Yom-Kippur müharibəsi: Bədr əməliyyatı

Amma ərəblər həm canlı qüvvə, həm texnika baxımından 3:1 nisbətində üstün olsalar da burada ciddi uğurlar qazana bilmədilər.

Foto: Meydan Tv


Ərəblər hücuma keçmək üçün məhz Yom Kippur gününü təsadüfən seçməmişdilər

1973-cü il oktyabrın 6-sı yəhudilər üçün ən müqəddəs günə – Yom Kippur (günahların bağışlanılması) bayramına təsadüf etdi. Həmin vaxt yəhudilər 25 saat ərzində oruc tutur, bütün günü dualarla keçirirlər. Ölkədə həyati əhəmiyyətli strukturlar istisna olmaqla heç yer işləmir. Təcili yardım, polis, yanğınsönüdürmə maşınlarından başqa sükan arxasına oturulmur. Hətta dindar olmayan yəhudilər belə bu qaydaların açıq pozmurlar.

Buna baxmayaraq, həmin gün səhər 8-də Baş nazir Qolda Meir, müdafiə naziri Moşe Dayan və Baş qərargah rəisi David Elazar Misir və Suriya ilə təmas xətlərində vəziyyəti dəyərləndirmək üçün müşavirə keçirdilər. Dayan savaşın başlayacağına inanmadığını bildirdi, Elazar isə 1967-ci ildə olduğu kimi ərəb aviabazalarına preventiv zərbə endirməyi təklif etdi.

Qolda Meir isə ya müharibənin başlayacağına inanmırdı, ya da yeni müharibənin başlanmasına görə məsuliyyət daşımaq istəmirdi, bu təklifin əleyhinə çıxdı. O, beynəlxalq ictimai rəyi nəzərə almalı oldu. Təxminən bir saat davam edən müzakirələrdən sonra preventiv zərbə endirilməməsi, amma səfərbərlik elan edilməsi qərara alındı.

***

Ərəblər hücuma keçmək üçün məhz Yom Kippur gününü təsadüfən seçməmişdilər. Onlar hesab edirdilər ki, hətta televiziya və radionun işləmədiyi ölkədə səfərbərlik aparmaq bir sutkadan çox vaxt aparacaq. Amma əsassız olmayan bu hesablamaların başqa bir tərəfi də vardı. Ehtiyatda olanlar ya evlərində, ya da sinaqoqlarda idilər və onları tapıb səfərbər etmək çətin olmadı. Digər tərəfdən, həm yolların, həm də nəqliyyat vasitələrinin boş olması onları tələsik ehtiyac olan mövqelərə çatdırmaq imkanı verdi. Savaş başlanandan cəmi 10 saat sonra artıq ilk ehtiyat qüvvələr mövqelərə çatdırıldılar.

Maraqlıdır ki, Misir düşmənini çaşdırmaq üçün elə onun əvvəllər istifadə etdiyi üsullara müraciət edirdi. İsrail aviasiyası 1965-ci ildən başlayaraq iki il müddətində hər gün Aralıq dənizi istiqamətinə uçuşlar həyata keçirirdi. Misirlilər bu uçuşlara alışıb, artıq əhəmiyyət vermirdilər. Altıgünlük müharibə də məhz həmin təyyarələrin qəfil hücumu ilə başladı. İndi misirlilər Süveyş kanalının yaxınlığında dalbadal hərbi təlimlər keçirirdilər, israillilər də axırda onlara alışıb etinasız yanaşırdılar.

İsrail hərbi kəşfiyyatını (AMAN) sayıqlığını korşaltmaq üçün bir sıra başqa addımlar da atıldı. Məsələn, açıq elan olundu ki, Ramazan ayında (həmin il sentyabrın 28-də başlayırdı və buna görə də 1973-cü il savaşı ərəb ölkələrində Ramazan müharibəsi adlanır) ümrə ziyarətinə getmək istəyən hərbçilər Müdafiə Nazirliyinə müraciət edə bilərlər. Mətbuatda gedən başqa bir xəbərdə isə müdafiə naziri Əhməd İsmayıl Əlinin oktyabrın 8-də Rumıniyaya səfər edəcəyi bildirilirdi.

