Parlamentdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi II oxunuşda müzakirə edilib
“Tovuzun elə kəndləri var ki, hələ də 70 faizində qaz var, 30 faizində yoxdur. Hər il bu problemi qaldırırıq, deyirlər ki, növbəti ilə həll olunacaq”.
Milli Məclisdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deputat Qənirə Paşayeva bildirib.
O qeyd edib ki, vətəndaş qışda evi qızdırmaq üçün elektrik enerjisindən istifadə edir, elektrik xətləri isə bu yükə hesablanmayıb:
“İlk öncə bu problemi həll etməliyik. Qovlarda 9 ailəyə hələ də elektrik verə bilmirik, elektrik xətləri uzaqdadır, vətəndaşa elektrik enerjisinin evində verilməsi təmin olunmalıdır. Mənə müvafiq qurumlardan deyirlər ki, 500 metr məsafəyə elektrik xətti çəkməliyik?”
Sayğaclar kimin hesabına dəyişdiriləcək?
Deputat Vahid Əhmədov bildirib ki, gələn il qüvvəyə minəcək qanunda nəzərdə tutulan “ağıllı sayğac”lar hazırkı sayğaclardan nə ilə fərqləndiyi və bütün sayğacları “ağıllı sayğac”larla əvəzlənib-əvəzlənməyəcəyi məsələlələri açıq qalır.
“Sayğaclar “ağıllı sayğac”larla əvəzlənəcəksə, vətəndaşın deyil, dövlətin hesabına dəyişdirilməlidir. Ümumiyyətlə, sayğacların dəyişdirilməsi üçün nə qədər vəsaitin lazım olduğu hesablanıbmı?”
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qanun layihəsində məcburi enerji auditinin 3 ildən bir aparılmasının nəzərdə tutulub:
“Bu müddət azaldılmalıdır. Layihədə “ağıllı sayğac”ların zədələndiyi və dəyişdirilməsi zərurəti yarandığı halda bunun təchizatçı qurum tərəfindən təmin olunması əksini tapmalıdır”.
Deputat Aydın Hüseynov “ağllı sayğac”ların dəyişdirilməsinin istehlakçı və ya təchizatçı deyil, sərbəst bir qurum tərəfindən həyata keçirilməsini təklif edib: “Qanun layihələrində tez-tez Avropa standartlarının adını çəkirik. Ancaq dünyada elə standartlar var ki, Avropadan da yaxşıdır. Ona görə də dünya təcrübəsini, standartlarını qeyd etsək yaxşıdır”.
“Rayonlarda insanlara kreditlər vermək lazımdır”
Deputat Fazil Mustafa bildirib ki, sayğacların dəyişdirilməsi zamanı əsas məsələ şəffaflıq, dövlət vəsaitinin səmərəli istifadəsidir.
“İstehlakçı nə qədər enerji istəyəcəksə, o qədər enerji ilə də təmin etməlisən. Yoxsa qanunda bina üçün hansısa həddin müəyyənləşdirilməsinə nə ehtiyac var? Qobustan yolunda külək enerjisi üçün guya avadanlıqlar quraşdırılıb, altındakı generatorlar söndürülüb. Yaxud Günəş panelləri elə yerdə quraşdırılıb ki, onları toz basıb, oradan nə enerji alınacaq? Əsas məsələ odur ki, istehlakçıya keyfiyyətli xidmət göstərilsin, vəsaitlər də mənimsənilməsin”.
O əlavə edib ki, fərdi olaraq günəş panelləri quraşdıraraq alternativ bərpa olunan enerji mənbələrindən istifadə edə bilmələri üçün rayonlarda insanlara kreditlər vermək lazımdır.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanunu tamamlayan yeni bir qanun layihəsinin parlamentə daxil olacağını bildirib: “Energetika haqqında yeni qanunda bir sıra məsələlər əksini tapacaq”.
"Ağıllı sayğac”lar gəlir
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
8 fəsil, 23 maddədən ibarət sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.
Sənəddə qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.
Ağıllı sayğac – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.