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək və atəşkəsə çağıracaqdı. Müzakirəyə çıxarılan qətnamənin mətni iki gün əvvəl ABŞ-ın yeni dövlət katibi Henri Kissincerin ik gün əvvəl Moskva səfəri zamanı sovet rəhbərliyi ilə razılaşdırılmışdı.
Sənəddən xəbəri olan israillilər Suriya cəbhəsində itirdikləri əhəmiyyətli strateji yüksəkliyi – Hermon dağını almaq üçün hücuma keçdilər. Suriyalıların kəskin müqavimətinə və əlverişsiz relyefə baxmayaraq, 56 nəfər itki verən israillilər yüksəkliyi ələ keçirə bildilər.
Həmin gün BMT TŞ demək olar ki, yekdilliklə qəbul etdiyi (TŞ-nın 15 üzvündən 14-ü lehinə səs verdi, yalnız Çin səsvermədə iştirak etmədi) 338 saylı qətnamə atəşin dərhal dayandırılmasını və tərəflərin tutduqları ərazilərdə dayanmasını tələb edirdi. Sənədin ikinci maddəsi 1967-ci ildə qəbul edilən 242 saylı qətnamənin icrasına – işğal olunan bütün ərazilərin qaytarılmasını, regiondakı bütün dövlətlərin suverenliyini tanımağa çağırırdı.
Misir və İsrail qətnaməni qəbul etmələrinə baxmayaraq, bu cəbhədə hərbi əməliyyatlar bir neçə gün davam etdi. Tərəflər atəşin pozulmasına görə bir-birini ittiham edirdi. SSRİ və ABŞ-ın qətiyyətli israrından, eləcə də BMT-nin 339 saylı daha bir qətnaməsindən sonra hərbi əməliyyatlar dayandırıldı və dördüncü Ərəb-İsrail müharibəsi sona çatdı.
1974-cü il yanvarın 18-də Misir və İsrail arasında imzalanan razılaşmaya əsasən tərəflər müharibə zamanı tutduqları ərazilərdən geri çəkildilər. Misir qüvvələri Süveyş kanalının şərq sahilini, israillilər isə qərb sahilini tərk etdilər. Bundan əlavə, İsrail kanaldan təxminən 10 km məsafədə hərbi qüvvə saxlamayacqdı.
Suriya ilə danışıqlar isə daha çətin keçdi və yalnız mayın 31-də razılaşma imzalandı. Sənəd əsirlərin mübadiləsini (yəhudi əsirlərin Suriya və Misir tərəfindən qətllərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları haqqında çoxlu faktlar var), İsrailin müharibədən əvvəlki təmas xəttinin arxasına çəkilməsini və BMT-nin nəzarət edəcəyi bufer zonasının yaradılmasını nəzərdə tuturdu.
Misir və İsrail arasında sülh müqaviləsi 1979-cu il martın 26-da Vaşinqtonda imzalandı. Müqavilənin şərtləri 6 ay əvvəl ABŞ prezidentinin Kemp-Deviddəki iqamətgahında razılaşdırıldığından daha çox “Kemp-Devid müqaviləsi” kimi xatırlanır. Bununla Misir İsrail dövlətini tanıyan ilk ərəb ölkəsi oldu.
Müqaviləyə görə, İsrail Sinay yarımadasını 3 ildən gec olmayaraq Misirə qaytarırdı. Yarımada üç zonaya bölünəcəkdi. Ən qərbdə yerləşən A zonasında Misir 20 minlik hərbi qüvvə saxlaya bilərdi. Mərkəzdəki B zonasında yalnız 4 tabor məskunlaşacaqdı. İsraillə sərhədini və Əkəbə körfəzinin sahillərini əhatə edən C zonasında yalnız beynəlxalq sülhməramlı qüvvələr yerləşirdi. Misirin buraya hərbi qüvvə yeritməsi İsrailin müharibəyə başlama səbəbi ola bilərdi. Nəhayət, sərhədin İsrail tərəfindəki dördüncü D zonasında Tsahal yalnız 4 piyada taboru saxlayacaqdı.