Əlbəttə, İsrail kəşfiyyatına müəyyən məlumatlar, xəbərdarlıqlar sızırdı. Amma bir tərəfdən Altıgünlük müharibədən sonra yaranan arxayınlıq, digər tərəfdən də Misirin aldadıcı hərəkətləri Təl-Əvivin bu məlumatları gözardı etməsinə səbəb oldu. Qahirə hiylə savaşını qazandı və gözlənilməzliyə nail ola bildi.

***

Hərbi əməliyyatlar misirlilərin aviasiya hücumu və Bar-Lev xəttini şiddətli artilleriya atəşinə tutmaları ilə başladı. 200 təyyarə İsrailin Sinay yarımadasındakı üç aviabazasına, eləcə də Hawk zenit-raket kompleksləri batareyalarına və başqa hədəflərə zərbələr endirdi. Eyni zamanda 2000 artilleriya silahından Bar-Lev xətti atəşə tutuldu. Bu atəşin ilk dəqiqəsində 10500, başqa sözlə hər saniyə 175 mərmi atıldığı söylənilir. 53 dəqiqə davam edən atəş istehkamlara ciddi xəsarət yetirdi.

Saat 14:20-də isə misirlilər “Bədr” adı verdikləri hücum əməliyyatına başladılar. 4 min nəfərdən ibarət ilk qrup Süveyş kanalını keçərək Sinay yarımadasına qədəm basdı. Azsaylı hərbçilərin qoruduğu Bar-Lev xəttinin ilk xəttini, qum divarını tutmaq çətin olmadı və 14.35-də burada Misir bayrağı qaldırıldı. Bundan sonra əvvəlcə hər 15 dəqiqədən bir, daha sonra isə qayıqçılar yorulduqlarından daha böyük intervalla yeni qruplar kanalı keçdi. Qayıqlar vasitəsilə ümumi sayı 32 min olan 12 qrup şərq sahilinə adladı.

Bundan əvvəlki məqaləmdə Bar-Lev xəttinin ən önündə yaradılan qum divarı haqqında yazmışdım. 20-25 metr hündürlüyü və 45-65 dərəcə maililiyi olan bu divar misirlilərin hücum edəcəyi təqdirdə zirehli texnikanın qarşısında ciddi maneə olmalı idi. Müharibəyə hazırlaşan Misir bu divarı necə adlamaq barədə düşünməli oldu. Nəhayət, Baki Zəki Yusif adlı kiçik rütbəli bir zabit yüksək təzyiqli su nasoslarından istifadə etməyi təklif etdi. Aparılan təcrübə ideyanın uğurlu olmasını sübut etdikdə İngiltərə və Almaniyadan çoxlu sayda su nasosları alındı.

İndi misirlilərin ilk dəstələri qum divarını tutduqdan sonra yüzlərlə nasos işə düşdü və bir neçə saat ərzində divarda zirehli texnikanın keçə biləcəyi 81 keçid açıldı. Beləliklə, israillilərin Misir hücumunu 48 saat ləngidəcəyinə ümid etdikləri sədd cəmi bir neçə saat ərzində dəf edildi. Panton körpülər vasitəsilə artıq saat 20.30-da bəzi keçidlərdən tankların və digər ağır texnikanın keçidi başladı. Birinci gün ərzində misirlilər kanalın şərq sahilində beş platsdarm tutdular.

Altıgünlük müharibədə İsrail tanklarından olduqca ağır zərbələr alan Misir indi buna qarşı tədbir görmüşdü. Süveyş kanalını keçən piyadalar çoxlu sayda tank əleyhinə silahlarla – RPQ-7 qumbaraatanları, “Malyutka” idarəolunan raketləri ilə – təchiz olunmuşdular.

Yəhudilər ərəblərin şərq sahilində tutduqları ərazilər geri almaq üçün hazırlıqsız, kəşfiyyatsız tank hücumuna keçdilər. Amma bu tanklar həm qərb sahilindən artilleriya atəşi ilə, həm də piyadaların gen-bol təchiz edildikləri tank əleyhinə silah vasitəsilə ağır itkilərə məruz qaldılar. Tsahalın hər şeyin 1967-ci ildəki kimi olacağı ilə bağlı gözləntiləri özünü doğrultmadı.

