Yolunu azan mülki erməni geri qaytarılıb

Foto: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Azərbaycan tərəf humanizm nümayiş etdirdiyini deyir

Dekabrın 29-da bir erməni əsilli mülki şəxs yolunu azıb və Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.

Qısa zaman ərzində həmin şəxs Ermənistana təhvil verilib.

Məlumatı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Qurum bildirir ki, Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən şəxs 1971-ci il doğumlu Verdyan Armen Abrikoviç olub.

“Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib”, – məlumatda qeyd edilir.

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. 1994-cü ildə tərəflər arasında  atəşkəs elan olunub.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətYolunu azan mülki erməni geri qaytarılıb