Yerevana bizdən ərməğan

Hər il milyonlarla dollar gedir qonşulara

Source:


Hər il milyonlarla dollar gedir qonşulara

Gizli də olsa, pəsdən də olsa, amma Yerevanda xeyli adam bizim hakimiyyətə uzun ömür arzulayır. Hətta, mən deyərdim ki, Astvatsa yalvarıb dua edir ki, bunlar mümkün qədər Azərbaycanı idarə etsinlər. İş təkcə Qarabağı Ermənistana vermiş müdrik xarici və daxili siyasətlə bitmir, iş puldadır. O pulda ki, hakimiyyətimizin sayeyi-mərhəmətindən Bakıdan sivişib Yerevana çatır.

Hakimiyyətimiz rəngli inqilabdan qorxur. Qorxur ki, camaat ayağa qalxar, tökülər meydana, canından keçib qırılmağa razı olar, qırılar və nəhayətdə hakimiyyəti aşırar. Təbii ki, indikindən yaxşısı gəlməyəcək, çünki daha yaxşısı üçün zəmin yoxdur. Fəqət, camaat sadəcə indikindən qurtulduğuna bir müddət sevinəcək.

Hakimiyyət rəngli inqilabdan sonranı fikirləşmir, xalqa nə olacaq, olsun, canı cəhənnəm! Əsas odur ki, rəngli inqilab olsa, Azərbaycan adlı qəniməti hakimiyyətdən alacaqlar! Alsalar, onlar nə edəcək? Axı əllərindən heç nə gəlmir. Təkcə büdcəni talamağı bacarırlar. Onlara müyəssər yeganə büdcə Azərbaycan büdcəsidir. Başqası yoxdur, daha doğrusu, başqa büdcələrin sahibi var. Yaxın buraxmazlar.

Rəngli inqilaba yol vermək olmaz! Heç bir vəchlə! Odey, rus politoloqları, hansılar ki, hər seçkidə bizimkilərə təzə fırıldaq öyrədirlər, deyirlər ki, bu rəngli inqilabları QHT-lər təşkil edir. Onlar Rusiyada belə rəngli inqilaba yol verməmək üçün bütün QHT-ləri boğublar. Cürbəcür əndrəbadi qanunlar çıxarıblar ki, QHT-lər hakimiyyətin əyri işlərini açıb xalqa çatdıra bilməsin. Xalq gecə-gündüz Rusiya naminə qul kimi avar çəkən Putin haqqında televerilişlərə baxıb prezidenti sevsin.

Pusiyadan gələnlər həmin qanunlardan Azərbaycan hökuməti üçün də gətirib bağışlayıblar. Bizim əsl milli Milli Məclis də həmin qanunları milliləşdirib və qəbul edib. Bu təzə qanunların köməyilə bizim hakimiyyət Azərbaycan QHT-lərini boğub. İndi onlar ya leş kimi bihal sərilib qalıblar, ya da gedib hakimiyyətdən sədəqə alıb konstruktivləşiblər. Yəni nə rüşvəti, nə siyasi məhbusları, nə sifarişli məhkəmə qərarlarını, nə xalqın soyulmasını, nə gömrük oğurluqlarını, nə KQB quldurluqlarını, nə özünü yandıranları, nə damdan başıaşağı tullananları, nə özünü dənizə atanları, nə də boğazına kəndir keçirənləri – yəni heç nəyi görmürlər. Gördükləri yeganə şey ölkəmizin uğurlu daxili və xarici siyasətidir.

Hakimiyyət Azərbaycan QHT-lərini boğmaq üçün onlara xarici donorlardan qrant almağı mümkünsüz edib. Yəni elə şərtlər qoyub ki, onlara biz yalnız balaca uşaqlar üçün oxunan nağıllarda rast gəlirik: “Get ora, bilmirəm hara, gətir onu, bilmirəm nəyi…”

Bu donorlar da artıq 20 ildir Cənubi Qafqazda işləyirdilər, üçtərəfli – Azərbaycan, Ermənistan və Gürcüstan – layihələr həyata keçirirdilər. Hər il on milyonlarla dollar və avro ölkəmizə gəlib xərclənirdi, hakimiyyətin açdığı bir milyon beş yüz min iş yerinə əlavə olaraq bir neçə yüz həqiqi iş yeri əlavə edilirdi, ictimai fəallar heç vaxt milli dəyərlərimizə dəxli olmamış sülh və demokratiya, insan haqları dərsi öyrənirdilər və əhaliyə də öyrədirdilər.

Hakimiyyət rəngli inqilabla mübarizəyə başlayandan və yerli QHT-lərə xaricdən pul almağı qadağan edəndən sonra donorlar qaldılar mat-məəttəl. Axı işləmək lazımdır. Pul ayrılıb, onu xərcləyib sonra onun hesabatını vermək lazımdır. Nə etsinlər? Bu sualın cavabını qonşu xalqın nümayəndələri verdilər: “Ötürün bizə. Bizim hakimiyyət rəngli inqilabdan qorxmur, hərçənd ki, elə Azərbaycandakılar kimi, xalqı qarət edir və büdcəni basib yeyir”.

Xarici donorlar da naəlac qalıb pulu ötürdülər Yerevana. Hər il milyonlarla dollar gedir qonşulara. İndi erməni QHT fəalları bizim hakimiyyətin canına dua etməsin, nə etsin?

Bizim hakimiyyətin başbilənlərinə bir nəfər də demədi ki, rəngli inqilabın həqiqi dərmanı əməli-saleh olmaqdır. Ukrayna xalqı Yanukoviçi ona görə devirmədi ki, Amerika Ukrayna vətəndaş cəmiyyətinə iyirmi il ərzində 5 milyard dollar xərcləmişdi və Viktoriya Nuland Maydana gəlib nümayişçilərə isti piroşki paylamışdı. Yox! ABŞ 50 milyard dollar xərcləsəydi belə,bunun təsiri olmazdı, əgər Yanukoviç kimi dövlət başçısı ətrafındakı oğru dəstəsi ilə dövləti talamasaydı. Xalq bezmişdi. Bir xalq papaq oğrusuna bir il dözər, iki il dözər, axırda səbri tükənər.

İndi bizdə də gömrük və vergi oğrularına bir il dözərlər, on il dözərlər, amma gün gələr, xalq ayağa qalxar və deyər ki, bəsdir! Onda da məlum olar ki, rəngli inqilabları QHT-lər deyil, fərsiz və vicdansız hakimiyyətin özü hazırlayırmış.

Ana səhifəXəbərlərYerevana bizdən ərməğan