Hərbi əməliyyatların getdiyi ərazi qərb sahilindəki Misir hava hücumundan müdafiə sistemlərinin nəzarəti altında olduğundan İsrail aviasiyası da hücuma keçən tank diviziyasına kömək göstərə bilmədi. Nəticədə diviziyanın malik olduğu 268 tankdan birinci gün yalnız 103-ü salamat qaldı.

Oktyabrın 7-də səhər saatlarına qədər Misir şərq sahilinə 90 min canlı qüvvə, 850 tank və 10 mindən çox zirehli transportyor, zirehli kəşfiyyat maşını, avtomobillər keçirdi. Bu qüvvələrdən istifadə edən ərəblər ələ keçirdikləri əraziləri genişləndirmək üçün hücuma keçdilər. Bu zaman onlar Süveyş kanalından çox uzağa irəliləmək fikrində deyildilər.

Misirlilərin qazandıqları bütün uğurlar hərbi əməliyyatların onların artilleriyasının və hava hücumundan müdafiə sistemlərinin nəzarət altında saxladıqları ərazidə aparılmasına görə idi. Həmin ərazidən uzaqlaşanda bu üstünlük itəcəkdi və o zaman İsrail ordusunun tank və aviasiya qüvvələrinin daha hazırlıqlı olması öz sözünü deyəcəkdi. Buna görə də misirlilər yalnız platsdarmların genişləndirilməsi və bir-biriləri ilə birləşdirilməsi, eləcə də əl-Qantara şəhərinin ələ keçirilməsi ilə kifayətləndilər.

Oktyabrın 8-də günorta saatlarında İsrailin iki tank briqadası ilə hücum cəhdi fəlakətli oldu. Tankların irəliləməsinə imkan verən misirlilər sonra onları mühasirəyə aldı. Qısa müddət ərzində 50 tank vuruldu, 8 tank isə ələ keçirildi. Bundan sonra hücuma keçən misirlilər nəzarətlərində olan əraziləri xeyli genişləndirdilər. Bununla da Bədr əməliyyatı sona çatdı.

Bədr əməliyyatı zamanı İsrail 400 tankını və 950 əsgərini itirdi. Hər iki göstərici Altıgünlük müharibədə olduğundan çox idi. Nəticələr qısa zamanda qələbə çalacağına ümid edən İsrail hökumətini və ordu rəhbərliyini şoka saldı. Sinay yarımadasını əhatə edən Cənub hərbi dairəsinin komandanı general Şmuel Qonen heyrətlə “Bu, 1967-ci ildəki Misir ordusu deyil” söylədi. Qonenin özünü buraxdığı səhvlərə görə oktyabrın 10-da dairə komandanlığından çıxardılar, yerinə ehtiyatdan geri çağrılan Haim Bar-Lev təyin olundu.

***

İsrailə qarşı Misir ilə eyni vaxtda hərbi əməliyyatlara başlayan Suriya Qolan təpələrinə doğru hücuma keçdi. Amma ərəblər həm canlı qüvvə, həm texnika baxımından 3:1 nisbətində üstün olsalar da burada ciddi uğurlar qazana bilmədilər. Bunun bir səbəbi də o idi ki, Süveyşdən fərqli olaraq, Qolan təpələri İsrail ərazilərinin bilavasitə yaxınlığında idi və Tsahal rəhbərliyi ilk növbədə buraya diqqət ayırdı.

Əgər İsrail Sinay yarımadasında yetərincə geniş əraziləri itirməyi özünə rəva görə bilərdisə, Qolan təpələrində isə bunu edə bilməzdi. Buradan ölkənin içərilərinə doğru cəmi bir-iki saatlıq məsafə vardı. Buna görə də ehtiyatdan çağrılan hərbçilər ilk növbədə suriyalılara qarşı göndərildilər. Oktyabrın 8-də Suriya ordusunun hücumu dayandırıldı, iki gün sonra isə onlar Altıgünlük müharibədən sonrakı təmas xəttinin arxasına sıxışdırıldılar.

Ana səhifəXəbərlərYom-Kippur müharibəsi: Bədr əməliyyatı