Yolsuz, qazsız, susuz Misxəldidi

Bu kənddə 19 yaşına çatmış qız yoxdur

Source:

“Misxəldidi” gürcü dilində “Böyük Armudlu” deməkdir. Bu kəndə təsadüfən belə ad verməyiblər. Bir tərəfdən dağlıq, üç tərəfdən isə kəndi ağuşuna almış sıx meşələrdə hər növ armud ağacları tapmaq olar. İkinciliyi qoz ağacları tutur. Meşəni itburnu kolları bürüyüb.

Kəndin gözəlliyini, havasını, buz kimi bulaqlarını sözlə təsvir etmək mümkün deyil. O səbəbdən də yayda bura üz tutanlar çoxdur.

Di gəl ki kəndin mərkəzinə doğru getdikcə, marşurutda atılıb-düşən kəndlilərin narazılıqları, kələ-kötür yollardan qalxan toz dumanı bütün əhvalı korlayır. Əllərində ağır vedrələrlə su daşıyan qız-gəlinlər, həyətində odun qalayıb, yemək bişirənləri gördükcə, kəndin problemləri özünü büruzə verir.

Kənd sakini Xalidə Abbasova deyir ki, yollar o qədər bərbad haldadır ki, qış olan kimi sürücülər kəndə maşın sürmürlər. Hara yazıb müraciət etsələr də, dərdlərinə məhəl qoyan yoxdur:

“Bu yollarla hər gün işə gedib-gəlirik. Cəmi bir marşrut var, o da xarab olanda qalırıq yollarda taksi ümidinə. Amma taksilər də yol xarabdı deyə çox baha gətirib-aparırlar. Qışda heç o da olmur”.


Əli vedrəli “malinaçı” qadınlar

Misxəldidinin sakinləri yayda Tbilisi bazarında və ya küçələrdə vedrələrlə moruq satırlar. Deyirlər ki, hər gün gedib-gəldikləri yolun çətinliklərini onlardan yaxşı başa düşən olmaz.

Marina Kərimovanın sözlərinə görə, kəndlə bazar arasında 1 saatlıq yol var: “Yol təmirli olsa, vaxta qənaət edərik. Topdansatışa yetişmək üçün səhər 6-dan durub gedirik. Mən yay fəslində səhər yeməyinin nə olduğunu bilmirəm. Elə alatoranlıqda durub qaçırıq ki, gedib çataq. Acqarına kələ-kötür yollarda  atılıb-düşməyin nə olduğunu təsəvvür belə etmək çətindi”.

Kənddə az sayda adam mal-qara saxlayır. Çünki qışda heyvanı yemləmək çətinləşir. Elə yolsuzluq səbəbindən də qışa tədarük görmək baha başa gəlir.


14 yaşlı gəlinlər

Az qala hər həyətdə qucağında körpəsi olan gənc qadın görmək olar. Ümumiyyətlə, Misxəldididə 19 yaşına çatan qız yoxdur. Sakinlərin sözlərinə görə, kənddə qızları məcburi ərə vermirlər. Lakin həyat şəraiti, təhsilsizlik, gənclər üçün maraqlı heç bir şəraitin olmaması qızlara ərə getməkdən başqa yol buraxmayıb.

20 yaşlı Sahibənin oğlu artıq 2-ci sinifdə oxuyur. Qadın deyir ki, 14 yaşında nişanlanıb, 4 ay sonra isə gəlin köçüb: “Oxumurdum, oğlan da həm qonşumuz, həm də qohumumuz idi. Oxumaq mümkün olsa oxuyardım, amma məktəb 9 illikdi, kimdi bizə icazə verən ki, gedib Tiflisdə oxuyaq? Həm də gedib-gəlmək mümkün deyil, yol uzaq, yollar pis”.

Kənddə uşaq bağçası yoxdu, məktəb natamam təhsil verir. Ona görə də 8-ci sinifədək oxuyan uşaqlar belə barmaqla sayılacaq qədər azdır.

17 yaşlı Gunay da anadır: “Mən istəyərdim oxuyam, amma burda elə adət yoxdu. Qız böyüdü, gərək ərə getsin. Oxumaq üçün şəhərə getməliyik. Ona pul,maşın lazımdı. Alınmadı. Evdə oturub nə edəcəkdim? Ərə də getməsəm, deyəcəkdilər: “qarıyıb””.

Kəndin məktəbinin direktoru Əkbər Nəsirov da deyir ki, məktəbə gələn şagirdlərin davamiyyəti çox pisdir: “Qızlar ən yaxşı halda 5-ci sinfədək oxuyurlar. Oğlanlar da gah dərsə gəlir, gah yox. Məktəb natamamdır. Ona görə də məktəbə gələn yoxdu. Özü oxumayan valideynə “uşağı məktəbə göndər” demək də çətindi. Əsas problem də məkəbi davam etdirməyə maddi və mənəvi güclərinin çatmamasıdır”.

Misxəldidi kəndinin dərdi bitmir. Su xətti yoxdur. Sakinlər suyu vedrələrlə daşıyırlar. Bəzisi isə qustar üsulla bulaqdan evinə xətlər çəkib. Kənddə mavi yanacaq da yoxdur.

Abbas Nağıyev deyir ki, ətrafda olan gürcü kəndlərinin hamısı qazlaşdrılsa da, Misxəldidi mavi yanacaqdan məhrum qalıb:

“SOCAR Gurcustanın bütün əhalisinə qaz satır, amma azərbaycanlılar burda qazsız qalıb. Çəkmirlər. Sakinlər toplandıq ki, xətləri öz pulumuzla alaq, müraciət də elədik. Gəldilər, yazdılar, amma qaz çəkən olmadı. Bəs biz azərbaycanlı deyilikmi? ”

SOCAR –Enerji Gürcüstan Xidmətinə isə məsələyə münasibət bildirmək istəmədilər.

Gözdən-könüldən uzaq Misxəldidi camaatı məmurların bir gün onların da dərdlərinə şərik olacağı günü gözləyirlər.

Ana səhifəXəbərlərYolsuz, qazsız, susuz Misxəldidi