Cəmil Həsənli: ”Yevda Abramov deputat kimi ölkədən çıxarılan 3 milyard dollara yaxın pula aydınlıq gətirsin”
“Kim ki, İraq Kürdüstanının “müstəqilliyini” Azərbaycanda dəstəkləyir, onların azərbaycanlı olmağına şübhəm var. Xahiş edirəm ki, onlar gedib qonşu ölkənin poliklinikasında qan analizi versinlər. Bildiniz də mən hansı ölkəni deyirəm”.
Bu sözləri “Modern.az”-a müsahibəsində millət vəkili Yevda Abramov deyib.
“Hansı ağıllı adam İraq Kürdüstanının “müstəqilliyini” dəstəkləyə bilər? Balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu, kimə lazımdır axı?! İraq Kürdüstanının “müstəqilliyi” Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyli Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatdırsınlar” – deputat vurğulayıb.
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov eyni zamanda hesab edir ki, Yaxın Şərq siyasətində “Müstəqil Kürdüstan” dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir:
“Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz. Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik. Türkiyənin barmağına toxunan tikan, Azərbaycanın barmağına toxunan tikandır. Separatizm çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir”.
Yevda Abramov Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqinə də münasibət bildirib:
“Müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir. Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Bunlar nə mitinqdir? Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qurtarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur”.
Millət vəkili parlamentin son iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətinin tənqid olunmasına da münasibət bildirib:
“Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürürsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu. Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik. ATƏT-ə, Minsk qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri Yerevana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq”.
Deputatın açıqlamasını Meydan TV-yə şərh edən Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Abramovun ifadə etdiyi narahatlıq 23 sentyabr aksiyasının hakimiyyəti silkələdiyini təsdiqləyir. Əks təqdirdə, Yevda Abramova nə düşmüşdü ki, mitinqlər barədə canfəşanlıqla söhbət edirdi?! Ola bilsin ki, hakimiyyətdə ağıl var, ancaq o ağılı ölkənin vəsaitlərini oğurlamağa sərf edirlər. Məsələn, oğurluqlarına elə bir düyün vurublar ki, açılmasın, sadəcə, informasiya texnologiyaları həmin düyünü açır.
Milli Şura sədri təklif edir ki, Yevda Abramov parlament üzvü kimi ölkədən kənara çıxarılan 3 milyard dollara yaxın pula aydınlıq gətirsin:
“Çünki bu vəsaitlər Azərbaycan xalqından və dövlətindən oğurlanıb. Abramov təcrübəli deputat olaraq sual verməli idi ki, Müdafiə, Fövqəladə Hallar, keçmiş Milli Təhlükəsizlik və Müdafiə Sənayesi nazirlikləri ofşor şirkətlərə niyə pul köçürüb. Deputatın hakim elitadan bu izahatı istəmək borcu idi”.
C.Həsənli təəssüflənir ki, deputatlar bu izahatlarla çıxış etmək əvəzinə mənasız açıqlamalar verirlər.
”Mitinq vətəndaşın konstitusion hüququdur. Əgər mitinq pisdirsə, dövlət niyə rəsmi şəkildə aksiyaların keçirilməsinə icazə verir? İcazə verməsinlər və Abramov kimilər də narahat olmasın”.