Müqaviləyə əsasən, İsrail gəmilər Süveyş kanalından sərbəst keçə biləcəkdilər. Tiran boğazı və Əkəbə körfəzi beynəlxalq su hövzəsi kimi tanınırdı və Misir 1967-ci ildə olduğu kimi onu bağlaya bilməzdi. İsrail Fələstin xalqının özünüidarə hüququnu tanımağı öhdəsinə götürürdü, amma bu maddə uzun müddət yerinə yetirilmədi.
Suriya ilə sülh müqaviləsi isə imzalanmadı, Dəməşq indiyə qədər İsrail dövlətini tanımır. Suriya ərazisi olan Qolan təpələrinin çox hissəsi hələ də Təl-Əvivin nəzarətindədir. Knessetin 1981-ci ildə qəbul etdiyi “Qolan təpələri haqqında qanun” İsrailin suverenliyini bu əraziyə şamil edir. Qanunda “ilhaq” sözü işlənməsə də, beynəlxalq birlik bu qanunu ilhaq cəhdi kimi qəbul edir və tanımır (ABŞ-dan savayı).
***
Yom-Kippur müharibəsi İsrailin qələbəsi ilə yekunlaşdı. Amma bu qələbə Altıgünlük müharibədə olduğu kimi qəti və şəksiz deyildi. Ərəblər bu dəfə ləyaqətlə müqavimət göstərə bildilər və bəzi döyüşlərdə (Misir Bədr əməliyyatında və İsmayılliyənin müdafiəsində, Suriya Qolan təpələrinə hücumda və tutduqları Hermon dağına İsrailin oktyabrın 8-də ilk hücumunu dəf etməklə) qələbə qazandılar.
İsrailin 3 minə yaxın (bəzi mənbələrə görə, 3 mindən çox) hərbçisi həlak oldu. 102 təyyarəyə, 840 tank və 400 ətrafında zirehli transportyor itirildi. Altıgünlük müharibə ilə müqayisədə bu çox böyük itki idi və İsrail cəmiyyətində böyük şok yaşatdı.
Ərəb ölkələrinin itkiləri barədə dəqiq informasiya yoxdur, bəzi qiymənləndirmələrə görə, 9000-18500 canlı qüvvə, 1000-dən çox tank, 500 digər zirehli texnika, 350-500 təyyarə itirilib. Buna baxmayaraq, 6 oktyabr həm Misirdə, həm Suriyada bayram kimi qeyd olunur. Hesab edilir ki, Altıgünlük müharibədəki biabırçılıqdan sonra həmin gün ərəblərin qüruru bərpa olunub.
Misirdə bir çox yerlərə 6 oktyabr və 10 ramazan (hicri-qəməri təqvimi ilə müharibənin başlanması bu günə düşmüşdü) adları verildi. Hətta Qahirə yaxınlığında bu adlarla iki peyk şəhər salındı. Həmin gün Misirdə Hərbi qüvvələr günü kimi qeyd olunur və hərbi parad keçirilir. 1981-ci ildə məhz belə bir parad zamanı prezident Ənvər Sadat İsraillə sülh müqaviləsini qəbul etməyən sui-qəsdçilər tərəfindən öldürüldü.
***
Müharibəyə qəfil yaxalanmaqla və ağır itkilərlə bağlı suallar İsrail cəmiyyətini narahat etdiyindən 1973-cü ilin noyabrında Ali məhkəmənin sədri Şimon Aqranatın başçılığı altında xüsusi komissiya yaradıldı. Ali məhkəmənin daha bir hakiminin, bir dövlət məmurunun və Tsahalın iki keçmiş Baş qərargah rəislərinin üzv olduqları komissiya müharibədən əvvəl və müharibə vaxtı hökumətin və ordu rəhbərliyinin fəaliyyətini araşdırdı.
