”Hakim 10 il iş kəsibsə, demək ki, tutarlı arqumentlər tapıb”
Oktyabrın 25-də 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun məhkəməsiylə bağlı iki deputat toplumtv.com-a açıqlama veriblər.
Meydan TV deputatların hökmlə bağlı mövqelərini təqdim edir.
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva gənc fəal Qiyas İbrahimovun məhkəməsindən məlumatsız olduğunu deyib:
“Mənim Qiyas İbrahimov barədə heç bir məlumatım yoxur. Bu məsələ ilə tanış deyiləm deyə heç bir münasibət də bildirə bilmərəm”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramov hesab edir ki, heç bir ölkədə heç kimi boşuna həbs etmirlər: “Mən də həbs oluna bilərəm. Əgər həbs olunubsa, demək, cinayət törədib. Hakim 10 il iş kəsibsə, demək ki, tutarlı arqumentlər tapıb. O, hüququ bitirib, botanikliyi bitirməyib. Həmin məhkəmə barədə də məlumatım yoxdur və mən hər məhkəmədə də oturub düzgün qərar çıxarılmasını izləmirəm”.
Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 11-də saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.
Gənclər işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər. Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə isə, Qiyas İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkarlanıb. Onunla birlikdə saxlanan Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edildiyi iddia olunur.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.
Gənclərin eks-prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi iddia olunur. Beynəlxalq təşkilatlar isə gənc fəalları “Siyasi məhbus” hesab edir.
Bayram Məmədovun işi isə hələ də davam edir.