”Yoldaşım rəhmətə gedəndən bəri ət aldığımızı xatırlamıram”

Həyat yoldaşının ölümü haqda quruma məlumat vermədiyi üçün ailəsinə verilən yardımı dayandırılıb

Source:
Sevinc Əzizli
Sevinc Əzizli


Həyat yoldaşının ölümü haqda quruma məlumat vermədiyi üçün ailəsinə verilən yardımı dayandırılıb

“Kartofla, makaronla günümüzü yola veririk. İlyarımdır, yoldaşım rəhmətə gedəndən bəri ət aldığımı xatırlamıram. Qurban bayramında və Ramazanda fitrə çıxarılanda, bu evdə ət xörəyi bişir”.

Bunu Meydan TV-yə Xaçmaz sakini Sevinc Əzizli deyir. O, qara günlərinin 2017-ci ildə həyat yoldaşını itirəndən sonra başladığını söyləyir. Kafedə xadimə işləyən Sevinc xanımın arzusu uşaqlarını qayğısız böyütmək olsa da, buna nail ola bilmir:

“Həyat yoldaşımın 43 yaşı vardı. Beyninə qan sızdı, öldü, bizi başsız, kimsəsiz qoydu. Kafedən aldığım iki yüz manat məvacib heç nəyə çatmır. Uşağın dişi ağrıyır, imkan yoxdur ki, həkimə aparım. Buna yaşamaq demək olmaz, çox çətindir. Üstəlik, bunun əyin-başı, məktəb və testpulu var. Anamla, qayınanam az-çox köməklik göstərir. Onlar olmasa, qırılıb-batarıq. İki yüz manatla 3 uşağa heç nə edə bilmirəm”.

Böyük oğlunun 16, qızının 15, sonbeşiyinin isə 6 yaşı olduğunu söyləyən şikayətçi kafedə işləməklə yanaşı, bəzən evlərə gedib təmizlik işləri gördüyünü də deyir:

“Kafe işi daimi deyil, hər an çıxara bilərlər. Boş vaxtım olanda evlərə gedib təmizlik işləri görürəm. Bu da bəzən iki işlə alınmır, yoruluram. Kafedə gecə növbəsində 16:00-dan 23:00-a kimi işləyirəm. Uşaqlarıma görə bu saatlarda işləməyə məcburam. Ən kiçiyini məktəbə aparıb-gətirmək var axı, ona görə gecə növbəsi mənə əlverişlidir”.

Sevinc Əzizli deyir ki, Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsi tərəfindən verilən ünvanlı sosial yardım dayandırılıb. Şöbəyə gedib, səbəbini soruşanda, ona məhdudiyyət qoyulduğu bildirilib. Səbəb kimi isə həyat yoldaşı Əlihüseyn Əzizlinin vəfatının xəbər verilməməsi göstərilib:

“Həyat yoldaşım 2017-ci ilin iyununda vəfat edəndən sonra həmin ilin yanvarına kimi sosial müavinət almağa davam etdim. Lakin sonradan dayandırıldı. Xaçmaz Rayon Şöbəsinə getdim, mənə dedilər ki, həyat yoldaşınızın ölümü ilə bağlı xəbərdarlıq etməli idiniz. Ona görə də sizə ayrılan müavinət dayandırılır. Ailə başçısının ölümü haqqında onlara məlumat verməli olduğumu bilmirdim . İki dəfə getdim, maraqlandım, dedilər ki, məhdudiyyət götürülməsə mümkün deyil. 172 manat pul idi. Balalarımı ehtiyac içində böyüdürəm. İmkansızlıqdan 16 yaşlı oğlum yayda ofisiant işləyib evə kömək edir. Uşaqlar böyüdükcə, vəziyyət ildən-ilə çətinləşir. Dövlət öz vətəndaşına kömək etməlidir. Oğlum iki ildən sonra əsgər gedəcək. Əsgərlik yaşı çatanda, heç məndən soruşmayacaqlar, götürüb aparacaqlar. İndi dövlət kömək etsin, mən də heç olmasa, bu uşaqları normal böyüdüm, boya-başa çatdırım”.

Xaçmaz Rayon Sosial Sığorta Şöbəsindən Meydan TV-yə bildirdilər ki, təmsilçi vəfat etdiyi təqdirdə 3 gün ərzində bununla bağlı idarəyə məlumat verilməlidir:

“Şikayətçi həyat yoldaşının ölümü ilə bağlı məlumat vermədiyi üçün ailənin aldığı ünvanlı sosial yardım 2019-cu ilin fevralınadək dayandırılıb. Ailə tərkibi dəyişəndə, uşaq doğulanda, yaxud kimsə vəfat edəndə, 3 gün ərzində mütləq məlumat verilməlidir. Sevinc Əzizili həyat yoldaşının vəfatını deməyib, gecikdirib. Bu da məlumatın gizlədilməsi hesab olunur. Ona görə ünvanlı sosial yardım dayandırılıb. Məhdudiyyət aradan qalxdıqdan sonra təkrar müraciət olunarsa, ailənin sosial yardım almaq hüququna yenidən baxılacaq”.

Vəkil Əsabəli Mustafayev Meydan TV-yə deyib ki, Azərbaycanda ailə vəkili institunu formalaşdırmaq lazımdır. Həmçinin pulsuz hüquqi yardım sistemi təşkil olunmalıdır:

“Bütün dünyada belədir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Mümkündür ki, doğrudan da, həmin qadın xəbərdarlıq etməli olduğunu bilməyib, bundan məlumatsız olub. Hər halda, burada məntiqi düşüncə var, ailə üzvünün biri vəfat edibsə, ünvanlı sosial yardım kəsilməməlidir. Çünki ailənin vəziyyəti daha da ağırlaşıb.

Xarici ölkələrdə ailə vəkili, yaxud da pulsuz hüquqi sistemlər var. Bizdə bu sistem yoxdur. Pulsuz hüquqi sistem aylıq, yaxud illik gəliri müəyyən standartlardan aşağı olan adamlara verilir. Bunun üçün də ölkədə bəyannamə sistemi mövcud olmalıdır. Yəni hamı öz qazancı barədə bəyannamə verməlidir. Belə olan halda, xidmət göstərən vəkil bürosu, sistemdə baxacaq ki, bu şəxsin illik gəliri müəyyən olunmuş sistemdən aşağıdır və ona hüquqi pulsuz yardım təyin olunacaq. Bizdə bu sistem mövcud deyil. Azərbaycanda hələ ki, cinayət işlərində pulsuz vəkil təyin olunmaqla kifayətlənilir”.

Ana səhifəBölgə”Yoldaşım rəhmətə gedəndən bəri ət aldığımızı xatırlamıram”