Bu arada oktyabrda keçirilməli olan, amma savaş səbəbindən təxirə salınaraq dekabrın 31-də keçirilən seçkilər hökumətin reytinqinin hələ yüksək olduğunu göstərdi. Hakim Maarax partiyası 1969-cu il seçkiləri ilə müqayisədə 6,6% səs və 5 mandat itirsə də, 39,6% səs toplayaraq yenə birinci oldu və Qolda Meir təkrar baş nazir seçildi.
Aqranat komissiyası isə özünün aralıq hesabatını 1974-cü il aprelin 1-də açıqladı. Komissiya uğursuzluqlara görə 6 nəfəri günahkar sayırdı və onların vəzifədən uzaqlaşdırılmalarını tövsiyə edirdi: Baş qərargah rəisi David Elazar, hərbi kəşfiyyatın rəisi Eli Zeyra və onun müavini Arye Şalev, hərbi kəşfiyyatın Misir şöbəsinin rəisi Yon Bandman, Cənub hərbi dairəsinin kəşfiyyat rəisi Devid Qedaliya, Cənub hərbi dairəsinin əvvəlcə komandanı, sonra isə qərargah rəisi Şmuel Qonen.
Komissiya nə baş nazir Qolda Meiri, nə də müdafiə naziri Moşe Dayanı günahkar saymadı. Buna baxmayaraq, ölkədə etiraz aksiyaları genişləndi. Bu aksiyalara Motti Aşkenazi adlı ehtiyatda olan kapitan başçılıq edirdi. O, Bar-Lev xəttində misirlilərin tuta bilmədikləri yeganə möhkəmləndirilmiş məntəqənin (“Budapeşt” adlı) komandiri olmuşdu. Etirazlar aprelin 11-də Qolda Meirin, ardınca da bütün hökumətin istefası ilə nəticələndi.
Burada Altıgünlük müharibə zamanı Misirdə baş verən hadisələrlə paralel aparmaq yerinə düşür. Son dərəcə biabırçı məğlubiyyətə uğrayan Misirin prezidenti Camal Əbdül Nasir istefa verdiyini elan etdikdə yüzminlərlə insan küçələrə çıxaraq vəzifədə qalmasını istədilər. İsraildə isə çətin qələbə qazanan hökumət istefaya göndərildi.
***
Yom-Kippur müharibəsinin daha bir nəticəsi neft böhranı oldu. Altıgünlük müharibədən fərqli olaraq, bu dəfə ABŞ birmənalı şəkildə İsraili dəstəklədi. SSRİ Misir və Suriyanın itkilərini kompensasiya etməyə başlayan gün amerikalılar da “Nickel Grass” əməliyyatına başladılar. Həmin əməliyyat çərçivəsində İsrailə 22 min tondan artıq hərbi texnika, silah və sursat göndərildi.
Bu addıma cavab olaraq neft istehsal edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə (ABŞ, Böyük Britaniya, Kanada, Niderlan və Yaponiya) qarşı neft embarqosu tətbiq etdi. Daha sonra bu siyahıya, Portuqaliya, Cənubi Afrika Respublikası və Rodeziya da əlavə edildilər. Nəticədə neftin barrelinin qiyməti 3 dollardan 12 dollara qalxdı.
Embarqo cəmi 5 ay davam etdi, amma uzaqgedən fəsadları oldu ki, onlar bu məqalənin mövzusu deyillər. Təkcə onu deyim ki, sözügedən neft embarqosu, eləcə də 1979-cu ildə İran İslam inqilabından sonrakı neft böhranı nəticəsində SSRİ dünyanın ən böyük neft ixracatçısına çevrildi, sovet iqtisadiyyatının neftdən asılılığı gücləndi. 1980-ci illərdə neftin kəskin ucuzlaşması isə iqtisadi kollapsa apardı və SSRİ-nin çöküşünün səbəblərindən biri oldu.