Yol polisinə tabesizlik göstərən sürücüyə külli miqdarda narkotik ittihamı

Yol polisi. Foto: DİN

DİN: “Rauf Qurbanovun avtomobilindən külli miqdarda heroin tapılıb”

Üç gün əvvəl – aprelin 28-də səhər saat 8 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yol polislərinə tabesizlik göstərən sürücüyə qarşı külli miqdarda narkotik satışı ittihamı irəli sürülüb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

1987-ci il təvəllüdlü Rauf Qurbanova Cinayət Məcəlləsinin  234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı Rauf Qurbanovun avtomobilindən külli miqdarda heroin tapılıb.

“Aparılmış araşdırmalarla Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib”, – hüquq-mühafizə orqanlarının açıqlamasında belə yazılıb.

“Youtube”da yayılan görüntülərdə “Toyota Prius” markalı avtomobilin sürücüsüylə yol polisləri aradında insident yaşandığı görünür.

Rauf Qurbanov və ya yaxınlarının bu ittihama münasibəti məlum deyil.

Ana səhifəSosialYol polisinə tabesizlik göstərən sürücüyə külli miqdarda narkotik ittihamı