Vəziyyətdən çıxış yolu artıq tək iqtisadi addımlarla mümkün deyil, mütləq hüquqi və siyasi islahatlar lazımdır
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) elan edib ki, İran altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə öz nüvə proqramı məsələsi üzrə razılaşmaların gerçəkləşdirilməsinə başlamaq üçün üzərinə düşən bütün şərtləri yerinə yetirib. Bu bəyanatdan sonra İran üzərindən sanksiyaların götürülməsi artıq məlum idi.
Bu xəbərdən dərhal sonra Avropa Birliyi, sonra da ABŞ sanksiyaların götürüldüyünü elan etdilər və bu, İran xalqı tərəfindən toy-bayram kimi qarşılandı.
Gəlin, əvvəlcə İranı tanıyaq
:
İran dünyada ərəzisinə və əhalisinə görə 17-ci ölkəsidir, 80 milyona yaxın əhalisi var, yüksək inkişaf potensialı olan iqtisadiyyata malikdir, dünyada qaz ehtiyatlarına görə birinci, neft ehtiyatlarına görə ilk beşliyə daxil olan ölkədir.
Sanksiyalar dövründə İranın infrstarukturu köhnəldi, amma indi geniş layihələrin həyata keçirilməsi üçün münbit şərait yaradılacaq.
İran əhalisinin 67 faizi gənclərdən ibarətdir, çox dinamik toplumdur. Enerji daşıyıcıları ehtiyatlarının həcmi çox böyük olduğundan, gələcəkdə gənc nüfuza arxalanan normal və böyük bir iqtisadiyyat qurmaq mümkün olacaq.
İlk addım kimi İranın sanksiyalar dövründə xarici banklarda olan 108 mlrd. dollar vəsaitinin geri dönüşü təmin ediləcək. Amma şərtlərdən biri də bu vəsaitin infrastruktur layihələrinə yatırılmasıdır. Artıq bunun ilkin nəticəsi də var: Tehran «Airbus» şirkətindən 114 təyyarə alır. Bu barədə ölkənin yol və şəhərsalma naziri Abbas Axundi məlumat verib. Nazir bildirib ki, ötən illər ərzində Qərbin sanksiyalarından ən çox zərər görən sahələrdən biri İran aviasiyası olub. Belə ki, bir çox təyyarələr ehtiyat hissələri probleminə görə uçuşlar həyata keçirə bilməyib. A.Axundi onu da bildirib ki, aviasiyanın modernləşdirilməsi və gücləndirilməsi İran hökumətinin prioritetlərindən biridir.
Avropanın bir çox iri şirkəti artıq İranla danışıqlara başlayaraq, yeni avtomobil zavodlarının, yeni elektrotexnika müəssisələrinin tikintisinə başlayıb.
Gələk əsas məsələyə, İranın dünyaya açılması uzun illər neft qiymətlərinin aşağı səviyyələrdə qalmasına xidmət edəcək. İranda 1 barel neftin əməliyyat xərcləri 4-6 dollar arası dəyişir ki, bu da həmin ölkəyə aqressiv şəkildə dünya neft bazarında yer tutmağa imkanlar yaradır. 2011-ci ildə İran dünya neft bazarından tam təcrid olundu, o zaman da neftin qiyməti kəskin artdı, OPEK-də olan kvotası başqa ölkələr arasında bölündü. Bu gün İran öz kvotasını və bazar payını geri almağa calışır və bunun üçün ciddi “discount” elan etməyə də razıdır. İranın günü bu gün bazara əlavə 500 min barel neft çıxartmağa imkanı var, yaxın 6 ayda daha 500 min barel – toplam 1 mln. barel əlavə neft bazara çıxacaq. Bu gün dünyada gündəlik neft istehlakı 91,5 mln bareldir. Amma artıq bu gün İranı nəzərə almadan gündəlik hasilat 93 mln. bareli keçib, yəni, İran faktoru olmadan da neft bazarında ciddi artıq təklif var idi, indi isə bu İran bu təklif artıqlığını daha da yuxarı çəkdi. Bu isə o deməkdir ki, hələ uzun illər neftin qiyməti çox aşağı səviyyələrdə qalacaq.
İranın qaz bazarına da aqressiv daxil olması gözlənilir, İran böyük poyensiala malikdir, yaxın 3 ildə hasilatı 300-350 mlrd. m3-ə qədər artıra bilər, bu həcmin də yarısına yaxınını bazara çıxartmaq istəyir.
İranın dünyaya açılması Azərbaycana da ciddi təsir göstərəcək. Gəlirlərinin böyük əksəriyyəti tək bir faktora – neftə bağlı olan ölkəmiz qiymətin düşməsindən dünyada ən çox əziyyət çəkən Venesueladan sonra 2-ci neft ölkəsidir. Milli valyutamız dəyərdən düşüb, insanların siyasi, iqtisadi və maliyyə sisteminə inamı çöküb, ölkənin gəlirləri azalır, azalmaqda da davam edəcək.
Azərbaycanın qaz layihələrinə bağladığı ümidlər də İranın açılması ilə suya düşmüş oldu. Çünki qaz qiymətləri neftə bağlıdır, getdikcə düşür, yenə də düşəcək, həm də Azərbaycanın dəryada bir damla olan 10 mlrd. m3-lik qaz ixrac potensialı İranın potensialının yanında heçə enir, əhəmiyyətini itirir.
Neftin qiymətinin uzun zaman 25-35 dollar arası olması ehtimalı çox böyükdür. Bu isə o deməkdir ki, manat növbəti dəfə (və ya dəfələr) dəyərdən düşəcək. Büdcə xərcləri azalacaq, iş yerləri qapanacaq, gəlirlər azalacaq, banklar bağlanacaq – bir sözlə, ölkəmizi ciddi iqtisadi, sosial və siyasi böhran gözləyir. Vəziyyətdən çıxış yolu artıq tək iqtisadi addımlarla mümkün deyil, mütləq hüquqi və siyasi islahatlar lazımdır. Sistem və idarəetmə dəyişikliyi olmalıdır.
P. S. İranın açılmasının ölkəmiz üçün müsbət cəhətləri də var. Bacarıqlı və işgüzar xalqımız bizim eybəcər sistemdə iş qura bilməsə də, İranda açılan fürsətləri dəyərləndirib iş quracaq, özünə iş tapacaq. Bir neçə ildən sonra artıq bizim ölkədə Rusiyadan gələn (son illər xeyli azalan) vəsait deyil də, İranda sadə vətəndaşların göndərdi valyuta dominant olmağa başlayacaq…